adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Fevral 2019 00:29
4026
GÜNDƏM
A- A+

Nizami irsinə məhəbbətlə


Gəncə Dövlət Universitetinin kitabxana və oxu zalları xeyli vaxtdır tələbə-gənclərin sevimli istirahət guşələrindən birinə çevrilmişdi. Günün müxtəlif vaxtlarında tələbə-gənclər asudə vaxtlarını burada keçirməyi ənənəyə çevirmişlər. Bu, təsadüfi deyildir. Kitabxanaçılar kitab təbliğinin bütün forma və metodlarından səmərəli istifadə edərək gənclərin kitabxanaya cəlb edilməsinə çalışır, tələbələrə istədikləri ədəbiyatların seçilməsində yardımçı olur, müasir elektron tələblərə cavab verən kitabxanadan səmərəli istifadə etməyin yollarını öyrənirlər.
Kitabxanada ədəbi-bədii gecələrin, yerli yazarların yeni əsərlərinin müzakirəsinə, maraqlı görüşlərin keçirilməsinə də böyük əhəmiyyət verilir.
Bu günlərdə kitabxana işçiləri daha bir ənənənin təşəbbüsçüsü olmuşlar. Bu, ilk təşəbbüs böyük Azərbaycan mütəfəkkiri şair Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi və təbliğinə həsr edilmişdir. Xüsusi zövqlə bəzədilərək sifarişlə kitabxananın qarşısına dəvət edilmiş avtobusun salonunda kitabxanaçılar tərəfindən kiçik kitab sərgisi təşkil edilmişdir. Salonda Nizami Gəncəvinin ədəbi irsinə dair maraqlı şüar və plakatlar vurulmuşdur. Görkəmli yerdən asılmış ulu öndərimiz Heydər Əliyevin ünlü fikirləri diqqəti cəlb edirdi: "Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xüsusi xidmət etməlidirlər!"
Bir azdan bir qrup kitabxana işçisi və fəal tələbə oxucular əyləşmiş avtobus hərəkətə gəlir. Avtobus Nizami Gəncəvinin məqbərəsinə və Nizami Gəncəvinin muzeyinə doğru yön alır. Yol boyu avtobusda intellektual və məntiqi sual-cavab təşkil edilir. Əvvəlcədən elan olunmuş bu sual-cavab məqamında 1, 2, 3-cü yerlər uğrunda tələbələrin bilik yarışı keçirilir...
Tələbələr ekskursiya-intellektual yarış zamanı Nizami Gəncəvinin məqbərəsini ziyarət edir, Nizami Gəncəvi muzeyinin tamaşaçısı olurlar. Yarış yenidən davam edir. Sonda qaliblər - birinci mükafatçı filologiya fakültəsinin ikinci kurs tələbəsi Zeynəb Qurbanlı, ikinci mükafatçı filologiya fakültəsinin dördüncü kurs tələbəsi Xanım Əmiraslanova və üçüncü kurs tələbəsi Gülnarə Bayramova müəyyənləşdirilərək hədiyyələrə layiq görülürlər.
Tələbələr yolüstu Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya muzeyi abidə-kompleksi və Mirzə Şəfi muzeyinin də tamaşaçıları olurlar.
Ekskursiya-intellektual, məntiqi yarışın vaxtaşırı davam etdirilməsinin ənənəyə çevrilməsi planlaşdırılmışdır.
F.RÜZİGAR