EŞŞƏK ZARAFATI

AQİL ABBAS
30115 | 2009-06-24 00:07
(Söhbət xaricdən alınan eşşəklərdən
   
   getmir, öz eşşəklərimizdən gedir)
   
   
   
   Bir dəfə bu barədə yazmışam, amma görünür hələ çox yazmalı olacağıq. Söhbət artıq adət halını almış yalançı telefon zənglərindən gedir. Mən bunu mənəvi terror adlandırmışdım. Amma indi fikirləşirəm, bu mənəvi terror deyil, elə terrorun özüdü. Araşdırsalar görərlər ki, belə zənglər nə qədər insanlarda ürək xəstəliyi, şəkər xəstəliyi yaradır, stress keçirənlər olur, hətta insult olanlar da. Terrordu də, terrorun qaşı-gözü olmur ha.
   
   Bəli, dövlətin mühüm güc strukturları saatlarla işini-gücünü atıb bu yalançı zənglərlə məşğuldur. ?zü də demək olar ki, hər gün. Amma hələ bu günədək bu yalançı zəngləri edən terrorçulara nə bir ağır cəza verildiyini şahidi olmuşuq, nə də hansısa bir profilaktik tədbirlərin həyata keçirildiyinin.
   
   Yalançı olaram, deyəsən bu günlərdə yalançı telefon zəngi ilə bağlı yaxalanan bir məktəbliyə 4 ay həbs cəzası verilib. 4 ay! Deməl, sən insanları şoka sal, şəhəri iflic vəziyyətinə qoy, dövlətin güc strukturlarını işindən-gücündən ayır və sonra da get 4 ay nə bilim nə qələt elə. Təbii ki, məktəbliyə yaşına görə ağır cəza düşmür. Amma uşaq kaloniyası var, orda orta məktəb də var. Canı çıxsın getsin orta məktəbi orda bitirsin. Onda bilər ki, eşşək zarafatı nədi.
   
   Dövlətin əlində bu qədər televiziya, radio, mətbuat vasitələri var. Bunlardan istifadə edib çox iş görmək olar.
   
   Dünən Zamin Hacının bu məsələ ilə bağlı "Yeni Müsavat"da bir yazısını oxudum. Bildiyiniz kimi, bu zəngləri edənlərin az qala 90 faizi məktəblilərdi. Zamin Hacı yazır: "Şeytan bilir məktəbdə o cocuqlara hansı zir-zibili öyrədiblər. Dərs keçilməyən, yaltaqlıq və yalanın "əxlaq kodeksinə" çevrildiyi məktəblərdən belə debilizm örnəkləri çıxması təbiidir. Uşaq məktəbdə müəllimin, evdə isə televizor və valideynin ancaq yalan danışdığını və cəzasız qaldığını görürsə, özü də bu yola düşür. Əslində həmin yalançı zəng müəllifi uşaqların müəllim və valideynlərini həbs etmək lazımdır - ilk növbədə".
   
   Zamin Hacı ilə tam razılaşmasam da, hər halda dedikləri bir həqiqətdi.
   
   Orta məktəbdə oxuyanda hərdən kirayə velosiped götürüb sevdiyimiz qızların məhlələrinin böyründən keçərdik. Onda uşaq milisi vardı. Evdə uşaqlar atalarından qorxmurdular ki, şəhərdə Pənah müəllimindən qorxurdular, uşaq milisinin rəisi. Bir də gördün Pənah müəllim bir uşağı tutub gətirir məktəbə, direktorun yanına ki, sən necə direktorsan ki, şagirdin dərsdən qaçıb gedir küçələrdə velosiped sürür. Və bir də gördün ki, həmin məktəb direktorunu maarif şöbəsində danlayırlar. Təbii ki, məktəb direktoru da valideyni çağırırdı, aləm bir-birinə dəyirdi. Belə yerdə deyirlər köpəyoğlunun Sovet hökuməti.
   
   Zamin Hacı düz deyir, həmin uşağın cəzası öz yerində, onun valideynini də, ona dərs deyən müəllimləri də cəzalandırmaq lazımdı. Demirəm onları yalançı zənglə bomba qoyulmuş həmin təşkilatın, idarənin önündə asaq. Amma onları televiziya ekranlarına çıxarmaq mümkündü, ictimaiyyətə təqdim eləmək mümkündü, başqalarına görk eləmək lazımdı. Yoxsa bu, türklər demiş, çox kötü sonluğa gedib çıxar. Yazını bilgisayarda yazan Mehriban xanım dedi ki, Aqil müəllim, vallah, onları televizorda göstərsələr, biz elə millətik ki, televizorda görsənməyin dərdindən böyüklər də başlayacaq zəng eləməyə. Xeylaq güldüm. Vallah, deyəsən düz deyir axı.
   
   Dünən yenə qəzetdə oxuyuram ki, yalançı zəng eləyən yaxalanıb. Nicat Əlizadə adlı bu 15 yaşlı bu gədə deyib ki, zarafat eləyirmiş.
   
   İndi ona da, onun valideyninə də, ona dərs deyən müəllimlərə də başa salmaq lazımdı ki, bu, eşşək zarafatıdı.
   
   Cinayət Məcəlləsində bu yalançı zənglərlə bağlı xüsusi maddə tövsif olunub. Həmin maddədə 5 ildən 8 ilə qədər cəza göstərilir. Əgər bu maddə uyğulanmırsa niyə Cinayət Məcəlləsində saxlanılır? Uyğulanırsa, bəs hanı?
   
   Hüquq-mühafizə orqanları onları hər gün barmaqlarına dolayanlardan qurtulmaq istəyirlərsə, bu cəzanı tətbiq etməlidirlər. Və həmin uşaqların valideynləri də, oxuduqları məktəblər də inzibati cəza almalıdırlar.
   
   Və sonda. O da var ki, bu uşaqların arxasında kimlərsə də dura bilər və həmin kimlər uşaqlardan istifadə edə bilər. Hər halda bu da ciddi araşdırılmalıdır.
   
   Və bir də eşşək zarafatı edənləri elə eşşək sudan gəlincə döymək də pis olmazdı, bizim yerlərdə də eşşək sudan yaman gec gəlir.

TƏQVİM / ARXİV