adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Fevral 2019 00:42
38619
LAYİHƏ
A- A+

YAXIN NƏŞR TARİXİNİN TƏDQİQİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Göy, bəlkə də Yerin əksidir, aynasıdır, güzgüdə görünən təsviridir. Yerin əşrəfi hesab olunan insanlar çil-çırağa bənzər muncuq kimi göy qübbəsindən asılan ulduzlar kimidir. Onların parlaqlığı, ətrafdakılar tərəfindən aydın görünmələri işlərindən, həyata keçirdikləri missiyadan, cəmiyyət üçün faydalı olub-olmamalarından çox da asılı deyildir. Onların işni yalnız qədirbilən adamlar görə, dəyərləndirə bilər. Necə deyərlər, "zər qədrini zərgər bilər".
Cəmiyyətdə çox da nəzərə çarpmayan sahələrdən biri də nəşriyyat işidir. Bir çox hallarda mətbuat, mətbəə işlərini nəşriyyatın işi ilə qarışdırırlar. Nəşriyyat işi ədəbiyyata yüksək peşəkarlıqla yanaşan olduqca məsuliyyətli bir işdir. Bu sahə Azərbaycanda lap qədimdən yaranıb. Dünyanın bir neçə xalqı var ki, onun daş kitabələri mövcuddur. Qobustan qaya təsvirləri, daşlar üzərində həkk olunmuş Orxon-Yenisey əlifbası bunun göstəricisidir. Zərdüşt peyğəmbərin inək dəriləri üzərində hazırlatdığı "Avesta" kitabı da xalqımızın sərvətindən hesab olunur. Çox təəssüf ki, bu sahə bizdə qədim tarixə malik olsa da sonralar inkişaf etdirilməyib və son yüz ildə bir çox xalqlardan geridə qalmışıq.
Az qala bütün dünyanın tanıdığı Nizami Gəncəvinin kitablarını, görəsən, kim hazırlayıb? Axı onun da dövründə xəttatlar vardı ki, şairlərin şeirlərinin üzünü gözəl xətlə köçürür, toplayır və kitab halında tərtib edirdilər. Amma bu gün bütün orta əsrlər boyu fəaliyyət göstərmiş heç bir xəttat haqqında geniş məlumat yoxdur. Onların işi nə qədər yüksək olsa da işığı görünməyən, yaxud çox zəif görünən ulduzlar kimi gözə çarpmırlar. Nə qədər böyük ürək sahibi olasan ki, onların müqəddəs işlər gördüyünü dəyərləndirə biləsən.
Belə böyük ürək sahiblərindən biri də Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovadır ki, Müstəqil Azərbaycanın ilk nəşriyyatı olan "Boz oğuz" nəşriyyatının yaranmasını və işini tədqiq edərək monoqrafiya yazıb və uzunömürlü olsun deyə xüsusi tərtibatla nəfis kitab şəklində nəşr etdirib.
Sovetlər birliyi dağılandan, Azərbaycan müstəqillik yoluna qədəm qoyanda bir sıra köhnəlmiş sahələri inkişaf etdirmək zərurəti yaranmışdı. Bu sahələrdən biri də kitab nəşri idi. Əhalinin milli ruhda yazılan kitablara ehtiyacı bunu tələb edirdi. Həm də bir müsəlman olaraq az qala üç nəsil kənarda qaldığımız İslam dininin incəliklərini öyrənmək lazım gəlirdi.
Böhranlı vəziyyətə düşmüş dövlət nəşriyyat sistemini vəziyyətdən çıxarmaq üçün siyasi iradə lazım idi, bu iradə isə o vaxtkı rəhbərlikdə yox idi. Dövlət sistemi ilə paralel özəl sektorun inkişafına ehtiyac duyulurdu. Bunun üçün təkcə lider olmaq yetərli deyildi, millətin, vətənin, ədəbiyyatın yolunda həyatını qurban verə biləcək, əsl fədaiyə ehtiyac yaranmışdı. Belə bir zamanda əslən Bakının Buzovna kəndindən olan, ziyalı ailədə dünyaya gəlmiş, faydalı həyatının böyük bir hissəsini redaksiyalarda keçirən, kitab nəşrində böyük təcrübə qazanmış Rəhimağa İmaməliyev sinəsini qabağa verdi və ilk nəşriyyat olaraq "Boz oğuz" nəşriyyatını yaratdı. Fəaliyyət üçün dövlətdən yer istəmədi, ofis də kirayələmədi, yaşadığı evin otaqlarında nəşriyyatın işini qurdu. Bir müddət qazanc olmayacağını göz önünə gətirən naşir bu işi normal bilən ailə üzvlərini cəlb etdi.
