adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 00:12
10028
GÜNDƏM
A- A+

Maraqlı şəxslər və hadisələr

Ələmdar Məmmədov
Təqaüddə olan Baş ədliyyə
müşaviri
(əvvəli ötən saylarımızda)

Yaxın qohumlarım və dostlarımın təkidi ilə Abbas müəllimdən CM-nin 208-ci maddəsinin 2-ci hissəsi ilə(avtoqəza) təqsirləndirilən Nadir adlı şəxsə 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdim. Abbas müəllim razılaşmadı. Aradan 15 -20 gün keçmiş xahişçilər yenə gəldilər. Dəfələrlə demələrinə baxmayaraq mən təkrar xahiş etmədim. Nəhayət, bir gün Abbas müəllim zəng edərək dedi:
- İmişlidən mənim dostum Hüseynov Nəcəfqulu yanımdadır, səninlə görüşmək istəyir. Mən məhkəməyə getdim, Nəcəfqulu əmi ilə görüşüb-öpüşdük. Bir xeyli söhbət etdikdən sonra Nəcəfqulu əmi dedi:
- Bütün respublika Abbas müəllimdən o avtoqəza işinin xahişini edir,amma o deyir ki, məndən ilk xahiş edən oğlan, yəni sən deməsən ona 5 il cəza verməyəcək. Mən razılığımı bildirdim.

Haşiyə

Deyirlər elmi,biliyi, imanı ilə hamının hörmətini qazanmış məşhur bir din xadimi hər gün onlarla adamı qəbul edib, yüksək hörmətlə yola salırmış.Qonaqlar gedəndən sonra da oturuş-duruş tərzini dəyişməzmiş.Bir gün həyat yoldaşı alimə deyir:
-Ay kişi,bütün günü imtahan qəbul edən müəllim kimi oturub gəlib gedənlərlə söhbət edirsən.Qonaqlar gedəndən sonra da eyni qaydada oturursan.Heç olmasa tək olanda qolunu-qıçını uzat,rahat otur.Alim deyir:
-Arvad,onlar məni özlərindən üstün bildikləri üçün yanıma gəlirlər.Mən onlara hörmət əlaməti olaraq belə otururam.Bəs özümə niyə hörmət etməməliyəm.
Bu misalı ona görə gətirirəm ki,insan öz-özünə hörmət etməsə başqaları ona hörmət etməz.Abbas müəllim mənim-gənc bir adamın xahişini rədd etdiyi üçün,yüksək ranqlı şəxslərin də xahişini qəbul etməmişdi.
Yuxarıda qeyd etdiyim kimi, Abbas müəllim 8 il İmişlidə xalq hakimi işləmişdi. O, dayımla ilk tanışlığını həvəslə danışardı. Abbas müəllimin dediklərindən:
- İmişlidə təzə işə başlamışdım. Rayonda Nəcəfqulu Hüseynovdan başqa heç kimi tanımırdım. Bir gün Nəcəfqulu dedi ki, Mirzəyev Vəli adlı yaxın dostumu səninlə tanış etmək istəyirəm.
Səhərisi günü Nəcəfqulu dostu Vəli ilə məni tanış etdi və bir süfrə arxasında oturmalı olduq. İlk tanışlıqdan sonra Nəcəfqulu mənə müraciətlə dedi:
-"Sudya", qonşu qonşunun toyuğunu öldürsə onu bağışlayarmı? Mən Nəcəfqulunun baməzəliyini bildiyimdən, əsla bağışlamaz, dedim. Nəcəfqulu:
- Sovet hökuməti Vəlinin atasını öldürüb. İndi o, partiyaya keçməyə hazırlaşır. Bunun qəlbi sovet hökuməti ilə barışarmı? Nəcəfqulu zarafatla dediyi sözü qurtarmamış Vəli hər iki yumruğunu stola çırparaq məclisi tərk etdi.Səhərisi gün yanıma gəlib üzrxahlıq etdi. Abbas müəllim mənə xüsusi qayğı ilə yanaşırdı.Partiya üzvülüyünə qəbul olunmağımın təşəbbüskarı və təşkilatçısı da o olmuşdu.
Keçən əsrin 70-ci illərində Abbas müəllimə ağır itki üz verdi.Kiçik oğlu Ramiz Rusiyada faciəli şəkildə vəfat etdi.Nə qədər ağır olsa da Abbas müəllim bunu hiss etdirməməyə çalışırdı.
Abbas müəllim olduqca maraqlı müsahib idi.O,dövrün etibarsızlığını qəribə məntiqlə izah edərək deyirdi ki,əvvəllər qonaq gələndə evə aparıb duz çörək kəsərdik.İndi gələn qonağı yeməkxanaya apardığımızdan diz-çörəyin dəyəri qalmayıb.
Qarabağda yaşlı insanlar Abbas müəllimin atası Mahmud bəyi yaxşı xatırlayırdılar.Mahmud bəy savadlı,ağıllı adam olmuşdu.Bolşeviklər Azərbaycanda hakimiyyətə gələndə o, bütün var dövlətini kasıblara paylamış, qalan hissəsini də dövlətə vermişdi.1950-ci ildə Səfərəliyev rayonunun xalq hakimi işləyəndə Abbas müəllimin atasının bəy olması barədə MK-yə imzasız məktub daxil olur.M.C.Bağırov Mahmud bəyi şəxsən tanıdığına görə onu müdafiə edir.
1982-ci ildə rayondakı müəyyən qüvvələrin səyi nəticəsində Abbas müəllim seçkiyə buraxılmadı.O,bir il Ədliyyə Nazirliyində işlədikdən sonra təqaüdə çıxdı.
Yenə məni aldatdı

