adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Fevral 2019 00:21
21486
ƏDƏBİYYAT
A- A+

Tanrıya və sevdiyi adamlara sığınan şair

Əbülfət Mədətoğlu - 60

VAQIF ASLAN
AYB Şəki bölməsinin sədri
Mənim düşüncəmə görə, necə doğulmaqla yanaşı haçan və harada doğulmağın da mənası vardır. Mən bu mənada şair və yazıçılara olduqları yerlərin etigetləri kimi baxıram. Onların əsərlərində dünyanın rənglərini, coğrafiyaların özəlliklərini gördükdə nəyisə kəşf etmiş kimi oluram.
60-nı başa vurub yeni-yeni illərə üz tutan şair-publisist Əbülfət Mədətoğlu da mənim üçün məhz belələrindəndir. Əliyev Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Tuğ kəndində anadan olmuşdur. Bu o deməkdir ki, o, tarixdə məşhur olan Quruçay mədəniyyətinin araya və ərsəyə gəldiyi qədim yerlərə və Yer kürəsinin ən qədim mağaralarından sayılan Azıx və Tağlar mağaralarına lap yaxın olan bir kənddə dünyaya göz açmışdır. "Tuğ" sözünün qədim türkcədə "bayraq" mənasında işlənməsini yadıma salıram. "Azıx" sözünə gəldikdə isə, mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Almas İldırımın (1907-1952) 1934-cü ildən Türkiyənin Elazıxında (Azıx elində) məskunlaşmasını, türkologiyanın banisi Mahmud Kaşğarinin 1008-ci ildə Kaşğardan 45 km.cənub-qərbdə, Pamir dağlarının ətəyində yerləşən Opal kəndinin Azıx məhəlləsində anadan olmasını fikirləşdikcə Əbülfət Mədətoğlunun necə möhtəşəm bir yerin yetirməsi olduğunu təsəvvürümə gətirirəm.
Əbülfət Mədətoğlu 1966-1976-ci illərdə Tuğ kənd orta məktəbində oxumuşdur. O da digər sinif yoldaşları kimi şagird dəftəri üzərində "Azərbaycan SSR Hadrut rayonu Tuğ kənd orta məktəbinin şagirdi" sözlərini yazmışdır. Rus işğalınadək Dizaq məlikliyinin, (Bax. Tuğ ( ASE,III c. səh.446.Bakı, 1979.Mirzə Adıgözəl bəy " qarabağnamə", səh.36."qarabağnamələr"- I kitab, Bakı, "Yazıçı",1989. F.İsmayılov."Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr", səh.27.Bakı, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2009.), rus işğalından sonra Dizaq mahalının, 1920-1991-ci illəri əhatə edən rus-bolşevik Sovet dönəmində 1930-cu ildən 1939-cu ilədək Dizaq rayonunun (Bax. Bax.ASE, X c.səh 127.Bakı, 1987), 1939-cu ildən Hadrut rayonunun, müstəqilliyimizi elan etdiyimizdən bir qədər sonra - 26 noyabr 1991-ci ildən isə Xocavənd (Yayı yaylaqda, qışı qışlaqda keçirən tərəkəmələrin əcdad yurdu olan Xocavəndin adı 1823-cü ilin vergi dəftərlərində tez-tez çəkilir. Bu yer həm də 1923-cü ilədək ətəyində yerləşdiyi dağın adı ilə Aşağı Qaranlıq deyə çağırılmışdır.) rayonunun (2 oktyabr 1992-ci ildə Ermənistan tərəfindən işğala məruz qalmışdır) kəndi kimi sənədlərdə adı keçən Tuğ kəndini Əbülfət Mədətoğlu yazılarında bu şəkildə xatırlayır:

Gecə asıldığım didərgin yuxum
Gəzib dolaşdığım xəyalda - Tuğum.
............................................
............................................

1976-1978-cı illərdə boya-başa çatdığı Tuğda "Oktyabr" sovxozunda fəhləlik edən Əbülfət Mədətoğlu 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. O, 1980 -ci ilin sonlarından taleyini Bakı ilə bağlamış, "Təşviqatçı" jurnalında korrektor işləmiş (1980-1981), daha sonra ADU-nun tarix fakültəsində (1981-1986) təhsil almaqla yanaşı Jurnalist Sənətkarlığı İnstitutunu bitirmişdir (1982-1984). Müxtəlif mətbu orqanlarda müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir.
Əbülfət Mədətoğlu bədii yaradıcılığa Tuğ kənd orta məktəbində təhsil aldığı illərdən başlamışdır və bir çox kitabın müəllifidir, əməkdar jurnalistdir. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir. Onu "Ədalət"ə bu qədər doğmalaşdıran, yəqin ki, təbiətən ədalət axtarışında olmasıdır. Lakin ədalət axtarışında olanların başı daim bəlalar içərisində olduğundan, "hər halda, hadisəyə də, həyatın özünə də yanaşmanın bir baxış bucağı olmalıdır" deyən Əbülfət Mədətoğlu həyatı boyunca "dərdə də, kədərə də sanki nişangah olmaq üçün doğulduğunu", "havaya atılan güllənin də gəlib özünə dəydiyini" yaradıcılığında etiraf etmək məcburiyyətində qalmaqdadır. Ən çətin hallarda Tanrıya və sevdiyi adama (adamlara) sığınan şair yazır:

