adalet.az header logo
  • Bakı 18°C
20 Fevral 2019 00:16
3079
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

II. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2) müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi;
3) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
4) sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi.
III. Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir.
IV. Bu Qanunla müəyyən edilmiş yaş və sağlamlıq vəziyyəti tələblərinə cavab verən:
1) sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları;
2) avtomobil nəqliyyatı vasitələri ixtisası üzrə kadrların hazırlanması nəzərdə tutulmuş ali və orta ixtisas təhsili müəssisələrinin məzunları;
3) yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara müstəqil hazırlaşmış şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra, üç gün müddətində yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılırlar.
IV-I. İmtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır:
1) dövlət rüsumunun yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi;
2) növbələrin yaranmasını istisna edən sənədlərin qəbulu və verilməsinin elektron idarəetmə sistemi;
3) sənədlərin qəbulu və verilməsi, həmçinin imtahan prosesini interaktiv şəkildə əks etdirən monitorlar, o cümlədən imtahan zalında videokamera;
4) nəzəri imtahanın informasiya-kommunikasiya texnologiyaları vasitəsilə verilməsi;
5) nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanların qəbulunda növbələri istisna edəcək sayda və imtahan verilən gün istehsal tarixi beş ildən artıq olmayan, imtahan prosesini qeydə alan videokameralarla təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə.
IV-II. "B" kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.
(ardı var)