adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Fevral 2019 23:19
40505
GÜNDƏM
A- A+

SEV ATA YURDUNU, ANA DİLİNİ

Uca Allahın mərhəməti ilə dünyaya göz açan körpə dilə gətirə bilmədiyi hisslərini üz cizgiləri, bədən hərəkətləri ilə hiss etdirir. Tədricən, yavaş-yavaş bu hisslər dilə çevrilir. Bu dil Ana dilimiz - Azərbaycan dilmizdir. Bu dil ulu babalarımızın - Dədə Qorqudumuzun əmanəti, Nizamimizin yadigarıdır. Bu dil "ənəlxəlq" deyən Nəsimimizi, böyük şair babamız Şah İsmayıl Xətaimizi, cəsur ərənlərimiz- mərd Babəkimizi, qoç Koroğlumuzu, Qaçaq Nəbimizi tarixləşdirən dildir.
Tükənməz sərvətləri, bərəkətli, məhsuldar torpaqları ilə Azərbaycan həmişə yad ellilərin diqqətini cəlb etmiş, zaman-zaman ərəb, fars, monqol, tatar və rusların basqılarına və talanlarına məruz qalmasına baxmayaraq, özünün dilini, dini mənsubiyyətini, maddi və mənəvi dəyərlərini qoruyub saxlamış, dünyanın ən qədim və mədəni xalqlarından biri kimi tanınmışdır.
Mən 1947-ci ildə Zəngilan rayonun Mincivan stansiyasındakı(qəsəbəsindəki) 36 saylı dəmir yol orta məktəbinin 1-ci sinfində oxumuşam. O zaman rayonumuzda Azərbaycan bölməsi ilə paralel yeganə rus bölməsi olan bu məktəb idi. Mən Azərbaycan bölməsində oxuyub, 1957-ci ildə həmin orta məktəbi qurtarmışam. 1957-1962-ci illərdə ADU-nu indiki BDU-nu bitirib, təyinatla rayonumuza qayıdaraq, oxuduğum məktəbdə müəllimlik fəaliyyətinə başlamışam. Müəllim, direktor müavini və direktor kimi fəaliyyət göstərmişəm. Təqaüdə çıxdığım günə qədər ömrümü şərəfli müəllim peşəsinə həsr etmişəm.
9-10 yaşım olanda anamın bacı və qardaşlarıma çaldığı laylaları yaxşı xatırlayıram, onun həzin səsi indi də qulaqlarımdadır. Bəlkə də o dövrün xatirələri ilə "Ana, layla çal, mənə" şeirini yazmışam. Həmin şeirin bir neçə bəndini əziz oxuculara təqdim edirəm:

Dünyaya göz açmışam,
Ehtiyacım var sənə.
Laylan üçün acmışam,
Ana, layla çal mənə.
***
Layla səsin yaz-bahar,
Layla səsin kaman, tar,
Gül ətirli səsin var,
Ana, layla çal mənə.

