adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
18 Fevral 2019 18:45
14747
ƏDƏBİYYAT
A- A+

Dünya klassikası Azərbaycan oxucusuna daha yaxın olacaq

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verib.

Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.

Professor Buludxan Xəlilov ART-Motiv adlanan bu layıhənin Azərbaycanda bir ilk olduğuna diqqəti çəkərək, dünya ədəbiyyatının motivasiyaedici nümunələrinin - Qabriel Qarsia Markezin " Vida məktubu”, Maxatma Qandinin ”Dua”, "Avraam Linkolnun oğlunun müəlliminə məktubu”, Antuan de Sent Ekzüperinin "Dua” və s.) daha yaxından tanıdılması və sevdirilməsi ilə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulduğunu qeyd etdi. Belə nümunələrin cəmiyyətdə oynayacağı rolun böyüklüyündən danışdı.

Daha sonra layihənin ideya müəllifi və rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli söz alaraq əsas məqsədin yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaq, bununla da cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, daha işıqlı, daha keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etmək olduğunu vurğuladı.

Layihədə təqdim oluan video materialların texniki həllini həyata keçırən rejissor Namiq Zeynalov sözün, səsin və vizual effektlərin harmoniyasını necə yaratmağa çalışdığı barədə danışdı.

Layihənin 4 video materialının nümayişindən sonra çıxışlarda yer alan ARPrezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf, tanınmış şair- sosioloq Əhməd Qəşəmoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvüAzər Həsrət, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrail İsgəndərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, filoloq Firudin Qurbansoy, jurnalist Zərnişan Turan , BDU-nun professoru Fəraət Əhmədova söz aldı. Çixişçıların hər biri materialların təqdimat üslubunun çox təsirli olduğunu, məzmunun belə təqdimatda verilməsinin duyğu vasitələrinə xitab etdiyindən daha qalıcı və düşündürücü olduğu fikrini vurğuladılar. Mütaliənin gözəl bəhrələnmə mənbəyi olduğunu bilməyimizə rəgmən vaxt azlığının və texnoloji dövrün yaratdığı bəzi yaşam dəyişiklikləri dövründə dəyərli və eyni zamanda motivasiyaedici ədəbiyyat nümunələri ilə tanışlığın bu şəkildə həllinin tapılması çox təqdirəlayiq bir addım kimi dəyərləndirildi.

Həmçinin yaradıcı heyəti bu təşəbbüsü dayanmadan inkişaf etdirməyə və bu materialların sayını daha da artırmağa səslədilər. Orta məktəbin ədəbiyyat müəllimi Həbibə Sarıbəyli yeniyetmələrin ədəbiyyata maraq və sevgisini artırmaq üçün məmnuniyyətlə bu materialların dərs prosesində tətbiqinə ilk olaraq başlayacağını və onun effektiv təsir yaradacağına indidən əmin olduğunu söylədi.

Çıxışçılar, hər biri 3-4 dəqiqə olan bu video çarxların, mənəvi sağlam və düzgün həyat tərzinin aşılanması üçün çox gözəl bir töhfə olduğunu səsləndirdirərək ölkənin televiziya kanallartında yaymlanmasının labüd olduğunu xüsusi vurğuladılar.