AYDIN BAYRAMOV
Aydın Bayramov. 1940-cı ildə Zaqatala şəhərində anadan olmuş, 1980-1990-cı illərdə Qazax rayon məhkəməsinin,1990-2000-ci illərdə Zaqatala rayon məhkəməsinin sədri işləmişdir.
1992-ci ilin mart ayında Zaqatala rayon prokuroru vəzifəsinə təyin edildim. Aydın Bayramovla tanışlığımız həmin vaxtdan başladı.Əvvəlcədən deyim ki,işlədiyimiz beş il ərzındə aramızda ciddi fikir ayrılığı,münaqışə baş vermədi.Tezliklə yaxın dost olduq.İşlədiyim və tanıdığım hakimlər içərisində yeganə adam idi ki,nəinki hökmü,hətta qətnaməni də həmin gün yazar,heç vaxt bu günün işini sabaha qoymazdı.
İstirahəti və həyatdan zövq almağı bacaran adam idi.Doğulub boya- başa çatdığı Zaqatala təbiətinin vurğunu idi.Şənbə, bazar günləri onu tapmaq müşgul məsələydi.Çox duzlu ,ləzzətli aforizm və lətifələrlə dolu söhbətləri var idi.Lakin bir hadisədən danışanda həmişə çöhrəsi tutular və kədərlənərdi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə yenidənqurmanın gətirdiyi demokratik təsisatlara uyğun olaraq, namizədlər çox yerlərdə alternativ əsaslarla qeydə alınırdı. Azərbaycanın iki tanınmış ziyalısı,akademik İmam Mustafayev və professor,hüquq fakültəsinin "Dövlət və Hüquq nəzəriyyəsi" kafedrasının müdiri Məsmə Məlikovanın namizədliyi alternativ əsaslarla Zaqatala dairəsində qeydə alınmışdı.Aydın müəllim Məsmə Məlikovanın vəkili idi.(Onun qardaşı Elman Bayramov həmin karedrada dosent idi.)Zaqatala mədəniyyət evində görüş- debat təşkil olumuşdu.Xəbər gəlir ki,İmam Mustafayev xəstə olduğu üçün görüşdə iştirak edə bilməyəcək.İclas başlayır.Söz M.Məlikonanın vəkili Aydın Bayramova verilir.Aydın müəllim Məsmə xanımın elmi nailiyyətlərindən,pedaqoji fəaliyyətindən danışaraq seçiciləri Məsmə Məlikovaya səs verməyə dəvət edir.Çıxışının sonunda "bir az da qabağa gedərək" deyir:
-Görürsünüz də Məsmə xanımın opponenti qoca və xəstə olduğu üçün heç görüşə də gəlməyib.
Bu zaman iclas başladıqdan sonra gəlib, arxa sıralarda oturmuş akademik İmam Mustafayev ayağa qalxaraq özünə məxsus gur səslə deyir: -Mən buradayam,sağlamam,yaşım çox olsa da, qoca deyiləm və debata hazıram.Aydın müəllim çıxılmaz vəziyyətdə qalır və pərt olur. Seçkidə hər iki namizəd,necə deyərlər,"qutuda qalır" və seçkinin nəticələri ləğv olunaraq təkrar seçkilər keçirilir.
Aydın müəllim həmişə deyərdi ki,həmin dövrün rəhbərləri nomenklatur düşüncə tərzindən çıxa bilməyən fərsiz insanlar idi.Məgər 450 nəfərlik parlamentdə bu iki böyük Azərbaycan ziyalısına yer tapmaq olmazdımı? Onların namizədliyini eyni dairədən qeydə almağa nə ehtiyac var idi?
Haşiyə: 1990-cı ilin parlament seçkilərində həmin vaxt Moskva şəhərində yaşayıb,işləyən professor Əhliman Əmiraslanovun namizədliyi Cəlilabadın dağ kəndlərini əhatə edən dairədən qeydə alınmışdı.Eyni dairədən sağıcı qızın namizədliyi də irəli sürülmüşdü. Seçki bazar günü keçirilməli idi.Həftənin 5-ci günü həmin ərazidə yerləşən sovxozlardan birinin direktoru yanıma gəlmişdi.Bir qədər söhbətdən sonra seçkiyə hazırlığın vəziyyətini soruşarkən, təəccübdən quruyub qaldım. Partiya rəhbərliyinin tapşırığına əsasən təbliğat sağıcı qızın xeyrinə aparılmışdı.Tez RİK-nin sədri Tofiq Bağırova zəng etdim.Tofiq müəllim sağlam və müasir düşüncə tərzinə malik adam idi.Bundan sonra Əhliman Əmiraslanov cüzi üstünlüklə seçkidə qalib gələ bildi. O gün də, bu gün də Əhliman müəllimlə şəxsi tanışlığım olmayıb.
