adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
16 Fevral 2019 00:25
17144
ƏDƏBİYYAT
A- A+

ÖMRÜ ÇİÇƏK QƏDƏR OLDU

Dərd gələndə batmanla gəlir. Ölüm də belədir. Yaxınların, doğmaların iç dünyasını dağıdır, ürəyə çəkilməz dərd salır. İndi bu dərdi çək görüm, necə çəkəsən? Çünki dərd ürəkdə artmağa, böyüməyə başlayır. Amma hər ürəkdə dərd bitmir və hər ürəkdə dərd boy atmır, böyümür, çünki soyuq ürəkdə, yanmayan ürəkdə dərd nə gəzir!
Rəhilə Kamal qızının ölümü hər ürəyə dərd saldı və bu dərd ürəkləri yandırdıg
Kəfənin cibi yoxdur. İnsan özüylə bu dünyadan heç nə aparmır. Amma insandan bu dünyada yaxşılıq qalır, yaxşı ad qalır. Bir də yaxşı övladlar qalır. Vətənə, millətə, el-obaya layiqli, gərəkli olan bu övladlar həm də atanın, ananın ruhunu şad etmək üçün savab işlər görürlərgRəhilə xanımdan da yaxşı ad qaldı, yaxşılıq qaldı, yaxşı övladlar qaldı.
Rəhilə xanım 42 yaşında ömrə "əlvida" dedi. Ömrü çiçək qədər oldu.
Dünyanı dağılmağa qoymayan anaların dualarıdır. Dünyadan Rəhilə adında bir ana da köçdü. Dünyanın sarayından bir kərpic də söküldü. Dünyanın işığı bir az da azaldı.
Rəhilə Kamal qızı Ana adının ləyaqətli daşıyıcısı idi. Onun ömür ocağında, ancaq halal köz tapmaq olardı. Şəmkirin Zəyəm-Cırdaxan kəndindən Tovuzun Köhnəqala kəndinə gəlin glmişdi. Fevralın 4-də Köhnəqala kənd qəbiristanlığında torpağa tapşırıldı. Ölümünə bütün el-oba ağladı. Bütün el-oba matəm libasına büründü. Ölməli gəlin deyildi Rəhilə xanım. Kənddə böyük hörmət qazanmışdı. Hamı ilə ana kimi, bacı kimiydi. Elin xeyrində-şərində hamıdan çox can yandırardı. Bacardığı köməyi, xeyirxahlığı heç kimdən əsirgəməzdi.
Həyat olmasa ölüm olmaz.
Ölüm olmasa həyat olmaz.

Həyat ölümü yaşadır. Deməli, Rəhilə Kamal qızı da ölməzdir. Qardaşları Arifin, Salehin, bacıları Sahilənin, Vahilənin, Aqilənin, qızları Türkanın, Aytənin, oğlu Məhəmmədin, ömür-gün yoldaşı Eyyubun ürəyində, bir də el-obanın xatirəsində yaşayacaq, unudulmayacaq, həmişə yad ediləcək.
Qəbrin nurla dolsun, Rəhilə bacım!
Bu şeiri də sənin müqəddəs ruhuna ünvanlayıram:

Günəşin nurunu təzə içirdin,
Türkanı, Aytəni gəlin köçürdün.
Qəlbində xəlvəti gəlin seçirdin,
Murazın gözündə qaldı, ay bacım!

Ayrılıq oduna yanan balamın,
Dünyası dağıldı inan balamın,
Eh, vaxtsız ölümün Türkan balamın,
Qəlbinə qara xal saldı, ay bacım!

De, hansı çiçəkdi açıb, solmayıb?
De, kimin ürəyi dərdlə dolmayıb?
Bu zalım fələkdən qaçan olmayıb,
Sənin də canını aldı, ay bacım!

Bu ölüm ürəyə qəm-kədər əkdi,
Göylər də ağladı, göz yaşı tökdü.
Ayrılıq Eyyuba elə dağ çəkdi,
Əlləri qoynunda qaldı, ay bacım!

Hamını ağlatdı ölüm xəbərin,
Qaldıq əllərində qəmin, kədərin.
Canın tək sevdiyin qız nəvələrin,
Eh, daha nənəsiz qaldı, ay bacım!

Əsdi üstümüzə bu soyuq külək,
Qoymadı yaşayaq, qoymadı gülək.
İnsafı olmayan bu zalım fələk,
Bizə də qələbə çaldı, ay bacım!

Qəlbində arzular çoxuydu hələ,
Yüzə çatmalıydın sən gülə-gülə.
Ölüm də gələndə vaxtında gələ,
Ömrün çiçək qədər oldu, ay bacım!

Ölüm haqq işidir, neyləmək olar?
Fələyi yolundan əyləmək olar?
Gün gələr bizim də ömrümüz solar,
Bu dünya de, kimə qaldı, ay bacım?

Elə bil qəlbimdə ildırım çaxıb,
Ölümün hamını yandırıb-yaxıb.
Bu qoca Vaqif də göylərə baxıb,
Dərin xəyallara daldı, ay bacım!