adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Fevral 2019 11:46
17304
KRİMİNAL
A- A+

Narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb

Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib, narkotik vasitələrin dövlət sərhədindən qeyri-qanuni gətirilməsi cəhdinin qarşısı alınıb.

DSX-dən Adalet.az-a verilən məlumata görə, 7 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində həyata ke­çirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu­nun ərazisində dövlət sərhədindən narkotik vasitələrin qeyri-qa­nuni gətirilməsi cəhdinin qarşısı alınarkən Masallı rayon sakini 1994-cü il təvəllüdlü Nəzirli Cavad Fikrət oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr "heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olu­naraq götürül­üb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət apa­ran sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən sahildə kolluq­ların arasında gizlədilmiş halda 1 kq 85 qr "heroin” aşkarlanaraq götü­rül­üb.

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.