O,sadəcə olaraq mənim üçün heç bir arxası olmadan yad ellərdə öz zəhməti,ağlı və zəkası ilə ucalan vətən oğlu idi.
Aramızda yaş fərqi olsa da, Aydın müəllimlə səmimi dostluq münasibətimiz və zarafatımız var idi.
Bir bazar günü Aydıngilə getdim.Onun evi çay kənarında,mənzərəli bir yerdə yerləşirdi.Həyətdə bir qədər tennis oynadiqdan sonra Aydın dedi:
-Yaxşı konyakım var,amma mamadan qorxuram.Mənə həyətdə içki içməyi qadağan edib.Aydin müəllimin anası yarım əsr pedoqoji fəaliyyətlə məşğul olmuşdu və hazırda təqaüddə idi.Aydin konyakı gətirdi.Şüşə boşalan vaxt anası 2-ci mərtəbədə göründü:
-Ələmdar,xoş gəlmisən, ay oğul ,evə niyə çıxmırsınız?
-Aydın deyir ki,mama evdə içməyə icazə vermir.
-Əlbəttə,nəinki evdə, heç həyətdə də içmək olmaz!
Konyak şüşəsini götürub mamaya ğöştərdim.
-Bax bu şüşəni Aydınla boşaltmışıq.
Mama:
-Aydın, ayıb olşun sənə!Ha indi mənim şözümü heçəmi sayırsan?!-Deyib hirslə qapını çırpdı.
Aydın qəbahət işləmiş 1-ci sinif şagirdi kimi başını aşağı salıb dayanmışdı. Onunla birlikdə bu halın təkrarlanmayacağı vədi ilə mamanın könlünü ala bildik.
Mən bu məsələni təsadüfən yada salmıram.15 il məhkəmə sədri işləmiş,53 yaşlı kişinin anasının qarşısında müti uşaq kimi dayanması ən yüksək əxlaqi dəyərdir.
Qış ayı idi.Çoxlu qar yağmışdı.Gecə saat 3 radələrində Aydın müəllim mənə milis şöbəsindən zəng etdi":Bu milis işçiləri işləmir.O qədər fərsizləşiblər ki,məhkəmə sədrinin maşınını da oğurlayırlar?!Tez milis şöbəsinə gəl!"
Mən milis rəisi ilə əlaqə saxladım.Milis rəisi təmkinlə dedi:
- Bütün şəxsi heyəti qaldırmışam.Nəticəsini Sizə bildircəyəm.
Yarım saat keçməmiş milis rəisi maşının tapıldığını bildirdi.
Aydingil dostlarının birinin evində toplaşırlar. Gecə saat 03 radələrində dağılışarkən, Aydin müəllim maşını tapa bilmir. Bərk qar yağdığndan küçəni səhv salır və maşının oğurlandığını güman edib,hay-küylə milis şöbəsinə gəlir.
Yuxarıda dediyim kimi, yoldaşlıq zarafatımız var idi.İş elə gətirmişdi ki,hər il aprelin birində onu "aldadırdım".
1997-ci ilin mart ayında Zaqatala rayon prokuroru kimi beş illik konstitutsiya müddətimin başa çatması ilə əlaqədar komissiya fəaliyyətimi yoxladı və 31 martda qonaqları yola saldıq.Səhərisi günü aprelin 1-də günorta radələrində zəng edərək dedim:-"Aydın müəllim,qonaqların ikisi qayıdıb, gəl gedək onlarla nahar edək". "Ha, onlar dünən getmədilərmi, indi nə istəyirlər"?-Deyə narazılığını bidirdi və 10 dəqiqə keçməmiş içəri girdi.Başının işarəsi ilə qonaqları soruşdu.Mən də başımın işarəsi ilə arxa tərəfi,istirahət otağını göstərdim.İstirahət otağını boş görəndə dedim:
-Aydın müəllim, bu gün ayın neçəsidir?
Pah atonnan, bu dəfə də məni aldatdın!
Bir aydan sonra Goranboy rayon prokuroru vəzifəsinə təyin edildim.Növbəti ilin aprel ayının birində kabinetimdən Aydın müəllimin iş otağını yığdım.Salamlaşan kimi sevinçlə soruşdu:
-Ha qardaş,haradasan?
-Dedim burada.
-Kimin yanındasan?
-Rafail müəllimin.
-Ha bu saat gəlirəm deyib, dəstəyi asdı.Təkrarən zəng etdim-çavab vermədi.Katibəsinə zəng etdim.Katibə dedi ki,indiçə çıxdı,deyəsən icra hakimiyyətinə getdi.İcra hakimiyyətinin başçısı Rafail müəllimin teiofonunu yığdım.Kabinetin iclası gedirdi.Əhvalatı Rafail müəllimə danışdım.Aydın müəllim qapını açıb qonağı, yəni məni soruşur.Rafail müəllim deyir:
-Aydın müəllim, bu gun aprelin biridir!
Aydın müəllim iki əli ilə dizinə vurur.