Dünya mədəniyyətinə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, M.Ə.Sabir, Əhməd Cavad, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Süleyman Rüstəm, M.Şəhriyar kimi qüdrətli qələm sahiblərini, böyük tarixi şəxsiyyətləri yetirən Odlar Yurdumuz -anamız Azərbaycanımızla fəxr edirik.
Bizim bir çox dilçi alimlərimiz dilimizin hərtərəfli inkişafı, zənginləşməsi, yaşaması üçün dəyərli əsərlər yazmışlar. Tarixi təcrübə göstərir ki, dilin inkişafında milli müstəqillik ideyaları və dövlətçilik ənənələrinin qorunub saxlanmasında qüdrətli dövlət başçılarının, böyük siyasi xadimlərin müstəsna rolu vardır. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlər cərgəsində Ulu Öndərimiz Heydər Əliyevin adı öz yüksək və layiqli yerini tutur.
XX yüz illiyin son 30 ili Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı böyük xidmətləri, dilimizin dövlət dili statusu alması və beynəlxalq səviyyədə yüksəlməsi istiqamətindəki yorulmaq bilməyən fəaliyyəti və dil siyasəti ilə bağlıdır.
Tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor Nizami Xudiyevin "Heydər Əliyev və Azərbaycan dili" kitabında Heydər Əliyevin Azərbayan dili haqqındakı fikirləri, özünəməxsus novatorluğu ilə yanaşı yüksək peşəkarlıq səriştəsi və inamlı fəaliyyəti işıqlandırılmışdır. Azərbaycan dilinə münasibət məsələsində H.Əliyevin mövqeyi Moskvanın mövqeyindən kəskin şəkildə fərqlənirdi.
Mən yaşlı nəslin bir nümayəndəsi kimi müəllimlik fəaliyyətimlə bərabər həm də təbliğatçı idim. O zaman şahidi idim ki, Azərbycan KP-nin qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı. Orta məktəblərimizdə digər fənlərdən fərqli olaraq rus dilinin dərindən mənimsənilməsi üçün şagirdlərin sayı çox olduqda qruplara bölünürdü.
Heydər Əliyev bütün mürəkkəbliyi ilə dərk edirdi ki, Moskva ruslaşdırma siyasəti yürüdür, lakin bu qeyri-humanist, anti-bəşəri, bayağı siyasət müxtəlif yollarla pərdələnir, bir sıra SSRİ dilləri kimi Azərbaycan dili də dövlətçilikdən, inzibati-idarə sistemindən, elmdən, mədəniyyətdən, maarifdən sıxışdırılır, yalnız məişət dili səviyyəsinə endirilir... Bu mənfur siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi.
Heydər Əliyev dünyaya gəldiyi torpağa, ana dilinə, xalq danışıq dilinin incəliklərinə, səmimiliyinə böyük məhəbbət bəsləyirdi.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə müxtəlif müəssisələrdə, xüsusilə kənd zəhmətkeşləri ilə görüşlərində Azərbaycanın ayrı-ayrı regionlarındakı danışıq-dialekt təzahürləri ilə yaxından tanış olduqca xalq dilinin zənginliyini daha dərindən hiss edir, onun ilıq nəfəsini, hərarətini duyurdu.
O, Azərbaycanı qarış-qarış gəzir, sadə adamlarla görüşür, sadə xalq dilini eşidir, onun gözəlliyini, təravətini hətta öz nitqinə də gətirirdi.
Heydər Əliyev görkəmli Azərbaycan yazıçılarının, şairlərinin yubileylərini keçirir, qurultaylarında iştirak edir, onlarla fikir mübadiləsi edirdi. Onlara izah edirdi ki, Azərbaycan SSR- də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Bütün bunların nəticəsində yaradıcılıq ittifaqları hərəkətə gəlmiş və Moskvanın müqavimətini qırmaq mümkün olmuşdu. Nəticədə Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (Əsas qanunun) 73-cü maddəsini aşağıdakı redaksiyada verilir:
"Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir."
1978-ci ildə ana dilimizin dövlət dili olması müxtəlif yüksək səviyyəli məclislərdə Azərbaycan dilində danışılması, Azərbaycan milli dil təfəkkürünün yüksəlməsinə o qədər böyük təsir göstərirdi ki, bunu ancaq XVI əsrin əvvəllərindəki (Şah İsmayıl Xətainin hakimiyyəti dövründə) yaxud XX əsrin əvvəllərindəki Azərbaycan Xalq Cümhuriyyəti dövründəki vəziyyətlə müqayisə etmək mümkün idi.
Mən bir müəllim kimi dərs dediyim illər ərzində hər vaxt dilimizin qorunmasını diqqət mərkəzində saxlamışam və şeirlərimdə poetik dildə dilimiz haqqında duyğularımı mətbuat səhifələrində işıqlandırmaqla müxtəlif məktəblərdə şagirdlərlə görüşlərimdə dilimizi yüksək səviyyədə dəyərləndirmişəm.
Bu şeirlər arasında "Azərbaycan dilim - öz ana dilim", Sev ata yurdunu, ana dilini!" və.s.
Əziz oxuculara həmin şeirlərdən bir neçə bənd təqdim edirəm:
"Azərbaycan dilim - öz ana dilim" şeirimdən;

Beşiyim başında keşik çəkənim,
Könlümdə yurd salıb,yuva tikənim.
Anamın laylası xəyal yelkənim,
Dünənim, bu günüm, gələcək ilim,
Azərbaycan dilim, öz ana dilim.

Və ya
"Sev ata yurdunu ana dilini!" şeirimdən;

Ayıl, özünə gəl, deyir qoca şərq,
Vərəqlə keçmişin min bir sirrini,
Alim ol, şair ol, fəhlə ol, nə fərq,
Sev ata yurdunu, ana dilini!

Dil xalqın varlığı, səadətidir,
Dədəmiz Qorqudun əmanətidir,
Füzuli dünyalı söz sənətidir,
Sev ata yurdunu, ana dilini!
Yadlara baş əymək çox alçaq adət,
Özgələr əlində olma qul, alət.
Dilini yaşatsa, yaşayar millət,
Sev ata yurdunu, ana dilini!