Rəhimağa İmaməliyev öz məqalə və əsərlərini, əsasən Rəhimağa Azərsoylu və Rəhimağa Bozoğuzköylü təxəllüsləri ilə yazıb çap etdirmişdir. Təxəllüsün yaradıcı insan taleyində necə böyük rol oynadığını və hansı mükəmməl mənanı daşıdığını məhz yaradıcı insanlar gözəl bilirlər. Rəhimağanın təxəllüsləri onun millətinə, elinə-obasına necə bağlı bir insan olduğundan xəbər verir. O, demək olar ki, ömrünü elm sahəsində sərf etmişdir. 30 ilə yaxın Azərbaycan Ensklopediyasının Baş redaksiyasında böyük elmi redaktor və redaksiya müdiri vəzifələrində çalışmışdır.
"Rəhimağa İmaməliyevin təşəbbüsü ilə "Boz oğuz" nəşriyyatının yaradılması üçün Nizamnamə hazırlanır, Bakı və Bakı Kəndlər Birliyi Məclisinin 18 oktyabr 1992-ci il tarixli qərarı ilə "Boz oğuz" nəşriyyatının nizamnaməsi" təsdiq olunur". (səh.42)
Rəhimağa İmaməliyev nəşriyyatın yaradılmasının, özü də Bakı və Bakı Kəndlər Birliyinin nəzdində yaradılmasını belə əsaslandırırdı: "Nəşriyyatın yaradılmasının başlıca səbəbi bu idi ki, Bakının klassik şairlərinin, məsələn, Əbdülxaliq Cənnəti, Məşədi Azər, Haşim bəy Saqib, Məmmədismayıl Asi, Ağadadaş Muniri, Əlabbas Müznib və başqalarının əsərləri indiyədək nəşr olunmamışdı. Bugünkü nəsil onların həyat və yaradıcılığı barədə, demək olar ki, heç nə bilmirdi. Nəşriyyatımız unudulmaqda olan bu və digər klassiklərin tarixin qaranlıq dönəmlərində azdırılan zəngin irsini, mədəniyyətimizin unudulmuş nadir incilərini axtarıb-arayıb üzə çıxartmağı, xalqın mənəvi sərvəti kimi gələcək nəsillərə əmanət etməyi qarşısına məqsəd qoymuşdur".(17) (səh.51)
Qısa müddət ərzində nəşriyyat bütün çətinlikləri dəf edərək işə başlamış və "Abşeron meyxanaları", Yarməmməd Şağaninin "Azər kimi diyarım var", Ağabala Əliyevin "Solfecio" dərsliyi, Təvəkkül Səlimovla birlikdə yazdığı "Bakı kəndləri" ensiklopedik lüğəti, Hacı Hacıyevin "İstiqlalın əzablı yolu", Hacı Soltan Əlizadənin "Azərbaycan dərvişləri və rövzəxanları", Haşım bəy Saqibin "Kim-kimədir", Məşədi Azərin "Seçilmiş əsərləri", Məmmədismayıl Asinin "Divan"ını və digər müxtəlif mövzuları əhatə edən kitabların nəşrinə nail olmuşdur.
Nəşriyyatın işini tədqiq etmiş Leyla Abasova kitabların nəfis tərtibatını və uzunömürlü olmasını xüsusilə qeyd edir. Vurğulayır ki, "Boz oğuz" nəşriyyatının çapdan buraxdığı kitabların heç biri digərlərinə bənzəmir. "Bu nəşriyyatda kitabların çapında ən çox ensiklopedik nəşrlərə üstünlük verilmişdir. Bu, həm də onunla izah oluna bilər ki, R.İmaməliyevin ensiklopedik nəşrlərin işıq üzü görməsində böyük təcrübəsi var idi". (səh.54)
Nəşriyyat eyni zamanda əhalinin maariflənmə tələbatını nəzərə alaraq İslam dininə aid kitabların da nəşri ilə məşğul olub. "İslam" ensiklopedik izahlı lüğət, "Quran duaları", "Yasin duası və çərəkə", "Kərbəla müsibəti", "Vücudnamə" və bu qəbildən olan kitablar, bir çox maddi çətinliklərə baxmayaraq, məhz Rəhimağa İmaməliyevin şəxsi əməyi və nəzarəti sayəsində nəşr olunmuş, böyük əksəriyyəti paylanılmışdır.
