adalet.az header logo
  • Bakı 7°C
16 Fevral 2019 10:19
11801
GÜNDƏM
A- A+

Prezident İlham Əliyevin Beyləqan səfəri haqda rəsmilər danışdı - SORĞU

Xəbər verdiyimiz kimi, fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə edib. Səfərdə dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əhaliylə xoş söhbətlər edib. Əhalinin dərdlərini dinləyən prezident onlarla bir yerdə "Azərbaycanım” mahnısını ifa eləyib.

Adalet.az bu səfərlə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə prezidentin bu səfərinin çox müsbət hadisə olduğunu qeyd edib: "Prezident Beyləqanda da bütün məmurlara nümunə göstərdi. İlham Əliyevin Beyləqana səfəri müsbət məqamlarla yadda qalıb. Dövlət başçısının əhvalından görünür ki, Beyləqanda görülən işlər onu qane edib. Ölkə başçısının ictimaiyyət arasına çıxaraq, onlarla ünsiyyətdə olması, problemləri ilə maraqlanması, sakinlərin də onu qucaqlaması, hətta birlikdə mahnı oxumaları xalq və Prezident münasibətlərinin əyani sübutudur. Dövlət başçısı əhali arasında böyük nüfuza malikdir, xalq onu sevir. Görüşdəki əhval-ruhiyyə, Beyləqan sakinlərinin sevinci və Prezident İlham Əliyevin vəziyyətdən razı qalması məni olduqca qürurlandırdı. Dövlət başçısı ictimaiyyətlə görüşü zamanı insanların problemlərini yerindəcə həll etdi. Çünki o, bu məsələlərə çox həssaslıqla yanaşır. Evi dağılan qadına mənzil verilməsi, 36 mənzilli yaşayış binasının inşası ilə bağlı, Beyləqanın ən böyük kəndlərindən biri olan Dünyamalılar kəndindəki məktəbin tikilməsi üçün vəsaitin ayrılması Prezidentin xalqın problemlərinə həssas yanaşmasının göstəricisidir. Prezident İlham Əliyev insanlara həmişə diqqət və qayğı göstərib. Bunu müxtəlif görüşlərdə də müşahidə etmişik. Prezident İlham Əliyevin hadisə bölgələrinə getməsini, təhlükə ilə üzləşən insanlara diqqət göstərməsini, dövlət başçısının 2016-cı ildə ermənilərin mülki əhalini atəşə tutması nəticəsində zərərçəkən insanların evlərində olmasını, tanınmış ictimai-siyasi xadimlərə, mədəniyyət işçilərinə, jurnalistlərə göstərilən diqqəti, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müalicə xərclərinin qarşılanmasını qeyd edə bilərik. Biz bunların şahidi olmuşuq. Bu məsələlərə yüz minlərlə vəsait ayrılıb. Prezident bölgələri səfəri zamanı həmişə insanları dinləyib, problemlərini həll edib. Məmurlar xalqın qayğısına qalmalıdır. Ölkə başçısı atdığı addımları ilə bu nümunəni bütün məmurlara göstərməkdədir. Son dövrlərdə Azərbaycan Prezidentinin şəhid ailələri ilə görüşü, zəlzələ bölgəsinə səfəri zamanı zərər çəkən vətəndaşlarla səmimi münasibəti, ötən gün Beyləqanda xalqla bərabər olması, yaşından asılı olmayaraq hər kəsə göstərdiyi isti münasibət, körpə uşaqlara olan qayğı, ahıllarla mehriban davranış bir nümunədir. Ölkəmiz uğurla inkişaf edir və bütün sahələr üzrə əldə etdiyimiz nailiyyətlərin sayı günü-gündən artır. Təbii ki, bu uğurlar bundan sonra da olacaq. Bu gün Azərbaycan vətəndaşı ölkə başçısının apardığı siyasətdən tam razıdır. Xalqımız xarici ünsürlərin ölkəmiz haqqında dediyi ifadələrlə heç zaman razılaşmır və onu qətiyyətlə pisləyir.



Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, bu səfər xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirəcək: "Davamlı iqtisadi inkişaf, yüksək rifah dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bütün çıxışlarının əsasında bu tezis dayanır ki, həyata keçirilən siyasətin təməlində vətəndaş amili dayanır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi ölkədə yüksək ab-havanı təmin etməklə yanaşı, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Cənab Prezident İlham Əliyevin bu günlərdə Beyləqan rayonuna səfəri də bu tərkibdəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edən dövlətimizin başçısının ictimaiyyət nümayəndələri ilə görüşündə göstərdiyi səmimiyyət diqqətdən kənarda qala bilməz. Möhtərəm Prezidentimizin rayon ictimaiyyəti ilə mehriban görüşləri, Beyləqan rayon sakini ilə birgə mahnı ifa etməsinin ictimaiyyət tərəfindən necə rəğbətlə, yüksək əhvali-ruhiyyə ilə qarşılandığı sakinlərin fikirlərindən də aydın görünür. Bu səmimiyyət bir daha belə bir reallığa işıq saldı ki, cənab İlham Əliyev hər kəsin Prezidentidir, xalqa xidmət missiyasını yüksək səviyyədə, layiqincə yerinə yetirməklə, daim çıxışlarında qarşıya qoyduğu bu tapşırığın - "Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir" - real həyatda ifadəsidir. Rayon sakinlərinin bildirdiyi kimi, Prezidentin vətəndaşlarla bir yerdə olması, onlara arxalanması, onlarla ünsiyyət yaratması, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi onları sevindirir. Cənab İlham Əliyevin rayon sakinləri qarşısında "Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən sizin mənə olan inamınızdır" deməsi hakimiyyətin yeganə mənbəyinin xalq olmasının göstəricisidir. Möhtərəm Prezidentimiz Azərbaycanın uğurlarından bəhs edərkən həmişə "insan amili, insan kapitalı" anlayışının mahiyyətini diqqətə çatdırır və bu tapşırığı verir ki, məmurlar xalq üçün işlədiklərini, xalqın xidmətçiləri olduqlarını yaddan çıxarmamalıdırlar”.



Milli Məclisin deputatı İlham Məmmədov açıqlamasında prezidentin bu səfərinin qəhrəmanlıq nümunəsi olduğunu söyləyib: "Prezidentin ölkənin inkişafının nəticəsini insan amilinə yönəltməsi qəhrəmanlıq nümunəsidir. Bu gün dünya dəyişir. Artıq elə bir zaman gəlib ki, haqsız haqlıya güc gəlir, güclü gücsüzə zor tətbiq edir və bütün bunlar beynəlxalq müstəvidə bir gərginlik yaradıb. Belə bir vəziyyətdə ölkəni qorumaq, inkişaf etdirmək və bütün bu inkişafın nəticəsini məhz insan amilinə yönəltmək, əlbəttə ki, bir qəhrəmanlıq nümunəsidir, xalqına, millətinə böyük sevgidən irəli gələn bir amildir. Prezident İlham Əliyevin Azərbaycan xalqına, hər bir vətəndaşa böyük qayğı ilə yanaşdığını deyən deputat söyləyib ki, son dövrdə ölkə başçısının şəhid ailələri ilə görüşü, şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, pensiyaların artırılması, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması insanlarımızın sosial rifahının daha da yüksəlməsinə mühüm təsir edəcək, gələcəkdə sosial-pensiya təminatının yaxşılaşmasına xidmət edəcək: "Bunlar kiçik məsələlər deyil. Təkcə minimum əməkhaqqının artırılmasından 600 min insan bəhrələnəcək. Azərbaycanda ölkə başçısı tərəfindən həyata keçirilən sosial siyasətin əsas hədəfini insan amilinin inkişafı, vətəndaşlarımızın yüksək rifah halında yaşaması təşkil edir: "Azərbaycan prezidentinin son günlərdə həm zəlzələ zonasına, həm də ötən gün Beyləqana səfəri zamanı vətəndaşlara göstərdiyi səmimi münasibət bunun bariz göstəricisidir”.


Milli Məclisin deputatı Araz Əlizadə səfəri çox yüksək qiymətləndirib: "Çox müsbət bir hadisəydi. Mən bunu çox yaxşı qiymətləndirirəm. Bu cür səfərlər lazımdır, vacibdir. Və onu da deyim ki, nə qədər çox görüşlər olsa, insanların rifahının yaxşılaşmasına müsbət təsir edər və onlara əl tutular, kömək olunar. Bizim prezident alicənab adamdır, ona görə də, hesab edirəm ki, nə qədər çox insanlarla ünsiyyətdə olsa, o qədər çox bizim insanların həyat şəraiti yaxşılaşar. Səfərdə ən mühim hadisələrdən biri insanların mənzillərlə təmin olunması, onların sosial-iqtisadi inkişafına pul ayırılması oldu. Bunların hamısı çox müsbət bir haldır.