adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2019 00:29
8756
GÜNDƏM
A- A+

GEDƏN KARVANI DAYANDIRMAQ OLMAZ

Qədir Tərtərli
Tərtər Rayon Ağsaqqallar şurasının sədri, AYB-nin üzvü, "Qızıl qələm" mükafatı laureatı.


Bu günkü Azərbaycan öz uğurlu uçuşları ilə çoxlarını heyrətləndirən polad qanadlı nəhəng bir təyarrəyə bənzəyir. Bu təyyarə çox qısa bir zaman kəsiyində heç də adi rəqəmlərlə ifadə olunmayacaq saysız-hesabsız uğurlara imza atmış qüdrətli bir xalqın böyük iradəsini, gücünü, qüdrətini nümayiş etdirdikdən sonra yenidən daha uğurlu uçuşa start götürmək ərəfəsindədir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizdə xalq təsərrüfatının bütün sahələrində qazanılmış misilsiz nailiyyətlər dünyanın hər yerində böyük əks-səda doğurmuş, mötəbər kürsülərdən inamla səsləndirilmişdir. Qazandığımız qələbələr, canıbir, qanıbir qardaşlarımızla yanaşı, yaxın dostlarımızı da fərəhləndirmiş, qəlbən sevindirmişdir.
Prezidentimizin son 15 ildə Azərbaycana qazandırdığı uğurlar, sosialyönümlü siyasətin durmadan davam etdirilməsi və xalq tərəfindən yüksək qiymətləndirilməsi xalq ilə ölkə rəhbərinin bir-birinə inamını, bir-birinə arxa durmasını əyani şəkildə sübut etmişdir.
İndi elə bir sahəni təsəvvürə gətirmək mümkün deyil ki, ölkə rəhbərinin diqqətindən kənarda qalsın, hörmətli prezidentimizin isti nəfəsi ilə isinməmiş olsun. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkədə möhtəşəm dəyişikliklər baş vermiş, regionların sosial-iqtisadi inkişafı haqqındakı dövlət proqramları yerinə yetirilmiş, iqtisadiyyatın artımı, infrastrukturun yeniləşməsi, şəhər və kəndlərin abadlaşdırılması, yeni yolların, körpülərin, əzəmətli binaların tikintisi geniş vüsət almışdır.
Sənayenin, nəqliyyatın, kənd təsərrüfatının durmadan inkişaf etdirilməsi, hər tərəfdə abadlıq və mədəni quruculuq işlərinin geniş vüsət alması adamlarımızın, birinci növbədə qaçqın və məcburi köçkünlərimizin sosial rifahının, onların mədəni-məişət şəraitinin yaxşılaşdırılmasını ön plana çəkmişdir.
Onu da etiraf etməliyik ki, ölkəmizdə qazanılan bu böyük uğurlar, əldə olunan nailiyyətlər heç də hamı tərəfindən birmənalı qarşılanmamışdır. Bunlar işlərimizə adi gözlə deyil, qara eynəklə baxan qara niyyətli adamların, anti Azərbaycan ab-havası ilə yaşayıb yaxşı işlərimizə kölgə salmağa çalışanların gözlərini qamaşdırmışdır. Şübhəsiz ki, bu sözlərin əsas düşmənimiz olan ermənilərə və daim onlara havadarlıq edən ermənipərəst qüvvələrə aid edilməsi heç kəsdə şübhə doğurmamalıdır.
"Qarı düşməndən dost olmaz" - deyib müdrik ata-babalarımız. Məhz elə buna görə də düşmənlərimizin yaxşı işlərimizə qısqanclıqla yanaşması, ona ağız büzməsi heç də təəccüblü deyil. Ən təəccüblüsü və dözülməzi çörəyimizi yeyib, suyumuzu içə-içə özümüzünkülərin özümüzə düşmən kəsilməsidir.
Kimdir bunlar? Xarici ağalarının pulu ilə maliyyələşən radikal müxalifətçilərimiz! Vətən sevgisindən, Vətən məhəbbətindən, Vətən təəssübkeşliyindən məhrum olub bilə-bilə düşmən dəyirmanına su tökənlərimizdir! Özümüzdən olub özümüzə daş atanlarımız, özümüzü kəsmək istəyən baltalarımız, özümüzü doğramaq xülyasında olan qılınclarımız, hər vasitə ilə xaricdəki ağalarının diktəsi ilə küçə mitinqləri keçirməklə sabitliyimizin pozulmasına çalışan, bu yolla hakimiyyəti zəbt etmək arzusunda olan keçmiş AXU-Müsavat tör-töküntüləridir, keçmiş yalançı mitinq qəhrəmanlarımızdır!..
İstər-istəməz adamı bir sual düşündürür. Görəsən, keçmişin iyi niyə burunlarından getməyib belələrinin, niyə ibrət götürməyiblər keçmişin dərslərindən? Məgər xalqın onları yaxşı tanıdıqlarını, yalançı vədlərini, adamları süd gölündə üzdürəcəklərini, küçələrə başdan-başa mərmər döşəyəcəkləri haqqındakı xülyalarını nə üçün yadlarına salmaq istəmirlər? Özləri kimi bir para ağıldan naqisləri pul vermək hesabına küçələrə çıxarıb mitinq keçirməklə nə qazanacaqlarını niyə düşünmək istəmirlər?
Niyə hələ də dərk etmək istəmirlər ki, artıq bu xalq əvvəlki xalq deyil. Ağı qaradan yaxşı seçir daha. Yel qayadan nə vaxt nə aparıb ki? O qaya ki, dağa söykənir, o rəhbər ki, xalqa - onun yenilməz gücünə, qüdrətinə arxalanır, onu heç kəs yolundan, nəcib əməllərindən ayıra bilməz. O, həmişə xalq ilə, xalq da həmişə onunla birlikdədir.
Azərbaycanı qarşıdakı illərdə daha böyük işlər gözləyir. Daha yeni-yeni böyük uğurlara imza atmaq arzusundadır Azərbaycan. Gələcəyə kosmik sürətlə addımlamaqdır onun məqsədi. Onun karvanı - Azərbaycan karvanı düz yoldadır, heç bir yabançı səs, heç bir quru və boş vədlər onu düz yolundan sapdıra bilməz! Çünki bu yolun məqsədi aydın, məramı düzdür.
Qoy düşmənlərimiz də, onların havadarları da bunu yaxşı bilsinlər. Bilsinlər ki, möhtərəm prezidentimizin, ali baş komandanımızın apardığı uğurlu xarici siyasət nəticəsində geci-tezi düşmənlərimiz qarşımızda diz çökəcək, işğal altında olan bütün torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız Qarabağın mərkəzində - Şuşada vüqarla dalğalanacaqdır. O gün uzaqda deyil, o gün yaxındadır!