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Dildə dərin fəlsəfi zəka, şairanə hisslər, gözəl heyrətamiz həqiqi zövq, ən ciddi məntiq ifadə olunmuşdur.
Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, mili dövlətçilik tarixinin qızıl səhifəsidir.
Ulu Öndərimiz Heydər Əliyev həmişə Ana dilimin inkişafına böyük qayğı göstərmiş, onu yüksək dəyərləndirmiş, qorumağı tövsiyə etmişdir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir... Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."
1980-ci illərin ortalarından rus dilini respublikada genişləndirmək barədə Moskvadan göstərişlər verilirdi; hətta təhsil ocaqlarında ana dilinin sıxışdırılmasına başlanmışdı.
Rus dilinin orta məktəblərdə tədrisində digər fənlərə nisbətən dərs saatları artırılırdı və həmin fənə Azərbaycan dilindən daha çox saat ayrılırdı.
Orta məktəblərdə rus dili dərsləri I sinifdən keçirilirdi. Rus bölməsində isə Azərbaycan dili dərsləri III sinifdən başlanırdı. Hətta Azərbaycan dili dərslərinin fakültativ dərslər səviyyəsinə endirilməsi ciddi etirazlara səbəb oldu.
Mənim yaşadığım Mincivan dəmiryolçular qəsəbəsində idarələrdə işlər rus dilində aparılırdı. Burada PDMS, PÇ, ŞÇ, NQÇ, DEPO kmi idarələr var idi. Ona görə də bir çox valideynlər kimi mən də uşaqlarımı rus bölməsində oxutmuşam, həyat yoldaşım rus dili müəlliməsidir, ancaq bizim evdə rus ifadələri işlənməzdi. Əgər hər kim evdə yad dildə bir söz demiş olsaydı (on qəpik) cərimə edilirdi.
Hal hazırda da bir çox müəssisələrdə işə girən gənclərimizdən hökmən rus və ingilis dili bilməyi tələb edirlər. Əksər hallarda xarici dili bilməyənlər işə qəbul edilmir. Mən çox dil bilməyin tərəfdarıyam. Ancaq ana dilimiz ilk sırada durmalıdır. Məni narahat edən budur ki, uşaqlar öz ana dilini öyrənmədən, bilmədən rus və ingilis dillərini öyrənir, hətta rus və ingilis dilində oxuyan uşaqlar ana dilindən qiymət ala bilmirlər. Avtobuslarda, metro və küçələrdə uşaqları məktəblərə və ya evə aparan valideynlər, babalar, nənələr ana dilində danışmırlar. Mən bunun dəfələrlə şahidi olmuşam və onlardan nəzakətlə öz dillərində danışmaqlarını xahiş etmişəm.
Bu yaxınlarda Üzeyir Hacıbəyli küçəsindən yolum düşmüşdü. Küçədə Azərbaycan dilində Həzi Aslanov adına Mərkəzi Zabitlər evi yazılmış lövhədən başqa yolun sol və sağ tərəfində olan yazılar müxtəlif xarici dillərdə yazılmışdır. Sanki bu küçə bir xarici ölkənin küçəsi idi.
Bunlardan başqa bir çox restoranların, şadlıq evlərinin, dükanların, müəssisələrin adları xarici dillərdə yazılır. Müvafiq təşkilatlar bu barədə ciddi tədbirlər görməlidir. Hər bir məlumat lövhəsinin yuxarı hissəsində əvvəlcə Azərbaycan dilində sonra xarici dildə məlumatlar əks olunmalıdır.
Ulu Öndərimiz Heydər Əliyev istər Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı, təkmilləşdirilməsi barədə sərəncamalar vermiş və dilimizin qorunmasını hər zaman diqqət mərkəzində saxlamış və dil siyasəti bu gün də davam etdirilir. Bu siyasətin yerinə yetirilməsi vətənpərvərliyin ən mühüm şərtidir. Hər bir vicdanlı Azərbaycan vətəndaşı dilimizə böyük rəğbətlə yanaşmalı, dilimizin varlığını qorumalıdır.

Oqtay Zəngilanlı,
Azərbaycan Respublikası
Ulu Öndər Heydər Əliyev Siyasi Kursu Və Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Mərkəzi Ağsaqqallar Şurasının Sədri, AzYB-nin üzvü.