adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Fevral 2019 00:38
3830
GÜNDƏM
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım


(əvvəli ötən saylarımızda)

O da həyat yoldaşı kimi ürək-dirək verdi:
-Hər şey öz qaydasında olacaq. Möhkəm olun!
Aralıda duran bir neçə adam da Məryəmə yaxınlaşdı. Yaşlı birisi dedi:
-Qızım, başınız sağ olsun! Sonuncu qəminiz olsun! Atanız güclu və ağıllı insandı. Bizim hamımıza nümunə göstərirdilər onu orduda. Elə sakit gəzdiyinə baxma. Əvəzədilməz komandandı. İstedadlı general idi. Fəxrimizdi hamımızın.
Sonra da əlavə etdi:
-Biz elə bilirdik Həmid müəllimin heç kimi yoxdu. Doğrusu, bu gün bildik. Rəhmətlik bu haqda danışmağı sevməzdi. Heç vaxt ailəsindən söz açmazdı. Biz də soruşmazdıq. Həyat yoldaşının doğuş zamanı öldüyünü eşitmişdik. Çox şükür ki, bu gün sahib çıxanı var.
Hamı onu mərhumun qızı sanır. Bəs sonrası nə olacaq? Amma bütün bunları açıqlamağın yeri deyildi. Həmid kişini ən hörmətli şəkildə torpağa verməyi düşünürdü gələnlər. Ona görə indi hər suala Məryəm cavab verəcəkdi. Elə də oldu. Mərasim boyu zəruri məsələləri onunla məsləhətləşirdilər. Amma Məryəm bir şeydə təsəlli tapırdı. "Mənə çox yaxşılıqları keçib. Qoy mən də nəyəsə yarayım. Barı qızının rolunu oynayım. Sonrası da Allaha pənah". Hamı Məryəmə yanaşıb baş sağlıgı verirdi. Tanımadığı simalar, heç ömründə görmədiyi insanlar. Başını qaldırmırdı. Sanki onun yalanını duymalarından qorxurdu. "Nə deyərllər mənə? Bu boyda kişinin qızı rolunu niyə oynayırsan deməzlərmi? Görünür adlı-sanlı kişiymiş. Gələnlərin hamısı da böyük yerlərdə çalışanlardı, maşınlarından bəllidi".
Hamı çəkiləndən sonra dönüb ətrafına baxdı. Yanında təkcə Sahib müəllimlə Gülzar qalmışdı. Hər ikisi də başlarını aşağı salıb onun nə söyləyəcəyini gözləyirdi. Məryəm aşağı oturub qəbrin üstünə düzülən gülləri sahmana saldı. Ağlayırdı: "Kaş sənin kimi bir atam olaydı. Ancaq bilirsiniz, elə sizi tanımağıma da sevinirəm. Məni tanıyandan yanımda oldunuz. Azdan-çoxdan köməyinizi gördüm. Elə bilirsiniz unuda bilərəm bunları? Yaxşı insanlar unudulmur, Həmid dayı".
Gülzar irəli yeriyib onun qolundan tutdu:
-Ağlamayın, müəllimə. Bir gün gələn bir gün gedir. Qalxın gedək,, uşaqlar da nigarandı yəqin.
Məryəm evə dönəndə günortadan xeyli keçmişdi. Şəfiqə yenə əl-ayağa düşdü.
-Otur, barı bir loxma ye, bir stəkan çay iç.
Şəfiqənin danışdıqlarını Məryəm sanki duymurdu. Yuxusuzluq bir yandan, matəm gərginliyi də da bir yandan onu əldən salmışdı. Xalası qızı bunu başa düşürdü əslində. Amma bir yolla onu fikirlərin əlindən almağa çalışırdı. İş görsə də, gözü Məryəmdəydi.
-Ay bacı, Allah rəhmət eləsin! Ölənnən olana çarə yoxdu. Soyutma çayını. Belə getsə, ayağa durmağa heyin qalmaz.
