adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

çALXALANDIQCA iRAN...

AQİL ABBAS
29998 | 2009-06-25 00:15
İranda yenə də yiyəsi itini tanımır, vəziyyət Obamanın da saçından qarışıqdı. Və bütün dünya da maraqla İrandakı durumu izləyir. Təbii ki, biz də. Həm qonşumuzdu, həm də qeyri-rəsmi məlumata görə, bu ölkədə 35 milyon Azərbaycan türkü yaşayır. Hərçənd ki, bu 35 milyon qardaşımız Qarabağ savaşında çox biganə qaldılar və qalırlar. Və hələ bu günədək onların sinəsindən yol salmış erməni maşınlarına da Allahın bir kəsəyini də atmayıblar. Amma bu o demək deyil ki, biz də onlara biganə qalaq. 35 milyon qardaşımızın taleyi bizi bərk narahat edir.
   
   ?tən əsr İranda neçə inqilab olub və bu inqilabların hamısının da önündə Azərbaycan türkləri gediblər. Amma sonda qazanan farslar olublar, qırılan, dar ağaclarından asılan, binaların özüllərinə qoyulub hörülən yenə Azərbaycan türkləri olublar.
   
   1979-cu il inqilabı da Təbrizdə başladı, şahı Azərbaycan türkləri qovdular və Xomeynini də çiyinlərində Azərbaycan türkləri gətirdilər. Sonu nə oldu? Yenə uduzan Azərbaycan türkləri oldu, hakimiyyətə gələn Xomeyni bizlərə divan tutdu, İran-İraq müharibəsində qırılan 1 milyon əhalinin də 70-80 faizi bizlər oldu.
   
   İndi İran yenə çalxalanır və çalxalanan İranın bir tərəfinin lideri milliyyətcə Azərbaycan türküdü. Bir dəfə yazmşam və yenə yazıram, milliyyətcə azərbaycanlı olmaq hələ azərbaycançı olmaq demək deyil. Musəvinin də Azərbaycan türkü olmağı boş və mənasız bir şeydi. Bu adamın bizim millətə heç bir dəxli yoxdu. Çox yüksək vəzifələrdə çalışıb, uzun illər baş nazir olub, Azərbaycan türklərinə nə gün ağlayıb ki, prezident olub nə gün ağlaya. Bir də ki, İran kimi qüdrətli dövlətlərdə prezident elə də böyük bir önəm daşımır. Yəni İranda prezident hətta Allahın bacısı oğlu olsa da o rejimi dəyişdirmək qüdrətində deyil. İranı Dərin dövlət idarə edir və İranda Sovet hökumətidi. Sovet hökuməti 70 ildən sonra dağıldı (dağıldımı?!), İranın dağılması isə daha uzun çəkəcək.
   
   ABŞ, Avropa İranın dağılması üçün nə qədər əlləşsə də, bu o qədər asan məsələ deyil. Çünki İran İraq deyil, İranın 3 min illik bir dövlətçilik tarixi var, güclü hərbi potensialı var, təyyarələrini də özü istehsal edir, uzaqvuran raketlərini də, tanklarını da, gülləsini də. Əzizimiz Türkiyə kimi qonşudan almır. Güclü nizami ordusu var və ən əsası fanatizm var. Yəni İranda bədəninə mina bağlayıb özünü düşmən tankının altına atan, düşmən gəmisinə çırpan yüz minlərlə kamikadze var.
   
   ABŞ da axmaq deyil, ona görə də İrana birbaşa müharibə etməyə cəsarəti çatmır. Hələ heç nəyi olmayan İraq və Əfqanıstanla bacara bilməyən ABŞ 70 milyonluq əhalisi olan bir dövlətlə heç bacara bilməz.
   
   Çarə qalır İranı çalxalamağa. Təbii ki, ABŞ-ın və Avropa dövlətlərinin buna az-çox pulu çatar.
   
   Amma ortalığa bir məsələ çıxır. Bu da ABŞ-ın və Avropanın qollarını bağlayır. Çünki İran çalxalanıb dağılarsa zəngin neft ehtiyatlarına, enerji ehtiyatlarına malik üçüncü bir Türk dövləti yarana bilər.
   
   Türkiyəni və Azərbaycanı parçalamaq, gücsüz və vecsiz hala salmaq, özünün vassalına çevirmək istəyən ABŞ və Avropa razı olmaz ki, dünyada yeni bir qüdrətli Türk dövləti yaransın. Və təbii ki, bunu Rusiya da istəməz. Necə ki, 1946-cı ildə ABŞ, Avropa və Rusiya Cənubi Azərbaycan Cümhuriyyətini qan içində boğan şaha hər cürə yardım göstərirdi.
   
   İran yanır. Təbii ki, heç bir qonşu istəməz ki, qonşusunun evi yansın. Biz də İranın yanmasını istəmərik. Təkcə ona görə yox ki, qonşumuzdu. Ən azı ona görə ki, o yanan evin sakinlərinin 50 faizi bacı-qardaşlarımızdı.
   
   Lap yaxın günlərdə İranda yenə sakitlik olacaq. Amma qurd quzu ilə otlamayacaq. Qorxum odur ki, qurdlar quzuları yeyəcək. Qurdlar olacaq İran rejimi, quzular da olacaqlar 1905-06-da, 1918-21-də, 1946-da, 1953-də, 1979-da yeyilən bizimkilər. Yenə ağlayan bizim analar olacaq, ərsiz qalan bizim bacılarımız olacaq, yetim qalan bizim uşaqlar olacaq.
   
   Allah İranda yaşayan Azərbaycan türklərinə yardımçı olsun! Bu bəladan onları sovuşdursun!
   
   Və sonda. İranda kimin prezidentliyinin nə dəxli?
   
   Xruşşov Aşqabadda çıxış edərkən deyir:
   
   - Doroqie uzbeki...
   
   Tez köməkçisi bildirir ki, Nikita Sergeyeviç, onlar özbəklər deyil, türkmənlərdi.
   
   Xruşşov:
   
   - Odin çort.
   
   
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV