adalet.az header logo
  • Bakı 19°C
18 Fevral 2019 23:13
37532
GÜNDƏM
A- A+

Maraqlı şəxslər və hadisələr

Ələmdar Məmmədov
Təqaüddə olan Baş ədliyyə
müşaviri
Birinci sırada soldan: İlham Abbasov,Eldar Məcidov,Ənvər Həmidov,ikinci sırada Ələmdar Məmmədov,Əskər Bəkirov,Zülfü Ağacanov.İyul 1989-cu il Alma-Ata şəhəri.

(əvvəli ötən sayımızda)

Bir müddət vəkil işlədikdən sonra Ucar rayon VVAQ şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1968-ci ildə Ucar rayonunda bir qrup şəxsin CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışında Tapdıq müəllim Ali Məhkəmənin xalq iclasçısı kimi iştirak edir. Onun hərtərəfli hazırlıqlı hüquqşünas olması, işdə dövlət ittihamçısı kimi iştirak edən Respublika Prokurorluğunun şöbə rəisi Yamən Yusifovun diqqətini cəlb edir. Onlar bir neçə dəfə görüşüb, söhbətləşirlər. Yamən Yusifov Bakıya qayıtdıqdan bir ay sonra Tapdıq müəllimi Respublika Prokurorluğuna söhbətə çağırıb, səhərisi günü Masallı Rayon Prokurorunun köməkçisi vəzifəsinə təyin edirlər. Bir neçə il Masallıda prokuror köməkçisi vəzifəsində işlədikdən sonra, evlərinə uzaq olduğu üçün, Ucarətrafı rayonların birinə dəyişməsi barədə müraciət edir. Onu Yevlax rayon prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin edirlər.
Tapdıq müəllimlə yaxın dost olduq. Mən nadinclik edəndə deyərdi: "Bu oğlan mütləq prokuror olacaq". Əziz müəllim səbəbini soruşduqda o, zarafatla: "İndi normal adam tapılmır, prokuror vəzifəsinə bunun kimi dəli-doluları göndərirlər", deyərdi.
Məni tez-tez evlərinə aparardı. Həyat yoldaşı Gülara xala çox şad olardı. Babaş da sənin kimi tək oğlandır, ağrın alım, deyərdi. (Oğulları Babaş hərbi xidmətdə idi).
1977-ci ilin mart ayında Yevlax rayon prokurorluğunun fəaliyyəti yoxlanılır. May ayında keçirilən kollegiyanın qərar layihəsində Tapdıq Seyidovun prokurorluq orqanlarından xaric olunması məsələsi qoyulmuşdu. Hesabında 75 manat çatışmazlıq olan mağaza müdiri haqqında cinayət işi başlanmasını rədd etməsi, ona əsas ittiham kimi irəli sürülmüşdü. Həmin material üzrə qərar ləğv edilərək, CM-nin 86-cı maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanmışdı. Respublika prokuroru A. Zamanov onu sorğu-suala tutanda, T.Seyidov deyir:
- "Abbas Taqiyeviç, mənim əlimi də kəssələr, həmin adamı məsuliyyətə cəlb etmərəm. 70 yaşlı müharibə iştirakçısı olan bir adamı 75 manat çatışmazlığa görə, məhkəməyə vermək olmaz"!
A.Zamanov onun fikri ilə razılaşır və bir neçə aydan sonra T.Seyidovu Kəlbəcər rayon prokuroru vəzifəsinə təyin edir. Tapdıq müəllim 10 il Kəlbəcər rayon prokuroru vəzifəsində işlədikdən sonra 1987-ci ildə təqaüdə çıxdı.

"Düz sözə nə deyəsən?"

