adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
20 Fevral 2019 00:26
3664
GÜNDƏM
A- A+

GÖYÇAY: YAŞANAN HƏR GÜNÜN ÖZ TƏNTƏNƏSİ...

...Ərazisinə görə kiçik rayonlar sırasında olsa da, Göyçayın adı, tanıtımı böyükdür axı! Həm də yaşı 1500-2000 ili keçən Alpoud, Qaraman, Qarabaqqal, Hunqutlu, Ləkçıplaq... kəndləri, Alban dövründən tanınan yığcam karvansaraylar və sənətkarlar şəhəri Göyçay! Bəzi diletantlar ən mühüm tarixi fakt və eksponatları nədənsə "görə bilməyib" Göyçayı az qala çar Rusiyasının yetirməsi kimi də təqdim etmək fikrində olublar. Albaniyanın paytaxtı Qəbələyə aparan yol məhz Göyçay şəhərindən keçib və mən vaxtilə şəhər kənarında məhv edilmiş 2 qədim qəbiristanlıq haqqında tarixi faktlara söykənən tarixi-publisistik məqalələri məhz elə bu məqsədlə qələmə almışdım.
Bu şəhərdən, bu karvansaraylardan keçən yol bilirsinizmi, həm də qədim İpək Yolunun forpostu idi. Lap dəqiqi indiki Göyçay şəhərinin çaykənarı sıx bir məkanı.
Bax, indiki halda da özünəməxsusluğu ilə fərqlənən, seçilən, adı böyük səslənən Göyçay kimi rayonların inkişafı, müasirləşməsi, yüksəlişi - bu istiqamətlərdə daha mükəmməl özünütəstiqi heç də asan başa gələn məsələ deyil. Necə deyərlər, adlı-sanlı yerlərin qayğıları, görüləsi işləri də fərqli və çoxistiqamətli olur. Bütün bu məsələlər təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna qayğı və diqqəti ilə daha böyük uğurlar qazanmağa doğrudur. Təbii fəlakətlərin aradan qaldırılmasından tutmuş (Göyçay çayındakı daşqınlar və strateji əhəmiyyətli körpünün yenidən qurulması), kəndlərə qaz, içməli su çəkilişləri, yeni yollar salınması, Göyçay şəhərinin daha da gözəlləşdirilməsi, nəticə etibarı ilə keçmiş şöhrətin yeni forma və məzmunda gerçəkləşməsi...
Şəhərdə çox işlər gedir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin ağsaqqallarla, ziyalılarla, adi sakinlərlə görüşlərdə məsləhətləşib bir sıra tədbirlərin reallaşmasına arxa durması yüksək əhval-ruhiyyə yaratmaqdadır. Şəhərdə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlər, rayon sakinlərinin tam rahatlığı üçün qurulan geniş və müasir Yeni Bazar, 50 ilə yaxın yaşı olan yeraltı keçid ətrafında görülən müasirləşdirmə işləri, modern Bayraq Muzeyi, digər yeni tikililər, mədəni-kütləvi tədbirlərin daha təravətli keçirilməsi üçün tikilib-qurulan digər layihələr... Bütün bunlar - yaşanan illərin tövhələri insanlara sevinc bəxş etməkdədir. Göyçaylılar bu səbəbdən də hər zaman cənab Prezidentə minnətdar olduqlarını böyük rəğbət və sevgi hissi ilə bildirirlər.
Beləcə, Göyçayın gündəlik həyatı, yaşam tərzi sakinlərin qürur mənbəyidir. Bəzi qəzet və saytlardakı həqiqəti əks etdirməyən mənasız yanaşmalara baxmayın, bunlar reallıqdan uzaq olan boş sözlərdir. Təbii ki, nöqsanlar da var. Ancaq bu nöqsanlar gündəlik inkişafın, müasirləşmənin fonunda tədricən aradan qalxmaqda, çatışmazlıqlar da öz həllini tapmaqdadır. Bütün məsələləri birdən həll etmək çətindir axı. Əsas odur ki, Göyçay rayonu cənab Prezidentin istək və tələbləri səviyyəsində inkişaf etməkdə, daha gözəl, daha yaraşıqlı şəhərə çevrilməkdədir. Əksər kəndlərdə də eləcə.
Bütün bunlar barədə və eləcə də bütövlükdə 2018-ci ilin yekunları haqqında bu günlərdə keçirilən ümumrayon yığıncağında geniş söhbət getmişdir. Yığncaqda məruzə ilə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə demişdir:
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 11-də keçirilmiş iclasında 2018-ci il ərzində görülmüş işlərə nəzər salınmış, hökümətin qarşısında duran vəzifələrə bir daha aydınlıq gətirilmişdir.
