adalet.az header logo
  • Bakı 11°C
16 Fevral 2019 00:09
98627
LAYİHƏ
A- A+

Tariximizə səyahət

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Məlum olduğu kimi, Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə Azərbaycanın görkəmli dövlət xadimi Atropat başçılıq edirdi.
Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti (e.ə. 336-e.ə. 330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Mənbələrdə bu ada ilk dəfə e.ə. 331-ci ildə təsadüf edilir. Makedoniyalı İsgəndər İss vuruşmasından (e.ə.333) sonra Kiçik Asiya, Suriya, Finikiya, Fələstin və digər əraziləri işğal etdi. Bu məğlubiyyətdən sonra III Dara yenidən ordu toplayaraq İsgəndərin qarşısını almağa səy göstərdi. Lakin İsgəndər Dəclə və Fərat çaylarını keçərək e.ə. 331-ci il oktyabr ayında qədim Assur şəhəri Ərbilin yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlledici zərbə endirib onu məğlub etdi.
Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var.
Makedoniyalı İsgəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına görə, Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edən Atropatın bölməsində kadusilər, albanlar və sisaklar da iştirak edirdi.
Atropat yeganə Əhəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu vilayətlərin idarəsini də ona tapşırdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi şəraitdə qoyuldu. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyasət yürüdən bir dövlətə çevrildi.
Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgilər olduqca azdır. Lakin mənbələrdən məlum olur ki, istər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropatidlər sülaləsinin hakimiyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni cəhətdən qonşu ərazilərdən xeyli öndə idi.
Strabonun göstərdiyinə görə Atropatena hakimlərinin Qazaka (Taxtı Süleyman) və Marağa adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada bu sülalənin yay, Marağada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində (indiki Təxti Süleyman) hələ Midiya dövləti dövründən müqəddəs sayılan Azərgüşnasp məbədi mövcud idi.
Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 323-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm də Parfiya hökmdarları olmuşlar.
Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə, III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər. Atropatilər sülaləsindən Atropat, Artabazan, Mitridat, Artabaz, Ariobarzan və Ariobazın adları məlumdur. E.ə. III əsrin 20-ci illərində Atropatena taxt-tacında biz Arazın yalnız cənubunda deyil, şimalında da çox geniş əraziyə malik olan "ən qüdrətli və ən müdrik hökmdarı", "atropatilər və onlarla həmsərhəd xalqlar üzərində" (Polibi) hökmranlıq edən Artabazanı görürük. Polibinin dediyinə görə, Artabazanın dövləti Kaspi dənizindən Rioni çayının yuxarılarınadək uzanırdı. Bu vilayət, yunan müəllifinin (Polibinin) təsdiq etdiyinə görə, "...Midiya ilə yanaşı olub ondan dar silsiləsi ilə ayrılır, onun bəzi hissələri Fasisdən yuxarıdakı yerlərdə Pontun üzərində yüksəlir; digər tərəfdən o, Hirkan dənizinə qədər çatır. Vilayətdə əsasən at belində vuruşan və müharibə üçün daha nə lazımdırsa hamısına kifayət qədər malik olan güclü bir xalq yaşayır".
E.ə. 223-190-cı illərdə Atropatena Selevkilərin hakimiyyətini tanımağa məcbur oldu. E.ə. 190-cı ildə Maqnessiya ətrafında romalılarla döyüşdə Antiox məğlub olduqdan sonra, Atropatena Selevkilər dövlətinin asılılığından qurtarmışdı.
Parfiyalılarla Atropatenalıların mənafe ümumiliyi, onların mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri ilə Parfiya ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu.
Qeyd edilən dövrdə Atropatenanın və atropatenalıların adları mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə də, təsdiq etmək mümkündür ki, atropatenalılar Roma əleyhinə sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Strabon məlumat verir ki, Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000 süvari və 40000 piyada çıxara bilər".
E.ə. IV əsrdə Azərbaycanın şimal və cənub ərazilərində yaranmış Albaniya və Atropatena dövlətlərinin sərhədləri Araz çayı boyunca keçmişdir. Lakin heç də bu sərhədlərin sabit olduğunu demək olmaz. Belə ki, müasir Naxçıvan və Zəngəzur ərazisini əhatə edən Sünik vilayəti və Balasakan vilayəti gah Albaniyanın gah da Atropatenanın tərkibinə daxil olmuşdur. Bu vəziyyət təxminən bizim eranın III əsrinin əvvəllərinə qədər davam etmiş, III əsrdən isə hər iki vilayət qəti şəkildə Albaniyanın tərkibinə qatılmışdır.
Həmçinin Albaniyanın aparıcı tayfalarından olan albanların da Atropatena ərazisində yaşaması haqqında da mənbələrdə məlumatlar vardır. Görünür bu iki dövlət arasında dinc münasibətlərin olmasını da məhz hər iki dövlətin əsasən eyni etnik ünsürlərdən təşkil edilməsi ilə izah etmək mümkündür (Q. Qeybullayev - Azərbaycan türklərinin təşəkkülü tarixindən, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1994, səh. 133).
Antik müəlliflərin əsərlərində alanların Atropatenaya iki yürüşündən bəhs olunur. Alanlar eramızın 72-74-cü illəri arasında Xəzər sahili əyalətlərə, o cümlədən Atropatenaya da basqınlar etmişlər.
Eramızın ilk əsrləri Atropatenada feodal münasibətlərinin yaranması və güclənməsi dövrü idi. Sasanilər imperiyasına daxil olan müxtəlif vilayətlərin ərazisində, o cümlədən Azərbaycanda aşkar edilən kitabə və bullalarda (dövlət sənədlərinə bağlanan möhürlərdə) qeyd edilən titulların və inzibati terminologiyanın eyniliyi, eləcə də müxtəlif qaynaqlardakı xəbərlər göstərir ki, Adurbadaqan - Cənubi Azərbaycan ərazisində də bütün imperiyaya xas olan ərazi bölgüsü və inzibati idarəçilik qüvvədə idi.
Ölkənin iqtisadi həyatına, siyasi və mədəniyyət tarixinə aid yazılı mənbələr və arxeoloji materiallar son dərəcə azdır. Lakin əldən olunan qaynaqlar sübut edir ki, Atropatenanın kənd təsərrüfatı, sənətkarlığı, ticarəti, şəhər həyatı çox inkişaf etdiyi bir ölkə idi. Cənubi Azərbaycan ərazisində müstəqil dövlət yaradılması qədim ənənələrə malik ölkədə təsərrüfat həyatının fəallaşmasına, məhsuldar qüvvələrin yüksəlməsinə, ticarətin və sənətlərin canlanmasına çox kömək etdi.
Zəngin təbii-coğrafi şəraitə malik olan Atropatena ərazisi tarixən insanın formalaşmasında dünyada ilkin məskənlərdən biri olmuşdur. Bu ərazi cəmiyyət tarixinin müxtəlif dövrlərini özündə əks etdirən abidələr diyarıdır. Urmiya, Ərdəbil, Təbriz, Meşkin, Mərənd, Sərab, Miyanə, Marağa, Zəncan, Maku və digər ərazilərdə dövrümüzə qədər gəlib çatan mağaralardan tutmuş, Həsənli, Göytəpə, Qaratəpə, Muğan, Təxti Süleyman, Mərənd və sair abidələr tarixiliyi, zənginlik və əzəmətinə görə indi də insanı heyran edir.

(ardı gələn sayımızda)
Ə. MƏDƏTOĞLU