-Az özünü yor, Şəfiqə. İnsanın üzü bərkdi. Heç nə olmaz mənə. Görmürsən Vətənimizi itirdik, ölmədim. Ancaq həmişə düşünürdüm ki, Xocalıdan bir gün ayrı yaşaya bilmərəm. Canımdan, qanımdan olan övladlarımı itirdim, ölmədim. Neçə vaxtdı Fərhad yoxa çıxıb, yenə ölməmişəm. Görürsən nə arsızam? Bax, bu qədər dərdi olan indiyə qədər ölməyib, indimi öləcəm? Canını sıxma, bacım, sakit ol. Allah səndən razı olsun! Budur, neçə müddətdi qəhrimi çəkirsən. Sənin kimi qadınlar az-az tapılar. Öz övladlarını qonşunun yanında qoyub, mənim hayıma gəlmisən. Tanrı sənin balalarını min budaq etsin!
Şəfiqə yanaşıb onu qucaqladı. Ağlaya-ağlaya dedi:
-Məryəm, qurbanın olum, bəsdi. Bax, səni belə ağlayan, kədərli görəndə, özümə yer tapmıram, bilirsən? Vallah, uşağın dərdi olmasa, dizinin dibindən ayrılmaram. Bir gün də səni tək buraxmaram. İnşallah, Fərhad da gəlib çıxar. Az düşün, az fikir elə. Dilim-ağzım qurusun, xəstə düşərsən fikirdən.
-Nə olacaq, xala qızı. Dünya boş qalacaq? Övladlarıma qovuşaram. Mən nə xəstələnməkdən qorxuram, nə də ölümdən. Sadəcə, bu yetimlərin dərdini çəkirəm. Pəri can verəndə bunları qorumağı mənə tapşırdı, bilirsən?
-İlahi, uşaqda ürəyə bax!
- İndi mən, bacı, bu uşaqları bir tərəfə çıxarmaq fikriylə yaşayıram.
Şəfiqə Məryəmi bərk-bərk qucaqladı:
- Ağlama, başına dönüm, sən Allah, ağlama. Onsuz da ayaq üstə güclə durursan. Göz yaşların heç qurumur.
Özünü güclə ağlamaqdan saxlayan Şəfiqə bilmirdi onu necə sakitləşdirsin. Gah yalvarırdı, gah da başını sığallayırdı balaca uşaq kimi.
-Yalvarıram sənə, belə ağlama yanıqlı-yanıqlı. Bilirəm, bunlar az dərd deyil.
Ancaq ölənlə ölmək olmur. Gedənlə getmək olmur. Gəl, sənə bir sakitləşdirici verim, - danışa-danışa çanatasını eşələdi, - zəhrimar. Axtaranda tapılmır ha, ayrı vaxt nə gəzsəm, o gəlirdi əlimə. Hə, şükür, tapdım. Əlindəki tabletkanı ona uzatdı. Masanın üstəki qrafindən su süzdü.
-Al, al bunu, iç sakitləşərsən.
Məryəm tabletkanı aldı. Sonra suyu götürdü. Şəfiqə toxtadı onun razılaşmasına. Bir az sakitləşər, düşündü. Sonra da çayını təzələdi.
-Bir-iki stəkan çay iç. Allah bilir, indi başın necə ağrıyır.
Məryəm sakitləşmişdi. Danışmırdı. Ancaq Şəfiqənin dediklərinə qulaq asırdı. Xalası qızısa dəridən-qabıqdan çıxırdı onun özünə gəlməsi üçün. Keçmişdən-keçəcəkdən söhbətlər eləyirdi. Sözü-sözə calayırdı. Uşaqlıqda bir yerdə oynadıqlarından, başlarına gələn gülməli hadisələrdən danışırdı.