Tanrı ətəyinə uzanan əlim
Saralır son bahar yarpağı kimi.
Oxşa gəl ruhumu, ay gözəl ölüm!
Vətənin bir ovuc torpağı kimi.

("Mənim kimi sevə bilsən..." Bakı, "Gənclik", 2012. s.24.)

Və ya

Bir ömrüm var-uduzduğum, udduğum...
Günlərini saymaq indi nağıldı.
Ay diz çöküb ətəyindən tutduğum!
Niyə mənim yurdum-yuvam dağıldı?

(Yenə orada. s. 25.)

Bu məqamda Məmo bəy Məmainin (1834, Şuşa-1918, Şuşa) X. Natəvanın vəfatından sonra Qarabağda "Məclisi-üns"ün dağılmasına, rus havasına at oynadan "hayes"lərin qarşısında "türkes"lərin təklənməsinə, doğma yurdlarından didərgin düşmələrinə işarə edərək yazdığı qəzəlin aşağıdakı misraları yadıma düşür:
Bir bikəsi zarəm, vətənimdə vətənim yox!
Bir bülbüli-bibalü pərəm, vay, çəmənim yox!
............................................
............................................

Viranə qalıb "Məhfili-üns"üm dağılıbdır,
Nə yar, nə qəmxar, nə bir həmsüxənim yox.
............................................
............................................

Bir yanda vətən təhlükəsi canımı almış,
Bir fəhm edənim, anlayanım, dərk edənim yox!

"Məhfili-üns"ünün dağıldığını, "vətən təhlükəsinin canını aldığını", "vətənində vətəninin yox"a çıxmaqda olduğunu görüb həyəcanlanmış Məmo bəy Məmaidən fərqli olaraq, özünü "sivil" və ya mədəni" adlandıran dünyanın haqqa qapanmış gözləri qarşısında dağlı və aranlı Qarabağı düşmən tapdağına çevrilmiş, ata-anaları, hətta bələklərdəki körpələri belə kəsilmiş, doğranmış, yandırılmış, qardaş və bacıları əsir alınmış, alçaldılmış, təhqir edilmiş, özü isə öz vətənində "məcburi köçkün", "məcburi qaçqın" statusu daşıyan bir şairin ağrılarını dilə gətirmək elə mənim özüm üçün də necə ağırdır! Bəlkə də, elə buna görə onun əsərləri ilə tanış olduqdan sonra Bəxtiyar Vahabzadə: "Əbülfət sözün əsil mənasında şairdir, onu oxuyanda tüstüm təpəmdən çıxır" (Bax. Nizami Cəfərov. Tarixiliyin müasirliyi... və müasirliyin tarixiliyi" səh.138.) demişdir. İşğal edilən yurdlarımızda əcdadlarımızın başları üzərlərindəki vətən daşlarının doğram-doğrandığı, hər ilin "Axıır Cümə" günü "məcburi köçkün" və "məcburi qaçqın" statuslu vətəndaşlarımızın dumanlı baxışlarının düşmən tapdağında qalan ata-baba ocaqlarımıza dikildiyi bir şəraitdə "vətəndəki vətənsizliyi" görməmək mümkün deyildir. Nəinki dünyəvi-coğrafi, hətta, ruhi-mənəvi yaşantıları əlindən alınmış Qarabağsız Qarabağlını "evi yanmış düzgün adam" adlandıran Əbülfət Mədətoğlu yazır:
Mən dünyadan küskün adam...
Yollar yormuş üzgün adam...
Evi yanmış düzgün adam...
Tanış olaq, sevinərəm.

(Allah, məni, unutma" Bakı. "Çinar Çap", 2006.-Səh.3.)

"Tanışl olaq" ifadəsi ilə şair illərlə yaddaşını toplayıb tanımalı olduğunu tanıya bilməyən ATƏT-in Minsk qrupuna sanki ironik bir şəkildə müraciət edir. Bu müraciətdəki sarkazm necə də sarsıdıcıdır!
Nizami Cəfərov (akademik) onu "Hər görüş bir ümiddi" kitabına görə "fərdi hisslər... və sosial xarakterlər şairi", "özünü yazan şair" adlandırır."
Əbülfət Mədətoğlunun yaradıcılığını çox sərrast bir şəkildə ümumiləşdirən Nizami Cəfərov "Qarabağ ədəbi mühitini, bir az da Natəvan ruhunu, intonasiyasını özündə yaşadan Əbülfət" ifadəsi ilə Azərbaycan ədəbi tənqidinin səmimiyyətini sərgiləmiş olur: " ... onun şeirlərinin hamısında ... dərin ağrı bir ana xətt kimi (Bax. Nizami Cəfərov. Tarixiliyin müasirliyi... və müasirliyin tarixiliyi" səh.143.) gəlib keçir.