Bəkirov Əskər Lətif oglu

1980-ci ilin axırlarında qurultayqabagı şikayətlərin çoxluğu nəzərə alınmaqla, bir neçə gənc prokurorluq işçisini, o cümlədən məni "Məhkəmələrdə cinayət işlərinin baxılmasında qanunların icrasına nəzarət" şöbəsinə ezam etdilər. Şəki Rayon Prokurorunun köməkçisi Əskər Bəkirovla bir otaqda oturmalı olduq. Əskərlə şəxsi tanışlığım olmasa da, sorağını eşitmişdim. "Sosialist Qanunçuluğu" jurnalında tez-tez yazıları dərc olunurdu. Arıq, cılız görkəmli Əskər savadlı olmaqla bərabər, özündən razı görünürdü. Mübahisə etməyi çox sevirdi. Güclü şahmatçı olduğunu, Şəkidə ona "Fişer", - deyə müraciət edildiyini söyləyirdi. Səhərisi gün şahmat alıb, işə gəldim. Nahar fasiləsində ağ fiqurları mənə verdi. Topun qabağını bir gediş açdım. Əskər, "görünür sən şahmatı təzə öyrənmisən. Debüt bilmirsən. Mən sənə kitab gətirərəm və.s" - danışarkən artıq 20-ci gedişdə mat oldu. Nahar fasiləsində və işdən sonra daha bir neçə dəfə oynasaq da, nəticə dəyişmədi. İki həftə ərzində 30-40 oyun keçirdik. Əskər bir dəfə də olsun, heç-heçə edə bilmədi. Axırıncı gün ona dedim ki, 15 gündə uduzduğun bütün oyunlarda özünü təqsirləndirirsən. Bir dəfə də mənim yaxşı oyunumu qeyd etməmisən. Camaatla da belə rəftar edirsənsə, vay o millətin halına... Mən şahmat üzrə SSRİ idman ustalığına namizədəm. On il müxtəlif yarışlarda iştirak etmişəm. Müvəffəqiyyətlərim çox olub. Əskər təəccüblə, üzümə baxıb, dedi:
- Ədalətsiz adam sənsən ki,əsl gücünü gizlətmisən. Yoxsa mən səninlə başqa debüt oynayardım. Soyuq ayrıldıq. Aradan 6-7 il keçdi. İkinci il idi ki, Cəlilabad Rayon Prokuroru vəzifəsində işləyirdim. Bir dəfə qapı döyüldü. İçəri paltoda, başında norka papaq olan bir nəfər girdi. Ərklə qabaga gəlib, əl uzatdı və dedi:
- Gəlmişəm sizinlə şahmat oynamağa.
Yalnız bu zaman Əskəri tanıdım. Onu Yardımlı Rayon prokuroru vəzifəsinə təyin etmişdilər.
Ayda bir-iki dəfə məni və Masallı rayon prokuroru Əzizağa Həsənovu qonaq çağırır, yeyib-içdikdən sonra şahmat oynayırdıq. Nəticə dəyişmirdi. Bir dəfə dedim ki, Əskər, bu qədər xərc çəkib, bizi qonaq edirsən. Nə vaxt, məni bircə oyun udsan, səni başdan-ayağa bəzəyəcəyəm.
1989-cu ilin iyul ayında respublikanın 13 sərhəd rayon prokurorları, o cümlədən, mən və Əskər Bəkirov Alma-ata şəhərində SSRİ Baş Prokurorluğunun təşkil etdiyi seminar-müşavirəyə dəvət olunmuşduq. Hər gün şam yeməyindən sonra Əskər özü ilə gətirdiyi şahmatı ortaya qoyur və həvəsim olmasa da, məni oynamağa məcbur edirdi. Yoldaşlarımızın hamısı Əskərə azarkeşlik edirdi. Səfərin axırıncı günü şam yeməyindən sonra Əskər şahmatı gətirdi. Məclis otaqda da davam etdiyinə görə, həddindən artıq hay-küy var idi. Necə oldusa, diqqətim yayındı və Əskər 1-ci xətdə topla məni mat etdi. Qol vurulanda çılğın azarkeşlər etdiyi kimi Əskər atılıb, düşür və qışqırırdı. Digər yoldaşlarımız da Əskəri təbrik edirdilər.
Bakıya qayıdan kimi yaxın qohumum və dostum Qəhrəmanın iş yerinə getdik. Ona kostyum və eyni rəngdə qalstuk sifariş etdim. Sonra Mərkəzi Univermağa gedib, dəsmal, ayaqqabı, köynəkdən tutmuş hər şey aldım, Əskərə.
On gündən sonra Əzizağa Həsənovun toyuna Əskər təzə kostyumu geyib, gəlmişdi. Adətən, səliqəli geyimə fikir verməyən Əskərdən hamı "Nə yaxşı kostyumun var?" - deyə soruşduqda, "Ələmdardan şahmatda udmuşam" cavabını verirdi.
Uzun illər keçsə də, kostyum köhnəldiyindən yalnız qalstuku otağında saxlayır, ümumi tanışlarımızdan rast gələndə, "Ələmdardan şahmatda udmuşam", - deyirdi. Düz sözə nə deyəsən?

Əcəldən qaçmaq olmazmış

Nizami Alıkişiyev

Nizami Alıkişiyevlə prokurorluq həyatımın ən çətin günlərində, 1977-ci ilin iyun ayında tanış olmuşdum. O, Qasım İsmayılov (indiki Goranboy) rayon prokurorluğunda stajyor idi. Respublika Prokurorunun 17 may 1977-ci il tarixli əmri ilə mən də həmin rayon prokurorluğuna stajyor təyin edilmişdim. Bir yerdə işlədiyimiz 20 gün ərzində çox yaxşı dostluq münasibətimiz yaranmışdı. Həmişə gülərüz, dolubədənli, yaşından daha böyük və ağsaqqal görünürdü. Sonradan məni Masallı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin etsələr də, həmişə bir-birimizlə əlaqə saxlayırdıq. 1991-ci ildə Nizamini Yardımlı rayon prokuroru vəzifəsinə təyin etdilər. Bundan sonra daha tez-tez görüşməli olurduq. Bir müddət keçmiş Nizaminin böyük qardaşı rəhmətə getdi. Biz Masallı rayon prokuroru Əzizağa Həsənovla hüzür yerinə gedib, Nizamiyə baş çəkdik. Bu hadisədən sonra Nizaminin əhval-ruhiyyəsi günü-gündən pisləşir, daim fikirli olurdu. Bir dost kimi ona dəstək olmağa çalışır, dərdini unutdurmaq istəyirdik.
Bir dəfə ikilikdə olanda təskinlik vermək məqsədilə dedim:
- Nizami, ölənlə ölmək olmaz. Sən özünü tox tutmalısan. İndi balalarına və qardaşın uşaqlarına daha çox lazımsan... Cavabında Nizami dərdini və ruhdan düşməsinin əsl səbəbini mənə açıb dedi:
- "Ələmdar, qardaş itkisi əlbətdə ağırdır, lakin fikirli olmağımın, ruh düşkünlüyümün əsl səbəbi başqadır. Məsələ burasındadır ki, mənim böyük əmim, atam və böyük qardaşım 49 yaşında dünyasını dəyişiblər. Mənim 42 yaşım var. Yeddi ildən sonra növbə mənimdir. Bax buna görə fikirliyəm." Mən ona ürək-dirək verdim.
Nizami bir ildən sonra Respublika Prokurorluğunda idarə prokuroru, 1994-cü ildə isə Bərdə rayon prokuroru vəzifəsinə təyin edildi.
1998-ci il idi. Mən həftənin 6-cı günü Bakı şəhərinə getmişdim. Həftənin 1-ci günü şəhərdən çıxıb, Goranboya gedərkən, Şıx çimərliyi ərazisində sürücüm İsgəndər mənə zəng etdi ki, Baş Prokuror Eldar Həsənov Sizi axtarır. Eldar müəllimin qəbul otağına zəng etdim. Məni onunla calaşdırdılar. Eldar müəllim harada olduğumu soruşduqda, Gəncədə olduğumu bildirdim. Eldar müəllim dedi:
- Bərdə rayon prokuroru Nizami Alıkişiyev rəhmətə gedib. Nazim Allahverdiyev yarım saat olar, çıxıb. Sən tez get, ağsaqqal kimi məclisi təşkil elə. Mən az qala şok vəziyyətinə düşmüşdüm. Hətta Eldar müəllimə Nizami ilə yeddi il öncə aramızda olan söhbəti də danışdım.
Maşının və özümün imkanlarım daxilində ən yüksək sürətlə Goranboya, oradan da Tərtər şəhərinə hüzür yerinə gəldim. Nazim müəllim məndən 10 dəqiqə sonra məclisə girdi. Doğrudan da əcəldən qaçmaq olmazmış.
Sonralar Nizaminin oğlu Rəşad prokurorluq orqanlarında işlədi.

