adalet.az header logo
  • Bakı 13°C
18 Fevral 2019 23:38
4429
GÜNDƏM
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım


(əvvəli ötən saylarımızda)

Son bir il ərzində göz yaşlarının leysanında, Allah bilir neçənci dəfə boğuldu. Əslində bu əzabkeş qadının ağlayıb göz yaşı tökmədiyi günlərdən yox, saatlardan bəhs etmək olardı... Və ürəyində həkimin son sözünə qəlbinin dərinliklərində yandırıb-yaxan bir hissiyatla cavab verdi: - "Kaş belə bir atam olaydı, ay həkim. Gözəl və ağıllı. Mərhəmətli, tərbiyəli, mülayim. Hardan belə bəxtəvər oldum? Mən yazıq nə ata, nə də ana üzü gördüm. Elə ayağı ağır bir insanam ki. Bütün bu gözəlliklərdən məhrum oldum bu dünyada. O qədər analı-atalı uşaqlara baxıb həsəd içində boğulmuşam! Bağrımın başı yanıb külə dönüb. Gizli-gizli ağladım, dodaqlarım çat-çat oldu valideyn həsrətindən. O qədər istəmişəm onların nəfəsi dəysin üzümə. O həlimliyi, əvəzedilməz istiliyi, duygunu yaşamaq üçün. Eh, ay həkim, kim nə bilir ki, kimin sinəsinin altındakı o bir yumruq boyda ürəkdə nələrlər var. Hərə bir cür geyinib-keçinib gəzir. İnsan baxır insanın əyin-başına, üz-gözünə, qiymət verir. Bəxtəvərlik oxuyur. Heç düşünmürlər bunun içindən nələrlər keçir. Anlayan yoxdu ki, bu insanın elə çölüdü şəfəq saçan. İçindən qara qanlar axır. Hələ də ola, üstündə bir babat geyim. Bəxtəvərliyin külliyatı bir qəpik olur. Tez başlayırlar, gör, zalımın qızının paltarını. Kim bilir hardan gətiriblər. Bizdə hardadı elə bəxt, belə palımız-paltarımız ola. Bəxti gətirib bunun. Kim bilir hansı dövlətlinin qızıdı, kimin arvadıdı. Görəsən, belə danışanlar heç bircə dəfə də olsun düşündülər ki, bəlkə bu geyim-keçimdə gedən qadının bir dərdi-səri var? Qəmindən, kədərindən göz yaşları ürəyinə axır? Niyə heç bunu düşünən olmur?
- Bacı, məni eşidirsiniz?
Həkimin səsi onu fikirlərin pəncəsindən qopardı.
- Bağışlayın. Buyurun.
- Mərhumun sənəd işlərini qaydaya salmalıyam. Qeydiyyat idarəsindən ölüm kağızı alınmalıdı ki, qəbir yeri ayırsınlar.
Məryəm çaşdı. Necə edəcək. Nə əlində beş qəpiyi var, nə də başqa tanıdığı bir əli isti adam. "Neyləyim? Nə cavab verim indi? Ya Rəbbim, mənə kömək ol!". Onun çaş-baş qaldığını görən həkim dedi:
-Bilirsiniz, özünüzü itirməyin. Ağır itkidi valideynin həyatdan getməsi. Ancaq səbr eləmək lazımdı. Sanballı kişiydi atanız. Əlbəttə elə olacaq, Əfqanıstan davasında ordunun başında duran tanınmış generaldı. Bilirsiniz, balaca adam deyildi. İndi sizin qüv­vətli olmanızın zamanıdı. Özünüzü general qızı kimi aparmağa cəhd edin. Eşidirsiniz?
-Hə...
Məryəm doğrudan da çıxılmaz vəziyyətdə idi. Bütün bunları necə edəcəkdi? Başını itirmişdi. Kimi köməyə çağıracağını belə bilmirdi. Allahdan aşağı gümanı gələn bircə adam vardı. O da Sahib müəllim.
-Olarmı, yaxınlarıma zəng vurum, həkim?
-Təbii.
Məryəm birinci mərtəbəyə enib foyedəki telefonda Sahib müəllimin evini yığdı. Dəstəyi Gülzar qaldırdı.
-Salam, Məryəm müəllimə, necəsiniz?
-Sağ olun, Gülzar xanım. Əgər zəhmət deyilsə, Sahib müəllimi çağırın.
-Bu dəqiqə. Amma səsiniz heç xoşuma gəlmir. Elə bil ağlayırsınız?
Sonra da həyat yoldaşına səsləndi:
-Sahib, Məryəm müəllimədi, telefona çağırır.
