adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Fevral 2019 00:38
11783
GÜNDƏM
A- A+

Vaqif Bəhmənli: Məni məndən yaxşı tanımaz kimsə...

Oqtay
Abbas,
Şabran-
Çaraq

(əvvəli ötən sayımızda)

Əslində Vaqifin özünü günahlandırması insanda bir minnətdarlıq hissinin olması zərurətindən yaranır: Yaşayıb yaşa dolduqca görürsən ki, sənin varlığın təkcə səndən asılı deyil. Nə vaxtsa kölgəsində dincəldiyin ağacın, dizini yerə atıb suyundan içdiyin şır-şır bulağın, yoluna işıq saçan Günəşin, nəğmələrini dinlədiyin quşların, bir gözəlin sünbül tellərinin sənin mövcudluğunda, həyatını davam etdirməyində nə vaxtsa payı olub:

Duyğularım açılmışdı gül-gül.
Şeir yazırdım,
İndi eşitdim nəğməni, bülbül,
Bayaqdan
sinəmdəki bülbülün
səsinə qulaq asırdım...

(İki bülbül)

Yaxud:
Sakit və qəribə bir axşam çağı
Güzarım yurdumun
gölündən düşdü.
Elə şux oxudu yaşıl qurbağa
Heyrətdən qələmim
əlimdən düşdü.

(Qurbağa)

Vətən torpağı, ondan yaranmış bütün varlıqlar Vaqif yaradıcılığında adı bilinmyən, amma kövrək olduğu ilk andaca görünən duyğular fonunda təsvir edilir. Ona görə də cəsarətlə demək mümkündür ki, Vaqifin yaradıcılığı həm də mənəvi, tərbiyəvi fikirlərlə zəngindir. Çəkinmədən istənilən şeirni götürüb oradakı insani ideyalardan uşaqlarla, yeniyetmələrlə, gənclərlə aparılan işlərdə istifadə etmək mümkündür. Bu, poeziya üçün çox vacib xüsusiyyətdir. Məşhur alim akademik mərhum Azad Mirzəcanzadə yazırdı ki, bizim xalqda humanitar meyil, bədii təfəkkür güclüdür. Əgər mərhum alimin bu fikrindən çıxış etsək, asanlıqla başa düşmək olar ki, insanda hər hansı keyfiyyəti yaratmaq istəyirsənsə, onun meyil etdiyi amillərin təsirindən bacarıqla istifadə etməlisən. Yəni Vaqif yaradıcılığı, onun şeirləri əslində həm də bir tərbiyəvi təsir vasitəsi kimi dəyərləndirilməlidir.
Burada da qeyri-adi heç nə yoxdur. Məlumdur ki, insan mövcud olandan sonra yarananların hamısı-dinlər, ideologiyalar, təsisatlar, o cümlədən, ədəbiyyat və onun şah damarı olan poeziya məhz insanın bir şəxsiyyət olaraq formalaşması vasitəsi kimi nəzərdə tutulub. araq dünyaya "gəlib". Deməli, V.Bəhmənlinin yradıcılığı, xüsusən, şeirləri bu müqəddəs vəzifənin yerinə yetirilməsinə payını verir, az və ya çoxluğundan asılı olmayaraq, hər halda, rol oynayır.
Vaqifin poeziyasında insan üçün önəmli olan, amma nədənsə unudulmuşların və ya unudulmaqda olanların yada salınması istəyi, "mən kiməm?" sualına cavab tapmağa kömək göstərmək gücü var. Qul xislətindən, tarixən formalaşmış "mexaniki əyilmək istəyindən" uzaqlaşmağın cığırını göstərmək, saflaşmaq, arınmaq zərurətini çatdırmaq istəyi V.Bəhmənli şeirlərində çox vaxt vurğulanaraq, altı cızılaraq ifadə olunur:

Gələk mərcə,
heyvanlar
adamlardan
daha münasib
ad seçir məncə...
Məsələn,
sərçə:-cik, cik, cik...
cücə:-cü,cü,cü...
at:- tap,tap, tap...
qarğa:- qa,qa, qa..

***
Bülbülə
nahaqdan demirlər ki bülbül:
səhərdən axşama peşəsi budu-
bul- bul, bul-bul, bul-bul...
Qardaş,
Adını da bilmirəm,
əslinə qalanda adamın adı
qul olmalıydı-
Qul! Qul! Qul!
Tanrının hökmü,
Padşahın fərmanıyla!

Şairin yanaşması ilk baxışda bir qədər sərt görünür. Amma alt qatdakı nəzakəti, zərifliyi sezməmək mümükün deyil. Bəli, insanı insan kimi təqdim edən, ilahiləşdirən qüvvə daxilindəki azadlıq hissidir, qul olmamaq istəyidir. Bu istək Vaqifin yuxarıda nümunə gətirdiyimiz şeirində yüksək bədii zövqlə, ürək yanğısı ilə ifadə olunur.
Şair yaradıcılığı bir daxili fəhmlə cəmiyyətdə gedən proseslərə reaksiya verir. Bəlkə də bəzən yazar qarşısına xüsusi məqsəd qoymur. Ürək hökm edir, o da yazır. Amma yazılmış hər bir misranın, şeirin ictimai təsiri gec və ya tez özünü göstərir. Bu baxımdan V.Bəhmənlinin "Qəribə adam" adlı şeirinin cazibə gücü heyrət yaradır. Xəyalı sayı getdikcə çoxalan dağılan ailələrə, belə ailələrdə dünyaya göz açmış uşaqların acı taleyinə çəkir, "əlac nədir?" sualına cavab axtarırsan və görürsən ki, ailə bünövrəsinin əsası olan ana, onun mehribanlığı, mənfini müsbətə çevirmək üçün yorulmadan etdiyi cəhdləri, mülayim gülüşü, demə, daha çox kara gələ bilərmiş:

Qəribə adamdı, qardaş, bu adam,
ona bax, hər şeyə gülüb sevinir.
Canını ilantək sarsa da qada
gözünün yaşını silib sevinir.
O güldü,
Gülməsə açıla bilmir,
balıqdı,
dəryasız keçinə bilmir,
çağadı qundaqda,
ya heç nə bilmir,
ya da ki hər şeyi bilib sevinir...

Kamillik dövrünü yaşayan, ağlı kəsəndən sözü qiblə bilən bir adamın nəinki yaradıcılığını, heç bir kitabını da tam şərh etmək mümkün deyil. Vaqif yazır ki, "məni məndən yaxşı tanımaz kimsə".
Hər halda, cəhd etdim. Cəhd etdim ki, uzun illər ərzində tanıdığım nəcib ihsan, yaxşı dost olan Vaqif Bəhmənlinin yaradıcılığı və özü barədə ürəyimdən keçənləri bölüşüm...