-Yadındadı, sizə gəlmişdik, rəhmətlik mamayla. Oynayanda başımı yardın, oyuncağını götürmüşdüm. İstədin vermədim, ona görə. Başımdan qan axanda yaman qorxmuşdun. Məni sakitləşdirdilər, sən kirimədin heç.
Xalaqızının uşaqlıqda baş verən ən əziz, az qala indi müqəddəsləşən xatirələri yada salmağı elə bil Məryəmin dabanından saçına qədər çulğayan kədər buzunu bir anda əritdi.
-Çox qorxmuşdum. Elə bilidim kimin bir yeri qanasa, ölür. Xatırlayırsan, yuxuya gedənə qədər hıçqırdım. Nə zaman yuxuya getdim, bilmirəm. O gecə yuxuma rəhmətlik anam girdi. Başımı sığalladı. Qorxma, heç nə olmaz dedi. Oyanandan sonra da özümə gələ bilmirdim. Elə hey səni düşünürdüm. Qorxudan nənəmdən də bir söz soruşa bilmirdim. Öyrənmişdim tək oynamağa. Rəhmətlik arvad məni hamıdan qoruyurdu. Heç kimin yanına buraxmırdı. Qorxurdu, vurarlar məni. Yazıq o qədər əsirdi üstumdə. Məktəbə gedəndən sonra alışdım uşaqlara. İndi bunları düşünəndə özümün-özümə gülməyim gəlir.
Şəfiqənin uçmağa qanadı yoxdu. Sevinirdi ki, Məryəmi qara fikirlərdən bir az uzaqlaşdıra bildi. Ağlamağını kəsdi. Elə bu arada Samir dərsdən gəldi. İçəri girən kimi Məryəmə yaxınlaşıb boynunu qucaqladı.
-Xoş gördük, ana, necəsən?
-Sağ ol, Samir, görürsən yaxşıyam, - müəllimə özünü gümrah göstərməyə çalışdı.
Samir böyük adamlar kimi dil-ağız etdi:
-Allah rəhmət etsin, Həmid dayıya!
-Amin oğlum, amin! Gəl, yeməkdən-zaddan ye. Dərslərin necədi?
-Pis deyil, ana. Yavaş-yavaş gedir. Bilirsən, proqramımız ağırdı. Təzə müəllimlər gəlib. Çox tələbkardılar.
-Deməli, yaxşı oxumalısan.
-Əlbəttə...
-Sənin yaxşı oxumağın lazımdı ailəmizə. Yaxşı oxu ki, bacı-qardaşların yolunu davam eləsinlər.
-Baş üstə! Var gücümlə çalışıram.
Şəfiqə Samirə göz vurdu:
-O sənin sözündən çıxmaz. Maşaallah, ağıllıdı Samir.
Balacalar da dəqiqəbaşı Məryəmin yanına gəlirdilər. Elə bil onlar analarının dərdini hiss etmişdilər. Gah qucağında oturur, gah da Həmid dayının hədiyyə elədiyi oyuncaq maşınları ona göstərirdilər.
Səməndər dayı həyat yoldaşı Gövhəri yanına alıb Dilarəyə elçi getdi. Qız onların gəlməyindən xəbərsiz idi. Əl-ayağa düşdü. Doğrudu, Səməndər kişi buna qədər tez-tez Dilarəyə baş çəkər, hal-əhval soruşardı. Ancaq Gövhər xalayla gəlməyi işin qəribə tərəfiydi. Səməndər kişi qızın duruxub qaldığını görəndə dedi:
-Qızım, Allah qonağı istəmirsən?
Dilarə əllərini ovuşdura-ovuşdura lap anası kimi cavab verdi:
-Buyurun, Səməndər dayı! Allaha da qurban olum, qonağına da.
Onlar içəri keçdilər, öpüşüb görüşdülər. Gövhər xala nə vaxtdan bəri ehtiyat üçün saxladıgi "Çinar" konfet qutusunu masanın üstünə qoydu.
-Necəsən, qızım?
