adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Fevral 2019 00:13
6199
GÜNDƏM
A- A+

Ermənilərin vəhşi siması

Əvəz Lələdağ

(əvvəli ötən sayımızda)

Daud Xeyriyan yazır: "Martın 2-də "Qaflan" erməni qrupu 200-dən artıq azərbaycanlı meyidini yığıb Xocalıdan təxminən 1 km aralı olan qəbirstanlıqda yandırırdı. Axırıncı maşında mən alnından və qolundan yaralanmış 10 yaşlı bir qız uşağı gördüm. Sifəti göyərmiş bu uşaq aclığa, soyuğa, yaralarına baxmayaraq hələ də sağ idi. O, sakitcə nəfəs alırdı. Ölümlə çarpışan bu uşağın baxışlarını unuda bilmirəm və heç vaxt unutmayacağam. Bir qədər sonra Tiqran adlı əsgər qızın saçlarından tutub alovlanmaqda olan meyit tonqalına atdı. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasında kim isə qışqırır, köməyə çağırdı. Bu vəhşiliyi gördükdən sonra mən daha yeriyə bilmədim". Bu, erməni vəhşiliyinə erməninin etirafıdır!
Mayor Leonid Kravets adlı ziyalının Xocalı barədə dediklərindən:
-"26 fevralda mən yaralıları daşıyırdım. Mən özüm 200-ə qədər öldürülmüş və səpələnmiş adamları gördüm. Sonra uçduq, ölüləri götürmək istədik. 1 kapitan da var idi, adı yadımdan çıxıb. O ölülər arasında özünün 4 yaşlı oğlunu tapdı. Onun kəllə beyni dağılmışdı. Kapitan ağlını itirdi. Götürə bilmədiyimiz başqa uşağın başı kəsilmişdi. Biz hər yerdə vəhşicəsinə təhqir olunmuş qadın, uşaq, qoca meyidləri gördük".
1992-ci ildə əsir düşmüş Xanım arvadın dediklərindən: "Bizi, kəndin arvad-uşağını, cavanını, ahılını bir yerə topladılar. Dinəni güllələdilər. Gəlinim Mələk on gün idi zahı yatmışdı. On günlük çağa mənim qucağımda idi (Lamiyənin indi 26 yaşı var) Yaş yarım olan uşağı Mələk dalına şəlləmişdi. Bu heyndə dığalardan biri əlində avtomat tüfənglə Mələyə yaxınlaşdı: "İndi sən mənimsən" dedi! Mələk bir yerə baxdı, bir göyə baxdı, südəmər körpəsini açıb bağrına basdı, yön çevirdi dərgaha. "Sən ey gözəgörünməz, özün kömək et mənə, özün saxla, ya Rəbim döşümdəki körpəni. Qurda-quşa yem eylə vəhşilər yesin məni. Belə baş kəsənlərin əlində qalmayım mən, ləyaqəti alçalan bir qadın olmayım mən". Yaxınlaşıb lomba ilə tüpürdü dığanın üzünə. Vəhşiləşmiş dığa bir daraq gülləni boşaltdı ana-balanın bədəninəg Içindən nalə qopdu!

Ehey!!!Ay qoca leylək,
Xocalıya gəlmə tək.
Gözünü yumdu mələk,
Tanrı onu görmədi.

Hanı haqqın gur səsi,
Haraylamır bir kəsi.
Qucağında körpəsi,
Tanrı onu görmədi.

Göyün gözü qaraldı,
Göyün gözün tor aldı,
Göyün gözü kor oldu,
Tanrı onu görmədi.

