adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Fevral 2019 23:31
10154
GÜNDƏM
A- A+

ƏZABLARA SİNƏ GƏRƏN ÖMUR

SARA ADİLQIZI
C.Naxçıvanski adına Hərbi Lisey

Vətəni üçün yaşayırdı Əli bəy. O, vətənini dərin məhəbbətlə sevirdi. Bu sevgi hansı sahədə çalışmasından asılı olmayaraq, orada yüksək məhəbbətlə, ehtiramla, sayqı ilə hörmətlə tərənnüm olunurdu. Əli bəy istər publisistik məqalələrində, istər poeziyasında, istərsə də çəkdiyi rəsm tablolarında məftuncasına Vətənə bağlı olan bir övladın ürəyindən qopub gələn məhəbbət selini təcəssüm etdirirdi.
O, həkim kimi də türk xalqının keşiyində yorulmaq bilmədən, şərəflə dayanmışdı.
Ziyalı ailəsində böyüyb boya-başa çatan Əli bəy vətənpərvər, türk dəyərlərini hər şeydən üstün tutan babası Axund Əhməd Səlyaninin və onun dostu , dövrünün yetərincə tanınmış şəxslərindən olan M.F.Axundzadə ilə apardığı danışıqlarından əxz etdiyi yüksək fikir və dəyərli mükalimələrindən bəhrələnərək məqsəd kimi qarşısına qoyduğu yola-milli istiqlal, turançılıq, türkçülük yoluna qədəm qoymuşdur. Bu yol heç də hamar və rahat olmamışdır. Şairi ömürlük Vətəndən didərgin salaraq , vətən həsrəti ilə yaşamaqla "mükafatlandırılmışdır".
Onun türkçülük, turançılıq əsas ideyası, amalı idi. O, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türk xalqlarının gələcəyini fikirləşir, hüquqlarının müdafiəsinə qalxırdı. Və əlbəttə ki, iti qələmi, dəyərli fikirləri, mübariz ruhu ilə. Onun məhz ideyasının düsturu, formulu olan-türkləşmək, islamlaşmaq, avropalaşmaq bizim qürurla dalğalanan üçrəngli bayrağımızda öz əksini tapmışdır. Əli bəy Hüseynzadənin şüar kimi səsləndirdiyi bu fikirlər sonradan türk məfkurəsinin əsasını, özülünü təşkil etmişdir. Bu özülün bünövrəsi üzərində də türk dünyasının tanınmış şəxsləri M.Ə.Rəsulzadənin,N.Nərimanovun ,Türkiyədən Ziya Gökalpın, Atatürk kimi dahi insanların ideya yolları müəyyənləşmışdir.
Əli bəy Hüseynzadə ədəbi məktəb yaratmış "Füyuzat" jurnalında dərc etdiyi məqalələrinin birində deyirdi: " Bizə fədai lazımdır! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk hissiyyatlı, islam etiqadlı, Avropa qiyafəli fədai!" Əli bəy Hüseynzadə bu fikirləri ilə tarıxımızə "türklüyün atası"kimi daxil olmuşdur. O, çağdaş türk çəmiyyətini quracaq türk qanlı, islam imanlı, Avropa mədəniyyət tərzini mənimsəmiş fədainin mənəvi görüntüsünu və səciyyəsini canlandıraraq, türk aləminin yalnız bu dəyərlərə söykənən məfkurənin timsalında qurtuluşa qovuşacağına inanırdı.
Ədib digər dərgilərdən birində yazırdı "Türklər ya ölər,ya hicət edərlər, fəqət qul olmazlar."
Bundan başqa Əli bəy Hüseynzadənin tərbiyə ilə bağlı qiymətli fikirləri dövrün mətbuat səhifələrində öz əksini parlaq şəkildə tapırdı. Bildiyimiz kimi Əli bəy Hüseynzadə həm də öz zamanəsinin savadlı pedaqoqu idi. O yazırdı: "Hər kəsə ki uşaqlıqda tərbiyə verilməsə, böyüklükdə onun nicatı olmaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək olur..."
Əli bəy Hüseynzadə poeziya sahəsində qələmini sınayaraq gözəl, rəngarəng seir nümunələri yaratmışdır. Düzdür, o özünü heç vaxt şair adlandırmamışdır. Bu da yəqin Əli bəyin təvazö, sadə insan olmasından irəli gəlirdi. Onun yazdığı "Hali vətən ", yəni vətənin halı şeiri məzmunu, ifadə imkanlarının zənginliyi baxımından qiymətli bir əsərdir. Əsərdə bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə olunmuşdur. Şeir dövrün gözəl sənət əsərlərinindən sayılırdı. Şeirdə Vətənin halını görən və bu vəziyyətə biganə qlmayan, qəlbi vətən eşqi ilə çirpınan şairin qəm fəryadları öz əksini tapmışdır. Əli bəy xalqını ittahata, birliyə, qəflət yuxusundan ayılmağa çağırırdı və bu səylərinin nəticə verməməsi onu mütəəssir edirdi. Hətta deyilənə görə məşhur bəstəkarımız Ü. Hacıbəyli bu şerə müsiqi də həsr etmişdi. Əfsuslar olsun ki, bu musiqi dövrümüzə gəlib çatmamışdır. Şair bu əsəri Bakıdan köçməyə məcbur qaldığı zamanda qələmə almışdır.

Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular deyəyim,nə kəsdilər dilimi.
Bilirsiniz,cahillər nə etdilər Vətənə?
Nə qoydular uyuya, nə qoydular yürüyə
Ədu qırır qapıyı, biz evdə bixəbəriz,
Nə başqa-başqalarız, nə ittihad edəriz.
Ayıltmadı qələmim şu türk ilə əcəmi,
Nə qoydular yazayım, nə qırdılar qələmi.

Şair digər əsəri olan "Turan" şerində nəinki türkləri, bütün yer üzündə yaşayan türan xalqlarını birliyə, həmrəyliyə çağırırdı. Məhz bu şerinə görə Yusif Akçura Əli bəy Hüseynzadəni ilk panturanist adlandırır və bu haqda yazırdı "Əli bəy Hüseynzadə "Turan" adındakı mənzuməsi panturanizm məfkurəsinin ilk təcəlləsidir". Qeyd edək ki, şeirdə işlənmiş bədii təsvir vasitəsi olan bədii sual göründüyü kimi əsərin obrazlılığını, bədiiliyini, emosionallığını artırmağa xidmət etmişdir.
Sizlərsiniz, ey qövmi macar, bizlərə ihvan,
Əcdadımızın müştərəkən mənşəyi turan.
Bir dindəyiz biz, həpimiz haqpərəstan,
Mümkünmü ayırsın bizi İncil ilə Quran?

Və yaxud şair digər şeir nümunəsi olan "Qəm yemə, səbr et, bu da yahu keçər" əsərində şərin zəfər üzərində qələbə çalmasına, zülmətin işıq üzərində dirçəlməsinə, hünərin, kamalın işığının sönsə də qəm yeməyib səbir etməklə bütün bunların keçəcəyinə ,qaranlıq günlərin sonunda bir aydınlıq sabahların olacağına inanırdı. Bu şeirdə də Əli bəy istər təsvir, istərsə də ifadə vasitələrindən məharətlə istifadə etmiş, xüsusən də, şeirn məzmunu ilə bağlı işlənmiş bədii təzad nümunələri Əli bəyin ana dilimizə dərindən bələd olmasından, sevgisindən irəli gəlirdi.

Zülməti-şər bulsa da bir dəm zəfər,
Pərtövə hökm etsə də zülmət əgər,
Sönsə də ənvar kəmali hünər,
Qəm yemə, səbr et, bu da yahu keçər.

Əli bəy yaradıcılığında Atatürk mövzusu da yer alırdı. O, Atatürkə qəlbən bağlı bir insan idi və Atatürkü böyük məhəbbətlə sevirdi. Əli bəyin qızı xatirələrinin birində qeyd edirdi ki, atası bir gün evə çox fikirli gəlmişdi. Soruşanda ki, niyə bu qədər fikirlisən? Əli bəy isə əvəzində Atatürkün dünyasını dəyişdiyini demiş və bununla əlaqədar kədər hissi keçirdiyini bildirmişdir. O, Atatürkə olan sevgisini seirlərinin birində belə qələmə almışdır:
Qurtuluş Kamala inamla olur,
Hökumət seçilmiş bakanla olur,
Ünlü kölgəsində ol Atatürkün,
Dəyişib yüksəlmə uranla olur.

Göründüyü kimi şair şeirdə qurtuluş yolunu, qələbəni Atatürkə inanmaqla, arxasınca getməklə, onun siyasətinə arxalanmaqla olacağını göstərmiş və əsl hökümətin xalq tərəfindən seçilmiş liderin rəhbərliyində bərəqrar olacağını ruh yüksəkliyi ilə vurğulamışdır. Şeirin dili aydın, axıcı, rəvandır. Kamal sözünün hər iki məna qatını Əli bəy şeirində çox məharətlə işlətmişdir. Əli bəyin söz ümmanı gördüyümüz kimi bitib-tükənmir. Nə qədər ki, müstəqil Azərbaycan var, o qədər də Əli bəy poeziyasına müraciət olunacaq .
Bu gün ölkəmiz Əli bəy Hüseynzadə ideyalarına söykənərək özünün inkişaf mərhələsini yaşayır. Bəlkə də Əli bəy bu yola çıxanda təsəvvürünə belə gətirməzdi ki, gün gələcək xalqı onun əzabları bahasına həyata keçirmyə çalışdığı əməllərini müstəqil, süveren, tolerant bir ölkədə həyata keçirəcək və dünyanın inkişaf etməkdə olan dövlətləri sırasında öz layiqli yerini alacaqdır.