Direktor dəstəyi aldı:
-Eşidirəm.
-Salam, Sahib müəllim.
-Salam, salam. Xeyir olsun!
-Vallah, xeyir deyil.
-Qorxutmayın məni. Evdə hər şey öz qaydasındadı? Uşaqlar yaxşıdı?
-Hə, onlar yaxşıdı. Amma sizin mənə köməyiniz lazımdı, əgər zəhmət deyilsə. Vallah, utanıram deməyə. İşiniz-gücünüz bilirəm çoxdu. Yorğunsunuz. Amma burda sizdən savayı kömək istəyəcəyim kimsə yoxdu.
-Heç narahat olmayın, deyin görüm nə baş verib?
-Bütün bunların hamısını sizə sonra danışacam. Ancaq indi bir yaxın adamım rəhmətə gedib. Çaşıb qalmışam. Birdən -ikiyə belə vəziyyətə düşməmişəm. Ona görə sizə zəng vurdum.
-Yaxşı eləmisən. Ancaq əvvəlcə də görüm hardasan?
-Mərkəzi Xəstəxanada.
-Gəlirəm indi.
-Allah köməyiniz olsun!
Sahib müəllim dəstəyi yerinə qoyan kimi Gülzar soruşdu:
-Nə baş verib?
-Hələ mən də dəqiq bilmirəm. Deyir yaxını rəhmətə gedib. Ondan da başqa heç kimi yoxdu.
-Allah rəhmət etsin! Bəlkə mən də gəlim, Sahib?
-Bəs uşağı harda qoyacağıq?
-İndi Marala deyərəm. Biz dönənə qədər gəlib oturar uşağın yanında.
-Onda tez elə, yubanmayaq.
Tibb bacısı onları ikinci mərtəbəyə göndərdi. Məryəm ağladı. Gülzar onu qucaqladı.
-Allah rəhmət etsin! Axırıncı qəminiz olsun!
Məryəm hönkürdü. Özü də başa düşə bilmirdi niyə bu insan üçün belə ağlayır.
-Ağlama, Məryəm xanım. Bu dünyanı kim tutub durub. Bir gün hamımız bu yolun yolçusuyuq.
Məryəm sakitləşməyə çalışdı. Həkim yaxınlaşıb əlindəki kağızları ona uzatdı.
-Bütün lazımi sənədlər hazırdı. Səhər gəlib apara bilərsiniz. İndi xəstəxananın morquna qaldıracaqlar rəhmətliyi.
-Sağ olun, doktor.
-Borcumuzdu. Mənim atanıza böyük hörmətim var.
Sahib müəllimlə, həyat yoldaşı dörd gözlə baxdılar ona. Müəllimənin atası da varmış... Məryəm dedi:
-Sizə qəribə gəlməsin, heç özüm də bilmirəm bu nə işdi başıma gəlir.
Sahib müəllim:
-İndi müzakirə zamanı deyil. Ən vacibi kişini müsəlman adətiylə dəfn eləməkdi.
Həkim onlara yanaşdı:
-Məryəm xanım, əgər bir çətinliyiniz olsa, deyin. Əlimdən gələni eləməyə hazıram. Dedim bayaq, rəhmətliyə dünyalarca hörmətim vardı.
Qərarlaşdırdılar ki, dəfn üçün qəbiristanlıqlardan birinə məlumat versinlər.
Dəfn işlərini Sahib müəllim öz üzərinə götürdü. Daha xəstəxanada vaxt itirməyə dəyməzdi. Meyidi morqdan sabah səhər verəcəkdilər. Son qərar belə oldu ki, Məryəm də Sahib müəllimgil də getsinlər evə, hazırlıq işləri bitəndən sonra tezdən elə burada görüşüb, dəfn işlərinə başlasınlar. Ayrılarkən Sahib müəllim yenə toxdaqlıq verib dedi ki, Məryəm heç təntiməsin, hər işi özü yoluna qoyacaq.
Qapını Şəfiqə açdı, Məryəm otağa girər-girməz soruşdu:
-Harda qaldın? Uşaqları güclə yatırdım. Səni soruşur, ana deyib dururdular. Yaxşı ki, Samir evdəydi, yenə onu eşitdilər.
Məryəm susurdu. Şəfiqə gördü ki, xalası qızının gözü ağlamaqdan həm qızarıb, həm də əməllicə şişib.
-Nə olub? Yenə, bəsdi deyincə ağlamısan.
-Həmid dayını itirdik, Şəfiqə!..
