adalet.az header logo
  • Bakı 7°C
15 Fevral 2019 15:00
84160
MÜSAHİBƏ
A- A+

“Mən o insanlar üçün darıxıram” - Akif Aşırlıyla yubiley söhbəti

"Şərq” qəzetinin baş redaktoru, tanınmış jurnalist Akif Aşırlını 50 yaşı münasibəti ilə təbrik etmək üçün redaksiyaya getdim. Gördüm ki, xudmani bir məclis qurulub. Akif Aşırlının dostları – Vəli Xramçaylı, Elxan Zal və başqaları cəm olublar masanın ətrafına. Yubilyar məni görən kimi ürəkdolusu:

- Eşq olsun, sənətkara! – dedi.

Elxan Zal ordan qayıtdı ki, bacıoğlu, bunu yazarsan: "Akif bəyə Mahmud Qaşqari diplomunu təqdim etdik”.

Akif Aşırlı gülümsündü:

- İlk mükafatı Elxan bəy verdi…

Hamıyla bir-bir əl tutdum, Akif Aşırlının doğmalıq yağan üz-gözündən öpdüm. Sonra yubilyarı məclisdən qırağa çəkib qısaca söhbətləşdim.

- Akif müəllim, təbrik edirəm. 50 yaşınız oldu. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- Çox yaxşı. Dünəndən məni tərifləyənlərin, zəng edənlərin, haqqımda xoş fikirlər yazan insanların sayı-hesabı yox idi. Hesab edirəm ki, o insanlar Azərbaycanın qaymaq insanlarıdır. Mənim üçün çox dəyərlidirlər. Onlar heç vaxt qeyri-səmimi danışmazlar. O təbrikləri qəbul edəndə öz-özümə düşündüm ki, sən demə, bu 50 ili boşu-boşuna yaşamamışam. Dostların yanında olmağı bacarmışam. Nələrsə eləyə bilmişəm. Hansısa istedadlı gəncin qələmini sınaması üçün şərait yaratmağa çalışmışam. Buna görə də təbrik edənlərin sözləri açığı deyim, məni xeyli duyğulandırdı və həm də ürəkləndirdi.

- Kimin təbriki sizi daha çox sevindirdi?

- Təbii ki, birinci insanın ən yaxını ailəsidir, onun övladlarıdır. Dünən axşam övladlarım Türkiyədən zəng etmişdilər. İkisi də orda ali təhsil alırlar. Onların təbriki mənim üçün dünyanın ən gözəl təbriki idi. Təbii ki, dostların da təbriki bu qəbildəndir. Bir az şablon çıxsa da deyim: mən heç birinə fərq qoymuram. Çünki hər kəs içindən gələn fikirləri söyləyir.

- Zəng gəlir sizə. Götürmürsünüz?

- Təbrik edənlərin arası kəsilmir (gülür).

- Akif müəllim, bəs elə biri varmı ki, onun təbrikini gözləyirsiniz, amma hələ o təbrik gəlməyib? Ya da küsülü qaldığınız...

- Mən xaraktercə elə adamam ki, küsülü qalmağı sevmirəm. Nəsə problem olanda adamın üzünə deyirəm. Məsələn, yaxınıma deyirəm ki, səndən filan məsələyə görə incimişəm. Jurnalist həmkarlarım da bilir necə bir xarakterdə olmağımı. Mənim öz mövqeyim var, bu səhv də ola bilər, doğru da, ancaq bu mənim mövqeyimdir. Heç kəsdən də inciməmişəm. Bəzən kimləsə münasibətim soyuyanda da arada yumşaqlıq yaranması üçün ilk addımı mən atmışam.

Sualınıza gəldikdə isə... Təbii ki, adamın gözlədikləri olur. Əsas da itirdikləri adamlar yadına düşür. Ən sevdiyin adamlar ya qocalıb dünyadan köçüblər, ya başlarına faciə gəlib, ya qəzayla bu həyatdan gediblər. Səni erkən tərk edənlər olur və bu mənada da o insanları xatırladıqca üzülürsən. Amma təbii ki, bu da Tanrının qərarıdır, alın yazısıdır, qismətdir. Mən o insanlar üçün darıxıram. O insanların təbrikini qəbul etmək istəyərdim. Səhər olardı, yanımda olardılar, ya zəng edərdilər, səslərini eşidim.

- Ad gününüzü elə redaksiyada qeyd edirsiniz...

- Mənim bu məclisdən xəbərim olmayıb. "Şərq”in işçiləri təşkil eləyiblər. Onlar əvvəlcə restoranda eləmək fikrində idilər. Mən bunu eşidəndə qəti etiraz etdim. Çünki son dövrlər gərgin günlər keçiririk, qəzetlə bağlı problemlərimiz var, onları həll etmək istəyirik. Həm də o uşaqlara dedim ki, siz nə maaş alırsınız axı, bir də ona görə əziyyət çəkib ad günü keçirəsiniz. Onlar dedi, yox, Akif müəllim, siz həmişə bizə ad günü keçirmisiniz, indi də biz keçirmək istəyirik. Onda dedim, keçirmək istəyirsinizsə, burda eləyək elə. Hərə də evində bişirdiyini gətirib. Mən də həmçinin... (gülür)

- Xudmani bir məclis... Doğma...

- Bizdə həmişə bu cür olub.

- Bəs rəsmi bir qeydetmə düşünmürsünüz? Yubiley üçün...

- Düzü, ayrıca geniş şəkildə bir yubiley eləmək çətin olar. Çünki o kontingenti müəyyən etmək problem yaradacaq: birini çağıracaqsan, o birini yox. İnciyəcəklər. Amma düşünürəm ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində "Azərbaycan mətbuat tarixi” kitabımın təqdimatını, eləcə də yubileyimi keçirim.

- Akif bəy, son sual: bu günə qədər keçirdiyiniz ad günlərində sizə verilən ən yadda qalan hədiyyə hansı olub?

- Atamla anam zəhmətkeş adamlardı. Onlar həmişə çalışıblar ki, mənim ad günümü keçirsinlər. O ad günləri də ancaq evin içində, qohumlar səviyyəsində keçirilib. Onda da kimdə var idi ki? Əsas sevgi və hörmət idi. Səmimi, təmənnasız hamı gəlib yığışardı bir süfrənin arxasına. Yadıma o düşür ki, övladlarım balaca olanda Atatürk liseyində oxuyurdular. Hər fevralın 15-i mənim otağıma özlərinin düzəltdikləri açıqcaları qoyardılar. Mən o açıqcaları bu günə qədər də saxlayıram.

Söhbətləşdi: Ayxan Ayvaz