adalet.az header logo
  • Bakı 7°C
18 Fevral 2019 17:22
35296
MƏDƏNİYYƏT
A- A+

XALQ ARTİSTİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ETDİ

Bu gün Azərbaycanın istər iqtisadi, istər sosial həyatında, eləcə də iqtidarın apardığı xarici siyasətdə diqqətçəkən məqamlar kifayət qədərdir. Təbii ki, baş verənlər xalqın nəzərindən yayınmır və Azərbaycan vətəndaşları da öz prezidentinə hər məqamda dəstək verir. Necə deyərlər, uğurlar xalqın sevincinə səbəb olur. Bütün bu uğurlu məqamların fonunda bəzən elə hallar da olur ki, bu, ortaya suallar çıxarır, insanı düşünməyə məcbur edir. Yəni sualla qarşılaşan şəxs çıxış yolu axtarır.

Bu günlərdə redaksiyamıza təşrif buyurmuş sevimli aktyorumuz, xalq artisti Yasin Qarayev söhbət əsnasında bir məsələ ilə bağlı qəzetimiz vasitəsilə ölkə prezidenti cənab İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciətini dilə gətirdi. Xalq artisti bildirdi ki, bu müraciət onu nə vaxtdan bəri düşündürən konkret bir məsələ ilə bağlıdır. Həmin məsələnin mahiyyəti mətbuatda artıq bu və ya digər şəkildə açıqlanıbdı. Amma birbaşa özünün müraciətini ölkə rəhbərinə ünvanlamaq istəyən xalq artisti Yasin Qarayev bizə bunları dedi:

- Cənab Prezident!

- Xanım Vitse-prezident!

Sizin rəhbərliyiniz altında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin izləyicisi, xüsusilə bir vətəndaş, bir teatr-mədəniyyət işçisi kimi və həm də bu uğurlara ürəkdən sevinən Azərbaycan insanı kimi bu torpağın oğlu olduğumdan qürür duymuşam. Həmişə sevinib fəxr etmişəm ki, azərbaycanlıyam və Azərbaycanda doğulmişam. Taleyimə bu xalqın sənət adamı olmaq yazılıb. Məhz sizlərin diqqət və qayğısı ilə ən böyük fəxri ad olan "Xalq artisti" tituluna layiq görülmüşəm. Bu həm tamaşaçılarıma, həm də mənə son dərəcə böyük qiymətdi. Mən bununla qürur duyuram. Eyni zamanda siz mənə təqaüd də ayırmısınız. Bunun üçün də Sizə sonsuz ehtiramımı bildirirəm. Ancaq bir məsələ məni çox narahat edir. Elə bilməyin ki, mən göstərdiyiniz diqqət və qayğıdan narazıyam. Xeyr, bu mümkünsüz işdi. Sadəcə, yaş məsələsi ilə bağlı məni teatrdan uzaqlaşdırıblar. Bu isə işləmək, Allahın verdiyi istedadı xalqıma sərf etmək imkanıma qoyulan bir sərhəddir. Mən isə işləmək istəyirəm. Çünki canımda, qanımda teatr-səhnə odu tükənməzdi. Özüm də kifayət qədər gümraham.

Ona görə də Sizə üz tutmağa məcbur oldum. İçimdə bir inam var ki, Siz yaşlı bir aktyorun, Sizin sayənizdə "Xalq artisti" fəxri adını almış bir səhnə adamının arzusunu nəzərə alacaqsınız. Onun teatrda qalıb öz tamaşaçılarına təbəssüm bağışlamasına köməklik göstərəcəksiniz.

Cənab Prezident! Hörmətli Xanım Vitse-prezident!

Mən böyük ümidlərlə mətbuat vasitəsilə Sizə üz tuturam. Mənim yeganə ricam səhnəyə qayıtmağıma köməklik göstərməyinizdir. Sizə sonsuz inam və sevdilərimlə qəbul edəcəyiniz qərarı gözləyirəm!

Bəli, biz də öz növbəmizdə xalq artistimiz Yasin Qarayevin "Ədalət"ə söylədiyi istəyini ölkə rəhbərliyinə çatdırırıq. Düşünürük ki, Yasin müəllimin arzusu nəzərə alınacaq.