Mən heç kimlə görüşüb
dərd danışa bilmədim.
Boğdum dərdi içimdə
bərk danışa bilmədim.

***
Arsız, gorsuz dolanım,
qəlbi gücə salmayım?
Yığışıb, köçüb gedim
artıq adam olmayım.

(Yenə orada. Səh.19.)

Əbülfət Mədətoğlunun Anasına "çadır taleli anam", dağlara "a dağlar, qəriblik əyibdi məni" deyə müraciət etməsi də köçkünlüyündən və didərginliyindən irəli gəlir. Nə olsun ki, o, Azərbaycan adlı ananın qoynundadır- həmvətənlərinin arasındadır, nə olsun ki, dil və din fərqini yaşamır, axı, ata ocağı ilə təmasda olmaq bambaşqa bir xoşbəxtlikdir.
Görkəmli şairimiz Ramiz Rövşənin "... Əbülfət son dərəcə səmimi və son dərəcə özünə bənzəyən şairdir" (Bax. Nizami Cəfərov. Tarixiliyin müasirliyi... və müasirliyin tarixiliyi" səh.138.) deməsi də təbiidir. Bu səmimiyyət onun etiraf şeirlərində daha qabarıq görünür:

Nə kəndim var, nə evim...
Hansı qapını döyüm.
Neçə günlük qonağam...
Nə bilim, necə deyim?

(Cəzayam sevdiyim qıza. Bakı, "Heroqlif", 2017. Səh.4.)

Hələ də həllini tapmayan məlum hadisələrin üstündən 30 ilə yaxın bir vaxt keçsə də, şair vətənindəki vətənsizlikdə özünü qonaq qismində görür. Qapıları üzünə bağlı dünyanın Azərbaycana ögey münasibəti Əbülfət Mədətoğlunu üsyankarlığa sövq edir:

Mənim bu dünyayla söhbətim tutmur.
Gah alnımdan vurur, gah kürəyimdən.
Adi sözümü də çeynəmir, udmur..
Asılıb qalıram mən ürəyimdən.

(Yenə orada. Səh.7)

Digər bir şeirində isə məcburi köçkünlüyü və qaçqınlığı ilə barışmaq istəməyən şair ata ocağına "nə qədər uzaqdan baxa-baxa" duracağını bilmək ümidi ilə elə Qarabağın özünə sual verir:
Əlim daşını öpmür,
Zirvənisə gözlərim...
Mən nə qədər uzaqdan
Baxa-baxa közərim?
Qarabağım, Qarabağ...

(Yenə orada. Səh.18.)

Əbülfət Mədətoğluna çətin, bəlkə də, ən çətin görünən yazılardan biri və birincisi işğala məruz qalıb, kərpic-kərpic sökülən vətən haqqında şeir yazmaqdır. Bəlkə də, ağı deməkdir. Axı, bu şair ağlamaq istəmir. O, vətəni azad edəndən sonra ağriyan sinəsini yaralı Qarabağ torpağına sürtüb, dərd ovutmaq istəyir. Yadların fitvası, yağıların əlləri ilə sərvəti talanan, olanı-olmazı hərraca qoyulan, yolları bağlı, körpüləri sınıq vətənin dərdinə çarə qılmadan üzdəniraq vəsfə və yalançı tərifə qələm çalmaq şairlərin deyil, məddahların işidir. Əbülfət Mədətoğlunun günahkar oğul tövrü ilə qələmə aldığı "vətən" şeiri bu mənada çox orijinaldır:

Sənə şeir yazmıram...
Sənə şeir yazmaq
çətindən-çətin...
Çünki sən
şeirlik deyilsən, Vətən!
Bağışla!
Keç günahından.
Sənə
seir yaza bilməyən
Əbülfətin!..

(Yenə orada. 2017. Səh.17.)
Əbülfət Mədətoğlunun bədii yqaradıcılığındakı orijinallığı görən Rüstəm Kamal yazır: "Məni öz havası, səs tembri olan şair daha çox maraqlandırır. ... Əbülfət Mədətoğlu belə şairlərimizdən biridir." Ünlü şairimiz Musa Yaqubun "Əbülfət Mədətoğlunu ... həvəslə oxudum, bəyəndim, könlümə yatdı" etirafını da bunun üzərinə gəlsək, onda "görünən dağ və bələdçi" məsəli ortaya çıxmış olar.