Alın yazısı

Fikrət Daşdəmirov

1980-ci ildə Respublika Prokurorluğunun kadrlar şöbəsinin prokuroru Fikrət Daşdəmirov Masallı rayon prokurorluğuna praktiki köməyə gəlmişdi. Fikrət müəllim bütün yerişi, duruşu, danışığı, görkəmi ilə prokurorluq işçisindən çox müəllimə oxşayırdı. Bu təsadüfi deyildi. O, ziyalı ailəsində doğulmuş, atası Həbib Daşdəmirov uzun illər ədliyyə orqanlarında çalışmış,1962-ci ildə Naxçıvanda xalq hakimi işləyərkən rəhmətə getmişdi. Bir qardaşı DİO-da yüsək vəzifədə işləyir,digər qardaşı incəsənət sahəsində çalışırdı. 1968-1979-cu illərdə Azərbaycan SSR Ali Məhkəməsində məsləhətçi kimi işə başlayan Fikrət müəllim birinci şöbənin rəisi vəzifəsinədək yüksəlmiş,bilavasitə görkəmli ziyalı, böyük hüquqşünas, Ali Məhkəmə sədri Abdulla İbrahimovun rəhbərliyi altında işləmişdi.1979-cu ildə Bakı Ali Partiya məktəbində baş müəllim vəzifəsində çalışmışdı.Fikrət müəllim komsomolçu və kommunist kimi işlədiyi bütün təşkilatların ictimai həyatında fəal iştirak etmişdi.Bir sözlə O prokurorluğa gələnə qədər böyük həyat təcrübəsi qazanmışdı. Görünür Fikrət müəllimi məhz bu keyfiyyətlərinə görə kadrlar şöbəsinə işə qəbul etmişdilər.
Haşiyə: Həmin dövrdə Respublika Prokurorluğunun kadrlar şöbəsi işgüzarlığı və sanbalına görə digərlərindən fərqlənirdi.Bu təsadüfi deyildi.Respublika Prokurorunun müavini İlyas İsmayılov həm də kadrlar şöbəsinin rəisi hesab olunurdu.Şöbə rəisinin müavini -uzun illər hərbi tribunalda hakim işlədikdən sonra təqaüdə çıxmış əqidəli hüquqşünas kimi tanınan, hamının böyük hörmətlə yanaşdığı qayğıkeş insan, ədliyyə polkovniki Fərrux Gəray oğlu Vəkilov idi.Şöbənin prokurorları Azər Köçərli və Bəhruz Mahmudov gənc olmalarına baxmayaraq nüfuzlu prokurorluq işçiləri hesab olunurdular.Təsadüfi deyil ki,Azər Köçərli Baş Prokurorun müavini vəzifəsinə qədər yüksəldi.Sonralar o xidmətini SSRİ Baş prokurorluğu və Rusiya Federasiyası Baş prokurorluğunda davam etdirərək Azərbaycanımızı layiqincə təmsil etdi.Bəhruz Mahmudov bir neçə rayonda prokuror vəzifəsində işləddikdən sonra Baş prokurorluğun Kadrlar Idarəsinin rəisi vəzifəsinə təyin edildi və uzun illər- pensiyaya çıxana qədər həmin vəzifədə çalışdı.Prezidentin sərəncamı ilə ona III dərəcəli Dövlət Ədliyyə müşaviri rütbə dərəcəsi verildi.
(ardı gələn sayımızda)