-Budu ha, yenə başladın. Elə bil gözünün yaşı ovcunun içindədi... Allah rəhmət eləsin! Deyirəm sənin ürəyinə dammışdı elə, yaxşı ki, getdin. Bəs hardan tapdın onu?
-Xəstəxanadan. Qonşusu dedi. Son sözlərini dedi, güclə bir-iki kəlmə.
-Cənnət məkan olsun! Ağlama. Neyləmək olar? Onunku da bura qədərmiş demək.
-...
-Qoy sənə bir stəkan çay gətirim, barı.
-Yox, ay Şəfiqə, heç nə istəmirəm.
-İstəmirəm nədi, ay qız. Gözlərin az qalır yerindən çıxsın. Ağlamaqdan bir təhər olmusan. Barı bir qurtum çay iç, sakitləş.
Şəfiqə tələm-tələsik mətbəxə qaçdı. Çaydanla döndü.
-İstidi, elə az xodda dəmirin üstə qoymuşdum. Bilirdim ac-susuzsan. Səhər yediyinin üstündəsən.
-Heç nə yeməyəcəm. Elə bir stəkan çay içərəm.
-Elə şey olar? Yeməsən səndə can qalar? Heyin-hünərin olmaz ayağa qalxmağa. Bu yetimlərin gözü səndədi. Dur görüm. Vallah, əl çəkmərəm yeməsən.
-Şəfiqə, heç ürəyim istəmir.
-Məcbur edəcəksən özünü. Havaların soyuğu bir tərəfdən, ora-bura qaçmaq da bir yandan. Canın-cəsədin qalmayıb. Dur dedim sənə.
Məryəm Şəfiqənin əl çəkməyəcəyini görüb, könülsüz ayağa qalxdı. Masanın arxasında oturdu. Səhəri düşündü: "Sağ olsun Sahib müəllimi. Nə edərdim tək başıma. Birdən-ikiyə belə işləri heç görməmişəm".
-Az fikir elə, gənc adam deyildi ki... Tay deyirsən, ürəyində də problem varmış. Bizim əlimizdən nə gələndi, bacı. Yeməyini ye.
-Səhəri düşünürəm.
-Səhər nə etməlisən?
-Dəfn etmək lazımdı. Məndən başqa heç kim də bilmir. Bəlkə xəstəxanadan lazımi yerlərə xəbər verəcəklər. Ancaq orda onun qızı olduğunu deyib. Mən də həkim soruşanda dedim qızıyam. Yoxsa yanına buraxmırdılar. Elə pis vəziyyətdə qaldım. Yalan dediyim üçün. Bilmirdim axı, o da deyib qızım var. Niyə belə deyib görəsən? Axı, həmişə deyirdi heç kimi yoxdu. Fikirlərim alt-üst olub, vallah. Sonra da gəlib məndən soruşarlar sən hardan onun övladısan? Niyə özümu belə bir problemə soxdum, heç bilmirəm. Sanki xoşuma gəlir problemlərlə yaşamaq.
-Sakit ol. Sən də onun yaxşılığı üçün belə demisən, bilirəm. Özünü üzmə. Hər şey öz yoluna düşər, bacı. Bir loxma çörək ye.
-Məcbur etmə, Şəfiqə.
-Əl çəkmərəm, yeməsən burdan durmaq yoxdu.
-Əl çəkməzsən, bilirəm.
-Onda yeyəcəksən.
Məryəm səhər tezdən yataqdan qalxanda hiss elədi ki, ürəyi bulanır, başı gicəllənir. "Bircə bu çatışmırdı elə"::. Bir az yatağının üstündə oturdu. Şəfiqə hələ oyanmamışdı. Məryəm heç kəsi oyatmadan evdən çıxmaq istəyirdi. Yoxsa yenə sorğu-suallar başlanardı. Şəfiqə də ki, onu yeməksiz-çaysız buraxmazdı. Xəstəxanaya çatıb gördü ki, orada xeyli adam var. Sahib müəllim, Gülzar, Həmid kişinin həkimi və tanımadığı başqaları. Gülzar Məryəmə yanaşıb onun qoluna girdi.
-Gözümə heç yaxşı dəymirsən.
-Gecəni yatmamışam, doğrusu...
-Möhkəm ol! Sən çox güclü qadınsan!
-...
Sahib müəllim də onların yanına gəldi.
-Narahat olmayın. Hər şey düzəlib. Məzarı da hazırdı. İndi bəzi sənədlər var, onları versinlər, aparılacaq. Dövlət işçiləri özləri hər şeyi həll ediblər. Fəxri xiyabanda dəfn edəcəklər.

(ardı var)