adalet.az header logo
  • Bakı 16°C
20 Fevral 2019 14:04
8898
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SOĞANIN QİYMƏTİ KƏLLƏ-ÇARXA ÇIXIB

Ötən ilin payızında soğanın bir kiloqramının qiyməti Ağdamda, Bərdədə, Beyləqanda 10-15 qəpik idi. Hətta tarlaya gedib alanda o daha ucuz çıxırdı. Yəni kiloqramı 5-6 qəpik olurdu. Ötən ilin payızında rayondan qayıdanda 35 kiloqramlıq bir kisə soğana 7 manat pul verdik. Və soğan satanlar da deyirdi ki, qardaş, malımız əlimizdə qalıb, alıcı tapa bilmirik. Belə getsə, soğanımızın hamısı çürüyəcək.

Min bir əziyyətlə fermerlərin, sahibkarların rayonlarda yetişdirdikləri soğan qiymətdən düşmüşdü və sahibləri qalmışdılar çıxılmaz vəziyyətdə. Bir müddət keçdi, hansısa monopolist qısa zaman kəsiyində kiloqramı 5-3 qəpik olan soğanın hamısını ələ keçirdi. Əvvəlcə onun kiloqramını 30 qəpiyə qaldırdılar, sonra 40 qəpiyə oldu, bir az da keçəndən sonra 60 qəpiyə çatdırdılar.

Monopolistlər gördülər ki, balam, qaz vurub qazan doldururlar, kiloqramı 5-3 qəpiyə aldıqları soğanı 60 qəpiyə satırlar və camaat da bəh-bəhlə alır, ağızlarında şirə yeri qaldı. Yəni bir addım da irəli gedib onu 80 qəpiyə çatdırdılar. İndi Bakının əksər bazarlarında və tərəvəz mağazalarında soğanın bir kiloqramının qiyməti 80 qəpik, bir manat arasındadı. Və qəribədir ki, soğanın qiymətinin kəllə-çarxa qalxması camaatın qanını qaraltsa da, onun alveri ilə məşğu olanların ovqatını yüksəldir.

Hansı bazara baş çəkirsənsə, orda qəribə mənzərə görürsən: topdansatış yerlərində soğan kisələri tayalara yığılıb. Yəni soğan tayası yaranıb. Və bu soğan tayasını da yaradanlar yəqin yüksək vəzifəli məmurlara yaxşı tanışdır. Artıq Bakıda bazar və dükanlarda elə bir mühit yaranıb ki, soğan satışı ilə məşğul olan inhisarçının diqtəsilə hər yerdə qiymətlər eynidir. Yəni hansı bazara getsən kiloqramı 80 qəpik, 1 manatdan aşağı soğan ala bilməzsən. Ən yaxşı halda, onun kiloqramını 60-70 qəpiyə tapa bilsən min şükür! Tapa bilməsən də deməli, hər şey vahid əldə birləşdiyinə görə, baha qiymətə almalı olacaqsan.

Bu cür soğanı çox saxlamaq mümkün olmayacaq. Uzağı martın 10-dan sonra havalar bir qədər istiləşəndə tayalara yığılmış soğanlar cücərməyə başlayacaq. Bax, onda da yenə monopolistlər məcbur olub onu aşağı qiymətə satacalar və təzə soğan çıxdığına görə, cücərmiş, çürümüş soğanları alan olmayacaq.

Biz hər şeyin monopoliyasını görmüşdük: kartofun, almanın, pomidorun, xiyarın, kökün... Ancaq soğanın monopoliyasını görməmişdik. Axır ki, uzun əllər soğanı da öz nəzarəti altına keçirdilər və baha qiymətə satmağa başladılar. Daha doğrusu, süni surətdə bahalıq yaratdılar. Süni bahalığın qarşısını isə istehlakçıların hüquqlarını müdafiə etməli olan İqtisadiyyat Nazirliyi almalıdır. Və İqtisadiyyat Nazirliyinin də nə qədər əməkdaşları var. Onlar zəhmət çəkib bazarlara getsinlər və görsünlər ki, süni bahalaşma yaradanlar camaatın başında necə turp əkirlər.

Biz hər şeyin həllini cənab prezidentdən gözləyirik. Amma çox nahaq yerə! Prezidentin o qədər qayğısı var ki. Bəs onda bu nazirliklər nə üçündür? Bir dəfə yumurtanın qiymətini qaldırmışdılar. Cənab prezidentin tapşırığından sonra tez bir vaxtda da qiyməti aşağı saldılar. İndi də soğanın qiymətini məgər prezident aşağı salmalıdır? Bəs onda İqtisadiyyat Nazirliyi nə üçün fəaliyyət göstərir? Tək soğan deyil, bir çox kənd təsərrüfatı məhsullarının, o cümlədən ərzaq mallarının da qiyməti bəzi hallarda süni surətdə artırılır.

Düzdür, bu barədə Azad İstehlakçılar Birliyi lazımi addımlar atır. Amma onların da səsini eşidən yoxdur. Deməli, dövlət qurumları özləri süni yaradılmış qiymət artımının qarşısını almağa borcludular. Bizə elə gəlir ki, soğanın da qiymətini süni surətdə qaldırıblar. Ancaq süni artım varsa, bunun da qarşısını birmənalı olaraq İqtisadiyyat Nazirliyi almalıdır. Əks təqdirdə, bu sükütu görən işbazlar nənki soğanın, eləcə də digər məhsulların qiymətini süni surətdə artırmaqda davam edəcəklər.