Mirzəyev Sədr Səməd oğlu

1933-cü ildə Lerik rayonunun Kələxan kəndinə anadan olmuş, 1957-ci ildə ADU-nun hüquq fakultəsini bitirərək DİO-na təyinat almış, 1965-1972-ci illərdə Saatlı, 1972-1987-ci illərdə Cəlilabad RMŞ-in rəisi vəzifəsində işləmişdir.
Prokuorluğun işi milis (polis) şöbəsinin işi ilə həmişə sıx əlaqədə olmuşdur. Rayonlarda çalışdığım illərdə 12 milis (polis) rəisi ilə işləmişəm. Onların hər biri haqqında söz demək olar. Lakin Sədr Mirzəyev bir çox cəhətlərinə görə hamıdan seçilirdi. Əvvəla hakim və prokurordan fərqli olaraq milis rəisi vəzifəsi işin xüsusiyyəti və ağırlığı baxımından uzun ömürlü olmur. Sədr Mirzəyev 22 il fasiləsiz milis rəisi işləmişdi. Məhi Quliyevdən sonra 20 ildən artıq milis rəisi işləyən ikinci adam idi. Sədr Mirzəyevi 1977-ci ildən tanıyırdım. Tələbə yoldaşım və yaxın dostum İdris Əliyev onun böyük qızı ilə evlənmişdi. 1985-ci ilin mart ayında məni Cəlilabad rayon prokuroru vəzifəsinə təyin etdilər və həmin vaxtdan prokuror-rəis münasibətimiz başladı. Sədr Mirzəyev hündürboylu, görkəmcə zəhmli bir adam idi. Hüquqi cəhətdən savadlı və əvəllər müstəntiq kimi fəaliyyət göstərdiyinə görə, onunla işləmək nisbətən asan idi. Sədr müəllimi digərlərindən fərqləndirən başqa bir cəhət də ədəbiyyata, poeziyaya bağlılığı idi. Xüsusilə Nizami yaradıcılığının vurğunu idi. Həddindən çox lətifə və aforizmlər bilir və yerli-yerində işlətməyi bacarırdı.
(ardı gələn sayımızda)