Çaşqın baxışlarla onları süzən Dilarə qırıq-qırıq cavab verdi:
-Sağ olasınız, Gövhər xala, şükürlər olsun!
-Tanrı şükrünü artırsın, qızım.
Səməndər kişi qızın təlaşlandığını hiss etdi. Onun fikrini dağıtmaq istədi:
-Dilarə, qızım, yaman soyuqdu çöl. Lap bərk üşüdüm. Çayın varsa, bir stəkan gətir.
Dilarə elə bil yuxudan ayıldı:
-Baş üstə, var, bu dəqiqə gətirirəm.
O, qızın mətbəxə keçməsindən istifadə edib, həyat yoldaşına pıçıldadı:
-Durduq xəbərsiz gəldik. Yazıq qız çaş-baş qaldı.
Həyat yoldaşı eyni səslə cavab verdi:
-Haqlısan, ay kişi. Qonşunun uşağı da evdə olmadı ki, xəbər göndərim. Bir də gərək irəlicədən ağzını arayardım.
-Allaha pənah!
-İnşallah, biz deyən kimi olar.
-İnşallah.
Dilarənin gəldiyini görüb susdular. Qız əlindəki podnosu ehmalca masanın üstünə qoydu. Şəkəri, mürəbbəni düzdü sonra da armudu stəkandakı çayları. Gövhər arvad onun səlqəsinə fikir verirdi.
-Bəs, özünə niyə çay süzməmisən?
Qızın yanaqları qızardı:
-Elə indicə içmişdim, Gövhər xala.
-Yox, yox, get özünə də gətir. Bizimlə bərabər bir stəkan çay iç.
Səməndər kişi arvadının sözünü təsdiqlədi:
-Doğru deyir Gövhər xala. Get özünə də çay gətir.
Qız istər-istəməz mətbəxə keçdi, tez də geri döndü.
-Bax belə. Biz özgəsi deyilik ha. Həmişə səni öz qızımız bilmişik.
-Çox sağ olun, Gövhər xala.
Gövhər arvad heç cürə mətləbə keçə bilmədi.
Çaylar içildi. Ortaya çökən sükutu Səməndər kişi pozdu:
-Bax, Dilarə, bilirsən xətrini çox istəyirəm. Gövhər demişkən, səni hər zaman qızımız kimi istəmişik. Bilirəm, səliqənə, tərbiyənə söz ola bilməz. Anan rəhmətə gedəndən bəri çox narahat olurdum. Tək qalmağına ürəyim razı olmurdu. Gözümün qabağında olmağını istəmişəm həmişə. Çünki yaxşı böyüdüb səni rəhmətlik valideyinlərin. Tərbiyəli qızlara çox hörmətim var. Qadının qeyrətlisinin dəyəri çox yüksəkdi. Bizim elimizdə belələri çoxdu, şükürlər olsun! Sözü çox uzatmayacam. Çox düşündük Gövhərlə, çox daşındıq, belə qərara gəldik ki, səni bizim Bəxtiyarla evləndirək.
-...
Səməndər kişi qızın dinmədiyini görüb davam etdi:
- Özün bizim Bəxtiyarı tanıyırsan. Bir kənddə böyümüsünüz. Doğrudu, bir az yaş fərqiniz var. Ancaq bu, bəhanə ola bilməz. Onun da razılığı var. O da səni tərbiyləli olduğuna görə həmişə tərifləyib. Söhbəti açdıq, etiraz etmədi. Bax, məcburiyyət yoxdu. Elə düşünmə sənin bir kimsən yoxdu deyə, məcbur eləyirik. Yox, bayaq dedim, biz səni özümüzünkü bilirik. Düşün-daşın, cavabın nə zaman hazır olsa, deyərsən. Sən özün-özünün ağsaqqalısan, ağbirçəyisən. Başqalarının buna qarışmağa ixtiyarı yoxdu.
(ardı var)