L.Q.Abasova tərəfindən aparılan tədqiqatlar zamanı məlum olur ki, "Boz Oğuz" nəşriyyatının nəşr etdiyi bir çox kitablar müxtəlif dünya ölkələrində də geniş yayılmışdır. Məsələn, Almaniyanın "Ölkə kitabxanası"nda və Almaniyanın Martin-Lüter Universitetinin kitabxanasında: Soltan Əlizadənin "Azərbaycan dərvişləri və rövzəxanları" ("Boz Oğuz", 1995); Həmçinin Rəhimağa İmaməliyevin "Bakı kəndləri: ensiklopedik lüğət" ("Boz Oğuz", 1996); bilavasitə özünün "H.B.Saqibin "Kim-kimədir" ("Boz Oğuz", 1996); Məşədi Azərin "Seçilmiş əsərləri" ("Boz Oğuz", 1996); "Azərbaycan səlnaməsindən səhifələr" ("Boz Oğuz", 1997); "Vücudnamə. Saqinamə. Tövbənamə. İbrətnamə: ensiklopedik məlumat kitabı" və s. həm qorunur, həm də azərbaycanlı oxucular tərəfindən istifadə edilir.
"Boz oğuz" nəşriyyatının yaranması və fəaliyyəti" kitabı bu gün qloballaşan cəmiyyətdə, sanki kitab oxumayan təbəqə ilə kitabsevərlər arasındakı uçurumun dərinləşməsinə etiraz olaraq bir çağırış rolunu oynayır. L.Q.Abasova nəşriyyatın çap məhsulunu tədqiq edərək bu qənaətə gəlir ki, R.İmaməliyev naşirlik peşəsinin incəliklərini dərinliyi ilə bilməklə bərabər, xalqın mədəniyyətini, elmini, görkəmli simalarını, tarixi şəxsiyyətlərin fəaliyyətlərini dərindən mənimsəmiş və onların fəaliyyətini əks etdirən kitabların nəşrinə də xüsusi önəm vermişdir.
L.Q.Abasova monoqrafiyada Rəhimağa İmaməliyevin simasında insanın kitaba olan sevgisini, vətən, millət və ədəbiyyat üçün necə fədaiyə çevrilməsini çox yüksək səviyyədə təsvir edir. Maraqlıdır ki, Rəhimağa İmaməliyev Müstəqil Azərbaycanda ilk özəl nəşriyyat yaradaraq kitab çapını təşkil etmişsə, Leyla Abasova da ilk alim olaraq çox da diqqətçəkməyən nəşriyyat işinin tədqiqinə ilk olaraq start vermişdir. Və bu müqəddəs işdə L.Abasova ətrafında ölkənin nüfuzlu ziyalılarından dəstək almışdır. Tarix üzrə elmlər doktoru, professor Bayram Allahverdiyev, yazıçı Mustafa Çəmənli, Rəhimağa İmaməliyevin ömür-gün yoldaşı, ziyalı Validə xanım və onun ailə üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika nəzəriyyəsi müəllimi Mahmud Mahmudov və başqaları bu nəşriyyat haqqında materialların toplanmasında öz köməklərini əsirgəməmişlər. Bir çox insanlar isə Rəhimağa İmaməliyevin əziz xatirəsinin yaddaşlarda qalması hekayətlərini yazıb bildirmişlər.
Bir bu qədər insanın bir araya gəlməsi Rəhimağa İmaməliyevin kitaba olan hədsiz sevgisi və onun müqəddəs işidir. Görün R.İmaməliyev özü kitabı necə dəyərləndirmişdir:
"Kitab elm xəzinəsinə bir açardır. Onun sayəsində hər elmin qapısını açmaq mümkündür. Mən uşaqlıq illərindən kitablarla dostlaşmışam. Onlar mənim müdrik müəllimim olub. Həyatımın hər bir anında kitablar köməyimə çatıb. Onlar mənə həyatı öyrədib, həyatı sevdirib.
Kitaba sevgi məni naşirlik işinə həvəsləndirib. Hər kitabı öz övladım bilmişəm. Onları göz bəbəyi kimi qorumuşam.
Kitab ruha qida verir. Ruhu təzələyir. Onu sevin, oxuyun, öyrənin və qoruyun!"
Uzunömürlülüyün qarantı, xüsusi kağızda və nəfis tərtibatla nəşr olunan Leyla Abasovanın "Boz oğuz" nəşriyyatının yaranması və fəaliyyəti", məncə, nəşriyyatın işinin tədqiqinə işıq salmaqla bərabər fədai naşir Rəhimağa İmaməliyevin zəhmətinə verilən ən yüksək qiymətdir.
Əli bəy Azəri
AYB-nin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