adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 Fevral 2019 00:58
4872
GÜNDƏM
A- A+

Musa Urudun şeirlər kitabı ingilis dilində


"Mütərcim" Nəşriyyat Evi tanınmış şair Musa Urudun şeirlər kitabını ingilis dilində çapdan buraxıb. "Sevgiyə aparan yol" (The Way To Love) adlanan kitaba şairin son illər qələmə aldığı 33 şeiri daxil edilib. Şeirləri ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitab ingilisdilli oxucular üçün nəzərdə tutulub. Tərcüməçi kitaba ön söz də yazıb.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Musa Urud müasir poeziyamızın istedadlı nümayəndələrindən biridir, o, həm də millət vəkilidir. Onun şeirlərinin əsas mövzusu Vətən, torpaq sevgisi, yurd həsrətidir. Bu da təsadüfi deyil. Musa Urud Qərbi Azərbaycanda, Zəngəzur qəzasının Qarakilsə rayonunun Urud kəndində anadan olub. Bu yerlərdə onun atası, anası, babaları, ulu babaları əsrlərlə yaşayıblar; ermənilər 1988-ci ildə bir milyondan çox azərbaycanlını doğma tarixi torpaqlarından qovublar. Musa Urudun ailəsi də məcburi deportasiya edilmiş ailələrdən biridir...
Ön sözdə bu məlumatlarla yanaşı, Musa Urudun Azərbaycan poeziyasında yeri və rolu barədə də əcnəbi oxuculara qısa məlumat verilir. Qeyd edilir ki, şairin şeirlərində əsas yeri həyat lövhələri və doğma yurdunun təbiət mənzərələri tutur; ənənəvi şeirin forma və metodlarına sadiq qalan Musa Urudun poeziyası yeni cərəyan və dəblərdən uzaqdır və o, sırf milli şairdir. Musa universal klassik mövzulardan yazan şair kimi həm də müasirdir, portret təsvirlərində xalqın canlı danışıq dilinə bağlıdır.
Kitaba daxil edilmiş poetik şeirlərin əksəriyyəti sərbəst vəznlidir, burda tipik yeni ədəbi nümunələr var. Bütün bunlarla yanaşı, şeirlərin açarı "bir parça Vətən torpağı"dır ki, şair bunu həyatının əsas ağrısı və sevgisi adlandırır. Şairin Vətənə, Həyata, İnsana, Dostlara, Ailəyə, Dünyaya... sevgisi poetik fikirlərlə zəngindir. "Bir parça Vətən torpağı" (A Piece of Homeland), "Mən bir tənha ağacam" (I am a Lone Tree), "Alma ağacı" (The Apple Tree), "Salam, Türkiyə!" (Hello, Turkey!), "Yol ayrıcında" (At the Crossroad), "Ölüm mələyinə məktub" (Letter to Angel of Death), "Su mələyi" (The Water-Nymph) və s. nümunələr bu qəbildəndir. İngilis dilində çap olunan bu toplu "Mütərcim" Nəşriyyat Evinin "Müasir Azərbaycan poeziyası" seriyasından olan sayca on ikinci kitabıdır.

Tələbə yataqxanalarının təmirinə
başlanılmışdır

Məlum olduğu kimi, azğın qonşularımız tərəfindən soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edilməsi nəticəsində minlərlə məcburi köçkün və qaçqın ailəsi şəhərimizin tələbə yataqxanalarında məskunlaşmışdılar. Bu yaxınlarda Dövlətimizin diqqət və qayğısı sayəsində şəhərimizin girəcəyində onlar üçün müasir standartlara uyğun yeni şəhərcilik istifadəyə verilmişdir.
Bu ilin ilk günlərindən Gəncə Dövlət Univeritetinin dörd beşmərtəbəli yataqxanasında əsaslı təmir işlərinə başlanılmışdır. Beşmərtəbəli binaların 3-nün Dövlət büdcəsi hesabına əsaslı təmir olunması nəzərdə tutulmuş və lazımi vəsait ayrılmışdır. Digər tələbə yataqxanasının təmir edilməsi Türk Əməkdaşlığı Koordinasiyası Agentliyi tərəfindən icra olunması nəzərdə tutulmuşdur. Əsaslı təmir ediləcək tələbə yataqxanasının 3-ü 1967-ci ildə, biri isə 1972-ci ildə istifadəyə verilmişdir.
Ötən bu illər ərzində binalar təmir edilməmişdir. 1993-cü ildən isə yataqxanalarda kəlbəcərli qaçqınlar məskunlaşmışdılar. Bu günsə həmin yataqxanalar əsaslı və müasir üslubda təmir edildikdən sonra tələbələrin istifadəsinə veriləcəkdir. Bundan sonra dünya dövlətləri çərçivəsində ali məktəblər arasında tələbə mübadiləsi proqramı qüvvəyə minəcəkdir. Yaxın günlərdə yataqxanaların ərazisində əsaslı təmir işləri aparılması üçün planlaşdırmaya başlanacaqdır. Yataqxanaların 320 otağında tam əsaslı təmir işləri aparılacaq, ən müasir avadanlıqlarla təchiz edilib tələbə-gənclərin istifadəsinə veriləcəkdir.
Təmirdən çıxan tələbə şəhərciyində yeni müasir tələblərə cavab verən kitabxana, qiraət salonu, idman zalı və stadion, tibb məntəqəsi, yeməkxana, istirahət guşəsinin də inşası nəzərdə tutulmuşdur.
C.Rəfibəyli küçəsindəki tələbə yataqxanasında isə 101 otağın əsaslı təmiri, müasir avadanlıqlarla təchiz edilməsi planlaşdırılmışdır. Bununla da Gəncə Dövlət Universittinin tələbə şəhərciyində 421 otaq ən müasir tələblərə cavab verəcəkdir.


"Gənc aqronomlar məktəbi"

Respublika Gənclər Fondunun maliyyə dəstəyi hesabına ADAU-nun aqronomluq fakültəsinin nəzdində "Gənc aqronomlar məktəbi" fəaliyyətə başlamışdır. Təqdimat mərasimində universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak etmişdir. O, layihə iştirakçılarına uğurlar diləmişdir.
Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov çıxışında göstərmişdir ki, bu layihə gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsində böyük rol oynayacaqdır. Təqdimat mərasimində həmçinin layihə rəhbəri, ADAU-nun tələbə təşkilatının sədri V.Əsədov çıxış edərək göstərmişdir ki, yeni məktəb dinləyiciləri regionda gənclərin fəallığını artıracaq, ölkənin aqrar sahəsində maraqlı tədbirlər keçirilməsinə şərait yaradacaqdır.
Layihə çərçivəsində həmçinin gənc aqronomlar klubu da yaradılması nəzərdə tutulmuşdur. Məktəbin ikinci məşğələsinin keçirilməsi mart ayının 12-15-i günlərinə planlaşdırılmışdır.
Füzuli RÜZİGAR