adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
16 Fevral 2019 00:53
4628
GÜNDƏM
A- A+

Həyat etüdləri

Akif Cabbarlı

Qvineyalı Ajujinin acı göz yaşları

Ötən əsrin səksəninci illərində Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alan yaxın dostum (dünyasını dəyişdiyinə görə adını çəkmirəm - A.C.) rastlaşdığı, eşitdiyi hadisələri elə maraqla, şövqlə danışardı ki, istər-istəməz özümüzü o hadisələrin içində hiss edər, bir növ iştirakçısı sayardıq. Dostumun hekayətlərindən birini oxucuların diqqətinə çatdırmaq istərdim.
Deməli, beş il arxada qalır. Kursu bitirən müdavimlər ayrılıq ərəfəsində bir yaxşı məclis düzənləməyi qərara alırlar. Gənclər öz vətənlərinə qayıtmaq üçün gərəkli hazırlıq işlərini görüb qurtarandan sonra çemodan ovqatı ilə qaldıqları yataqxananın yeməkxanasında açılmış geniş ziyafət stolunun ətrafında əsl beynəlmiləl bir məclisə toplaşırlar. Yeyib-içirlər, tostlar bir-birini əvəzləyir. Ünvan mübadiləsi edən kim, əhd-peyman bağlayan, kövrələn, ağlayan kim. SSRİ-nin müxtəlif regionlarından, bir çox xarici ölkədən gələn cavanlar hər il eyni vaxtda Moskvada görüşməyə də əsl kişi kimi söz verirlər.
Məclisin şirin yerində Qvineyadan olan şən, zarafatcıl zənci balası Ajuji sağlıq demək üçün ayağa qalxır. Ötən beş ildə dostum qarışıq beş-altı qafqazlı balasına əsl lakey xidməti göstərmiş zənci oğlan araq badəsini hamınınkı ilə toqquşdurandan sonra sifətindəki hüzn işartıları ilə, qəmgin notlarla nə söyləsə yaxşıdır:
-Ay qardaşlar, bacılar, sevgili tələbə dostlarım, tarixə qovuşan bu beş ildə sizdən çox razı qalmışam. Doğrudur, ayaqqabılarınızı təmizləyir, şalvarınızı ütüləyirdim, bazar-dükan da mənlik idi, mətbəxdə axşamlar yemək bişirmək də. Sağ olun, əvəzində həmişə məni xoş dillə dindirmisiniz, heç vaxt xətrimə dəyməmisiniz. Bakıdan, Tiflisdən, hələ lap Kiyevdən, Kişinyovdan göndərilən cürbəcür yemək-içməkdən mənə də pay ayırmısınız, yəqin ki, halal edərsiniz. Amma mən bu gün çox kədərliyəm, izaholunmaz peşimançılıq hissi keçirirəm. Bu duyğular ömrüm boyu məni tərk etməyəcək.
Zənci bu sözləri deyib susdu. Məclisdəkilər yerbəyerdən Ajujinin şəninə xoş sözlər, epitetlər səsləndirdilər, lakin içməyə macal tapmadılar. Afrikalı oğlan göz yaşları içində öz tostunu bu sözlərlə bitirdi:
-Amma mən, axmağın lap yekəsi olan mən bu gün sizin qarşınızda çox xəcalətli, üzüqarayam. Çünki hər axşam sizin üçün qaynadıb dəmlədiyim çayı otağınıza gətirərkən mən başıdaşlı, mən əclaf yolumu əvvəlcə dəhlizin axırındakı tualetdən salır, çayniki qapağını ehmalca götürürdüm, yox-yox, dalısını deyə bilmirəm. Vurun öldürün, vallah, mən cəhənnəmliyəm, qoy Afrikaya mənim tabutumu göndərsinlər. İnanın, uşaqlar, elədiklərim sizdən nəyinsə heyifini çıxmaq deyildi, sadəcə xoş bir zarafat, azərbaycanlılar demiş, sadəcə "mırt" idi...
Zənci oğlan elə ağlayır, elə ağlayırdı ki, sanki bütün əzizləri o dünyalıq olub döşənmişdi ayaqlarının altına...

Qara saqqallı, universal oğlan

Bu günlərdə metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüzdəki avtobus dayanacağında bir cavan oğlanın məşhur sirk artistlərini də geridə qoyan hərəkətləri hansı üzünə olur-olsun, hər halda insanın çox şeyə qadir olduğu barədə qənaətimi daha da möhkəmləndirdi. Onu da fikirləşdim ki, tütək təki daracaq şalvarının arxa cibinə zorla dürtdüyü on iki vərəqli dəftərdən tələbə olduğu dərhal sezilən bu oğlanın yaxın gələcəkdə ölkənin tanınmış jonqlyorlarından biri kimi tanınması onun sadəcə olaraq Təzə bazarla üzbəüzdəki məşhur ünvana baş çəkməsini zəruri edir.
On səkkiz-iyirmi yaşlarındakı qapqara saqqallı, şivərək oğlan dayanacaqdakı uca sərv ağacına söykənib ləzzətlə siqaret sümürürdü. Bir əlində isə şaqqıltı ilə təsbeh fırladır, eyni zamanda, başı ilə çiyninə sıxdığı telefonu qulağına yaxınlaşdırıb kiminləsə "mırt vurur", ara-sıra da saqqız çeynəməsindən yaranan tüpürcəyini (bu ifadəyə görə öz adımdan sizdən üzr istəyirəm - A.C.) düz küçənin ortasınadək vızıldadırdı. Yeri gəldikcə ayaqqabılarının ucu ilə dabanlarını və baldırlarını dindələyirdi. Görünür, qış fəslinə xas olan və təbii ki, vitamin çatışmazlığından ortaya çıxan qaşınma bu oğlandan da yan keçməmişdi. Hə, birini də deyim. Bu universal adam bu qədər prosesin içərisində arada bir cibindən ovucla qara tum çıxarıb ağzına təpir və qabığını da sözsüz ki, ətrafa uçurdurdu. İşin şirin yerində qucağındakı telefonla ona nə dedilərsə, şırtıq çalıb rəqs də elədi - hər halda milli rəqslərimizdən deyildi.
Belə. Mən bilən, yaddan çıxan heç nə qalmadı. Doğrusu, maraq məni də, ətrafdakıları da nə təhər götürmüşdüsə, bu oğlanı qırx dəqiqəyə yaxın müddətdə diqqətlə izləməli olduq. Ayrı-ayrılıqda adamın ürəyini üzən, yorulub əldən salan hərəkətləri elə ardıcıllıqla, sinxron şəkildə nümayiş etdirirdi ki, ona tamaşa edən hər kəsin ürəyindən, zənnimcə, bircə söz keçirdi - molodes sənə, oğul bala, səni yetişdirib ortaya çıxaran valideynlərinə də eşq olsun.