Ölkə Prezidenti iclasdaki çıxışında qeyd etmişdir ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla və sürətlə inkişaf etmişdir. Keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra olunmuş, ölkənin hərtərəfli dinamik inkişafı təmin olunmuşdur. Ötən il iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan heç bir ölkədən asılı deyil. Beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox maraqla izləyir və görülən işlərə yüksək qiymət verirlər.
Hesabat dövründə Azərbaycanda iqtisadi artım 1,4%, qeyri-neft sektoru 1,8% , sənaye istehsalı 1,5% artmışdır. İnflyasiya cəmi 2,3%-dir, əhalinin pul gəlirləri isə 9,2% artmış, əhalinin gəlirləri inflyasiyanı üstələmişdir. Ötən il kənd təsərrüfatında artım 4,6% olmuş, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulmuşdur ki, bunun da 11 milyard manatı ölkənin qeyri-neft sektoruna qoyulan sərmayədir. Keçən il ölkənin valyuta ehtiyyatları 3 milyard dollar artaraq 45 milyard dollara çatmışdır.
İclasda Azərbaycan Respublikasının Prezidenti qarşıdakı dövr üçündə mühüm vəzifələr müəyyənləşdirmiş, islahatların dərinləşdirilməsi istiqamətində çox ciddi addımlar atılacağını, struktur islahatının aparılacağını və yeni idarəetmə strukturunun formalaşacağını bildirmiş, sosial infrastrukturun genişləndirilməsi, ölkənin sənaye potensialının yüksəldilməsi, kənd təsərrüfatının, sahibkarlığın, turizmin və nəqliyyat sektorunun inkişaf etdirilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir.
2018-ci ildə Respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində ümumi məhsul istehsalının həcmi 287,3 milyon manat olmuş, aqrar sahədə daha çox uğurlar əldə edilmişdir. 2017-ci ilə nisbətən taxıl istehsalı 742,9 ton, hər hektardan məhsuldarlıq 1,2 sentner çox artmışdır. Aqrar bölmənin aparıcı sahələri olan meyvəçiliyin və faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət daha da artırılmış, 64,3 min ton meyvə istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 2,7% çoxdur. Ötən il rayonda 43,6 min ton və ya əvvəlki ilə nisbətən 4,7% çox tərəvəz istehsal edilmişdir. Fərdi təsərrüfatlarda istehsal edilmiş faraş tərəvəz məhsulunun böyük hissəsi ixrac olunmuş və təsərrüfat sahiblərinə xarici valyutada gəlir gətirmişdir.
Kənd əməkçiləri tərəfindən 2019-cu ilin məhsulu üçün 16205 hektar sahədə şum qaldırılmış, 15591 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 156 və 852 hektar çoxdur. İstifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 6464 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 178 min manat yardım verilmişdir.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına müvafiq olaraq müəyyən tədbirlər həyata keçirilmiş, ötən ilin may ayında kumdarlara 5928 qram baramaqurdu toxumu paylanılmış və 12500 kq barama tədarük edilmişdir ki, bu da 2017-ci ilə nisbətən 2,4 dəfə və ya 7208 kq çoxdur. Baramaçılığın yem bazasının yaradılması istiqamətində əməli tədbirlər görülmüş, ötən il rayonun kəndlərində Çin Xalq Respublikasından gətirilmiş 138 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilmiş 56,6 min ədəd tut tingi əkilmişdir.
2018-ci ildə kənd təsərrüfatı ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 109,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 4,6 milyon manat və 3,4% çoxdur.
2018-ci ildə rayonun iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 34,9 milyon manat investisiya yönəldilmişdir. Rayonun tikinti təşkilatları tərəfindən yanvar-dekabr aylarında 11,7 milyon manatlıq inşaat işləri görülmüşdür ki, bu da 2017-ci ilə nisbətən 1,2 milyon manat və ya 10,9% çoxdur.
Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmış, pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,3%, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,3% artmışdır.
Ötən il rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin səviyyəsi xeyli yüksəlmiş, daha müasir rabitə texnologiyalarının tətbiqi ilə əlaqədar internet istifadəçilərinin sayı əsaslı şəkildə artmış, əhaliyə 1 milyon manatlıq rabitə və poçt xidmətləri göstərilmişdir.
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər həyata keçirilmiş, keçən il rayonun yeraltı su mənbəyi olmayan 6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğular quraşdırılmış, "Azərsu" Səhimdar Cəmiyyəti tərəfindən rayonun İkinci Ərəbcəbirli kəndinə içməli su xətti çəkilmişdir.
(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDZADƏ