Başı kəsilmiş məhbus həbsxanadan necə qaçdı
(novella)
Qəşəm İsabəyli
-Hüquq-mühafizə işçisi olsam da, keçmişdə şahların "cəllad" dediyi, indi - ölüm hökmünün icraçısı adlandırılan bu adamla tanışlığım yox idi. - Qubaya gedərkən tələbə yoldaşım, ədliyyə pol-kovnik-leytenantı Bahadır Şirbəyoğlu yola körpü salmağa başladı. - Bir gün toy məclisində üz-üzə düşdük. Yeyib-içən təki kefləndi - ürəyini açıb qoydu ortalığa:
-Kim nə fikirləşir fikirləşsin, əslində cəmiyyətin sanitarı deyilməlidi bizə. İnsanlığı ziyanlı ün-sürlərdən qorumaq sözün həqiqi mənasında bəşəriyyətə əvəzsiz xidmət sayıla bilər. Bu işi görənlər-dən biri də mən idim. Əvvəllər ölüm hökmünü yerinə yetirməkdən həzz alırdım. Axı hər oğul belə məsul vəzifənin altına girə bilmirdi. Eləsi vardı, ilk atəşlə özü güllələdiyi məhbusdan qabaq yıxılıb düşürdü onun ayaqları altına. Beləsinə "ana uşağı" adını qoymuşduq.
Yaşlaşandan sonra gördüm day mən də dözmürəm. Tikəni ağzıma qoyanda əlimdən "qan da-mırdı". Özüm özümdən iyrənməyə başlamışdım. Bəlkə də hansısa təhlükəli məhbusu candan elə-məklə vəzifəmi yerinə yetirmiş olsaydım, barmağım tətik tutana qədər bu işin dalıyca gedərdim.
Yadınıza gəlirsə qabaqlar qəzetlərin gözə dəyməyən küncündə hərdən qısa bir məlumat verir-dilər: "Təhlükəli cani filan filankəsli haqqında ölüm hökmü icra edildi.".
Bu xəbər caninin güllələnməsi demək deyildi. Güllələməklə bu elanı qəzetə verə bilməzdilər. Nağılları xatirinizə gətirin - şah, oğlunun əlindən bərk qəzəblənir. Əmr edir cəllada: "Apar bu yaramazın boynunu vur, qanlı köynəyini də gətir mənə!". Cəllad da insandı axı - baxır ki, heç nədən gül kimi ömrü bu cavanın əlindən almalıdır. Oğlanı qabağına qatıb, aparır meşəyə - bir dovşan vurub, köynəyini bulayır qana...
Bizim hökumət belə nağılları yaxşı bilirdi. Odur ki, canini güllələyən kimi dəlil-sübut üçün ba-şını da kəsib qoyurduq sinəsinin üstünə. Şəklini çəkib tikirdik sənədə. Bax, bizim işimizin ağırlığı da bunda idi. Hansı həvəslə zərərli ünsürü candan eləyiridimsə, iş dəlil-sübuta gələndə əlim titrəyirdi. Axı başını kəsdiyim qoyun deyildi...
Növbəti hökmü yerinə yetirməliydim. Məhbusla rəhmli dolanmaq lazım idi - ölümə getdiyini bilməyəydi gərək:
-Hazırlaş, yerini dəyişirik.
Üç qızın ölümündə əli olduğu sübuta yetirilən cavan cəld ayağa durdu. Üzündə məmnunluq hissi vardı: "-Allah sizdən razı olsun! İllərlə eyni divara, eyni çarpayıya baxmaqdan kor olmuşdum lap! Axır ki, təzə yer, təzə hava görəcəm!" - Səfərə çıxan adamlar kimi xoş bir narahatlıqla yır-yığış eləməyə başladı. Boxçasını əlinə alıb, düşdü qabağıma. Tapançanı ayağa çəkəndə, səsə döndü:
-Qardaşımsan, yanılarsan, əlindən xata çıxar, ağzını o yana elə.
Acı-acı gülümsədim:
-Narahat olma, indiyəcən yanıldığım olmayıb!
On addım getməmişdi peysərini nişan alıb, tətiyi basdım. Güllə açılan kimi səntirlədi. Qeyri-ixtiyari geri dönüb, düz gözlərimin içinə baxdı. Elə bil bəbəklərimə biz soxdular - diksindim. Köklü ağac kimi arxası üstə gəldi yerə. Yaxınlaşıb bir güllə də başından vurdum. Gördüm üzümə baxa-baxa qalıb. Əlimi uzadıb, gözlərini basdım. Basılmadı - par-par alışıb yanırdı bəbəkləri. Tez bıçağı çıxarıb başını kəsib qoydum sinəsinin üstünə. Birdən ölü bədən sıçrayıb durdu ayağa, kəsik başı qucağına alıb, üstümə yeridi:
-Ay namərd, öldürməyin bəs deyildi, başımı da kəsəydin gərək?!
Tank kimi keçdi üstümdən...
Beş dəqiqə keçmədi ki, həbsxana rəisi bir dəstə adamla başımın üstünü aldı:
-Hanı cani?!
-Vallah, indi burdaydı!
-Necə burdaydı?! Olma qaçırtmısan?!
-Qaçmaq nədi, cənab rəis, güllələyib, başını da kəsdim hətta!
Yanındakılar bir-birinə baxdı.
-Bəs hanı?!
Əhvalatı olduğu kimi danışdım.
Rəis fikirli-fikirli həkimə tərəf çevrildi:
-Apar bunun psixi durumunu yoxla.
-Necəəə?! - Özümü saxlaya bilmədim. - Allaha şükür, dəli olmamışam hələ!
-Bəs hanı məhbus?!
-Tutublar?!
-Həbsxananı ələk-vələk eləmişik...
Özümdən şübhələnməyə başladım: "Bəlkə...". Sağ əlimə baxan kimi çığırdım:
-Bu da sübut...
Rəis heyrətə gəldi:
-Doğrudan a... qan ləkəsidi.
-Bıçağın tiyəsi də qan içindəydi. - Dedim.
-İş ondadır ki, bıçaq da yoxa çıxıb. - Rəis üzümə baxdı...
***
Çiynimin yavaşca silkələndiyini hiss etdim. Gözümü açanda özümü çarpayıda gördüm. Ağ xa-latlı bir nəfər durmuşdu yanımda - həkim imiş - gülümsəyirdi:
-Yaxşı qurtardın!
-Niyə, doktor?
-Meyitin yanında özündən gedib yıxılanda, başın zərblə dəyibmiş yerə.
Mat-mat üzünə baxdım:
-Nə meyit?!
-Güllələdiyin məhbusu deyirəm.
-Tapılıb bəyəm?
Həkim diqqətlə gözlərimin içinə baxdı:
-Qaçmışdı... Ölü?! - Sonra da qəh-qəhə çəkdi. - Əsəblərindi... Bir-iki dərman yazaram, keçib gedər.
Elə bil vurub ayıltdılar məni - gözlərim bərələ qaldı.
Digər Xəbərlər
18 Mart 2024 19:10
Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mart 2024 19:07Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
18 Mart 2024 18:44Dərman vasitələrinin farmakonəzarət qaydası dəyişdi
18 Mart 2024 18:30BMTM işçilərinin say həddi və əməkhaqqı fondu artırıldı
18 Mart 2024 18:25