Sevgi sevgiyə bənzər də, bənzəməz də. Sadəcə olaraq eyni olmaz. Amma ki, sevən qəribə olar: bir gün təsdiq etdiyini, bir gün inkar edər. Lap elə Əbülfət Mədətoğlu kimi:

Gözünü sıxma ovcuma...
Qarası, ağı əriyər.

(Allah, məni, unutma" kitabından. Səh.7.)

Və ya

Kədər göy qurşağıtək
Kəsib keçir içimdən.
Sıx gözünü ovcuma-
Susamışam, içim mən.

("Mənim kimi sevə bilsən..."
kitabından. s.165.)
Əbülfət Mədətoğlu həm də dilinin lakonikliyi ilə seçilən şairlərimizdəndir. Onun şeirlərində xəlqi bir səmimiyyət vardır. O, titrəyən səs sahibindən sevdalı kəs sahibi olub-olmadığını soruşanda da şirin-şirin, "həm sənə qurban olum, həm də sənin yoldaşına" şəklində soruşur.

Səsin niyə titrəyir?
Səsinə quzu kəsim.
Varmı sənin bir kəsin?
Kəsinə qurban olum.

(Yenə orada.Səh.56.)

Sonra da ürəyindən çıxara bilmədiyi o əziz və doğma adamdan uzaqlaşmaq, onun gözlərindən ilim-ilim itmək, hətta, içindəki sevdalı Əbülfəti sevdiyi gözlərdən uzaq, qeyri-müəyyən bir yerdə basdırmaq istəyir:

Bağışla, mən gedirəm
Özümdən uzaq yerə...
Özümü dəfn edirəm
Gözündən uzaq yerə...

(Yenə orada. s.68.)

Şəksiz ki, özündən asılı olmayaraq, o qeyri-müəyyən yerdə basdırılan şair yenidən göyərir. Sevdalısı olduğunun saçlarının sağa-sola əsən "küləklərin əlində" oxşandığını görəndə yerindən oynayıb qalxar. Sevdiyini ittiham etməyə ürək eləməsə də, gördüyü səhnədən "qübarlandığını" zarafata salıb söyləyir:
Saçın külək əlində
Nazlanır, xumarlanır.
Gözlərinin önündə
Gör, necə qübarlanır
Ürəyindən bu oğlan.

("Sevgi pıçıltıları". Bakı, "Vektor" Nəşrlər evi, 2007. S.25.)

Hər şirində bir acılıq olduğundan insan acının da dadını bilmədən yaşaya bilmir. Axı, bu taledir. Bütün sevgilərdə olduğu kimi "zülfü siyah"ların da sevgisində şirinliklə acılıq bir yerdə olur. Sevənin isə qaçmağa yeri olmur. Şirin dərdlə acı dərdin arasında qalan insanın bircə çıxış yolu vardır ki, o da dərdə qol açmaqdır:
Qollarımı açmışam...
Dolan, boynuma, dərdim.
Cani dildən deyirəm:
-Bəlan boynuma, dərdim.

("Ürəyim sənlə danışır". Bakı, "Gənclik", 2015.Səh.3.)

Sevda məqamları ilahi məqamlardır. Bəzən orada səslər deyil, nəfəslər danışır. Əbülfət Mədətoğlu eyni bir ahənglə vuran ürəklərin döyüntülərinin eşidildiyi məqamda susmaq istəyir. Ona görə ki, "danışsa, səni sevirəm" söyləyəcəyindən, ürəklərin dediklərinitəkrar etmək xətasından- təkrarçılıqdan qorxur. Çünki təkrarçılıq şeir və şair üçün nöqsandır.
Əbülfət Mədətoğlu qələmini nəsrdə və publisistikada sınamış, ictimai və siyasi həyatımızda baş verən hadisələrə yazıçı-jurnalist münasibətini bildirmişdir. O, bir çox dəyərli publisistik məqalələrin müəllifidir. Bu yazılar gündəlik həyatımızı əks etdirən obyektiv və orijinal yazılardır. Onun üstün cəhəti ondadır ki, o, irili-xırdalı hər hansı bir yazısında özüdür, heç vaxt və heç kimi təkrarlamır. Bu onun şəxsiyyətinin böyüklüyünün və oxucularına sonsuz hörmətinin və sevgisinin təzahürüdür. Axı, Əbülfət Mədətoğlunun güvəndiyi adamlar, elə onun özünün təbirincə desək, "sevməyi bacaran oxuculardır." Ona daim "sevməyi bacaran oxucular" arasında olmağı, onların əlindən yerə düşməməyi, onlarla birlikdə bundan sonra üzümüzə gələcək yaz gecə - gündüz bərabərliyi anlarını doğma Qarabağda qarşılamağı arzu edirəm.