Ruslar ermənilərə qoşulub adamları seçirdilər. Cavan oğlanları, qızları maşınlara doldurub harasa aparırdılar".
1992-ci ildə əsir düşmüş Kərimov Şamil məllimin dediklərindən: "Bizi bir damda suyun içndə saxlayırdılar. Tikanlı məftillərlə dövrələnmiş hasarın içində gəzişirdik. Burada məftillərdən kəsilmiş qulaq, burun, dil və insanın başqa əzaları asılmışdı. Bir üstü açıq maşın gəldi. Sürücü və iki dığa bizə dedilər: "Sizə xaş gətirmişik, gəlin götürün". Dörd qulplu mis qazanı maşından endirdik. Qazanın ağzını açın, əmrini verdilər. Qazanın ağzı açılanda kəsilmiş insan başlarını gördük. Burda bizi bir-birimizin üstünə salıb it kimi boğuşdururlar. Kəlpətinlə qızıl dişləri çıxarır, çənə sümüklərini, sağlam dişləri sındırırlar. Qızarmış dəmirlə sinələrə xaç şəkilli damğa vururdular. Bizimlə olan Zaur Gülməmmədovun, Arzu İbrahimovun, Mail Məmmədlinin bədənini siqaretlə yanıq-yanıq etmişdilər".
"Xocalı qırğını" barədə xarici jurnalistlərin yazılarından:
Fransa jurnalisti Jan-İv Yunet: " Biz Xocalı faciəsinin şahidləriyik. Qətlə yetirilmiş yüzlərlə dinc əhalinin- qadınların, uşaqların, qocaların və Xocalını müdafiəyə qalxanların cəsədlərinin səpələndiyi yerləri görmüşük. Mən müharibə və alman faşistlərinin vəhşilikləri barədə çox eşitmişəm, bütün bunlar ermənilərin törətdiyi vəhşiliklərlə müqayisədə heç nədir. Onlar 5-6 yaşlı uşaqları da güllələyir və tonqalda yandırırdılar".
"İzvestiya" qəzetinin müxbiri Belıx gördüklərini belə qələmə almışdı: " Ermənilər öldürdükləri adamların gözlərini çıxarmış, qulaqların kəsmiş, baş dərilərini soymuşdular. Bəzi meyitlərin boyunlarını da vurmuşdular. Bir neçə meyiti toplayaraq bronetransportyorun dalınca sürükləyirdilər".
"Sandi Tayms"da dərc olunan məqalədə yazılmışdı ki, "g ermənilər şəhərdən baş götürüb qaçan ailələrə də aman vermir, onları avtomatlardan və pulemyotlardan açılan atəşlə kütləvi şəkildə qırırdılar".
Parisdə çıxan "Valer aktyuel" jurnalının 14 mart 1992-ci il tarixli nömrəsində yazılmışdı: " Bu muxtar regionda erməni hərbi birləşmələrinin və onlara Yaxın Şərq ölkələrindən köməyə gəlmiş erməni hərbçilərinin müasir hərbi texnikası, o cümlədən "ASALA" vertalyotları, Suriya və Livanda hərbi düşərgələri, silah anbarları var idi. Ermənilər Qarabağın yüzdən artıq müsəlman kəndində dinc azərbaycanlı əhalini amansızlıqla qırırdılar".
-"Faynenşl tayms" qəzeti 14 may 1992-ci ildə yazmışdı: " General Pyankovun dediyinə görə, 366-cı batalyonun 103 erməni hərbi qulluqçusu vuruşmaq üçün Dağlıq Qarabağda qalmışdır".
Moskva "Memorial" hüquq müdafiə mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan hüquqlarının kütləvi pozulması faktları barədə məlumatlarında göstərilir. "Qaçanlar ermənilərin pusqusuna düşmüş və güllə boran edilmişdilər. . . 4 gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitdə təhqirə məruz qalma əlamətləri olmuşdur. 4 meyitin başının dərisinin soyulduğu və 1 meyitin başının kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət məhkəmə tibbi ekspertiziyasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən etmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla öldürülmüşdür. Ağdamda sanitar qatarının qeydiyyat curnalında qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsarət və donma faktları müşahidə olunmuşdur. Orada diri adamın baş dərisinin soyulması qeydiyyata alınmışdır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikəst olmuş, 953 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, mülkü əhalinin ümumi sahəsi 9 milyon kvadrat kilometr olan mülkləri dağıdılıb, yandırılmışdır. Dağıdılmış və əmlakı yandırılmış yaşayış evlərinin ümumi dəyəri on milyardlarla dollar həcmindədir".
O anları yadıma salanda içim göynəyir, tüstüm təpəmdən çıxır, nə idi bu günahsız insanların günahı?
" Moskovski komsomolets" belə bir xəbər yaymışdı: " Xocalıda ancaq ölülər qalmışdır". Həmin qəzetin müxbiri V.İvleva yazmışdı: " Hücum başlayanda mən hərbi dəstənin ikinci eşelonunda irəliləyirdim. Xocalıya yaxınlaşanda buluda oxşar nəyinsə bizə tərəf gəldiyini gördüm. Bu, yarıçılpaq, çılğın adamlardan ibarət izdiham idi. Ən arxada qarın üstü ilə güclə yeriyən ayaqyalın bir qadın, üç uşağını arxasınca bir təhər sürükləyirdi. Ən kiçik uşaq ikigünlük idi. Bu adamlar canlarını qurtarmaq üçün dağlara və meşələrə çəkilmək istəyirdilər. Amma yolda erməni silahlıları onları amansızlıqla gülləyirdilər. Erməni quldurlardan yaxa qurtaranlar isə soyuqdan və şaxtadan qırılırdılar".
Qarabağın ən qədim məskənlərindən biri olan Xocalıda törədilən erməni cinayətkarlığı dünya tarixində vəhşilik baxımından analoqu çox az olan ən dəhşətli genosid idi. Xocalı faciəsi XX əsrdə xüsusi qəddarlıqla törədilmiş Xatın, Xirosima, Naqasaki, Sonqmi fəlakətləri ilə bir sırada durur.