adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Fevral 2019 00:21
3913
GÜNDƏM
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım

(əvvəli ötən saylarımızda)

-Doxtur, yatırsan?
Ağrılardan və qışqırmaqdan haldan düşən Fərhad gözlərini açdı:
-Bağışlayın! Yəqin sizi də yatmağa qoymadım. Hərdən məndə olur bu ağrılar. Dözülməzdir. Gərək sizə əvvəldən deyəydim. Ən yaxşısı, tibb məntəqəsinə daşınım. Yoxsa tutmalar gələndə sizi narahat edərəm.
-Bu nə sözdü? Bəyəm biz torpağın altından çıxmışıq. Yaxşı başa düşüruk bunların hamısını. Canını sıxma sən. Mən özüm müharibədə dörd il olmuşam. Onun dəhşətlərindən xəbərim var. Yaralarımın yeri hələ də sızıldayır. Dərdi verən Allah dərmanın da verər. Deyərəm Bəxtiyar sənə yemək gətirər.
-Özüm qalxıram indi.
-Yox, bu gün dincəl, istirahət elə.
Fərhad xalatını geyib dəhlizə sarı boylandı. Bir qadın gözləyirdi. Çağırdı, soruşdu:
-Nə şikayətiniz var?
Qadın başını qaldırıb həkimin üzünə baxmadan yavaşca dedi:
-Şikayətim çoxdu, doktor.
-Deyə bilərsinizmi haranız ağrıyır?
-Bəs deyirlər çox bilikli həkimsən.
- Gərək şikayətinizi deyəsiniz ki, mən də dərdinizin nə olduğunu yoxlayıb biləm. Bir də mən demirəm bilikliyəm. Kim deyirsə ona da bir söz deyə bilmərəm. Adınız nədi?
-Dilarə.
-Dilarə bacı, çəkinməyin, mən həkiməm. Şikayətnizi deyin, bacardığım qədər dərdinizə çarə arayaram.
-Yox, mən gedim, sonra gələrəm.
-Niyə gedirsiniz, gəlmisiniz də...
-Yox, ayrı vaxt gələrəm...
Qadın gedəndən sonra Fərhad xeyli düşündü: niyə gəlmişdi, niyə getdi?
Axşam evdə qəribə xəstə barədə danışdı. Səməndər dayı alnını ovuşdurdu. Deyəsən, narahat oldu. Səbəbini öyrənməyə cəhd elədi Fərhad:
-Onun ağlı başındadı, Səməndər dayı?
-Hə, ay oğul. Ağıllı qızdı. Təkbaşına yaşayır. Mən kolxoza başçılıq edəndə anasıyla yaşayırdı. Gözəl də qızdı. İndi yaşı bir az ötüb. Vaxtında anası xəstə oldu. Onu qoyub ərə getmədi. Anası öləndə də yaşı çox idi. Gedə bilmədi. Yəqin bir otuz-otuz beş yaşı olar. Təkbaşına yaşayır. Bir-iki avara gədə içkili-içkili evinə basqın eləmişdi. Gedib böyükləriylə danışdım, o başıpozuqları da tənbehlədim. Adamlar indi yaman dəyişib, oğul. Çoxu da məni qınayır ki, onun vəkili deyilsən ha. Yenə bir az məndən çəkinirlər. Çox acıyıram ona. Qeyrətli qızdı. Amma görünür, təkbaşına qalıb, bir az başı pozulub. Mənə elə gəlir qorxudandı. Sənin yanına niyə gəlib, onu bilmirəm. Gedib danışaram. Görüm bəlkə bir dərdi var. Məndən bir şey gizlətməz. Yazığın bir əmisi, dayısı da yoxdu, barı yanına çəksin. Sahib çıxsın ona. Gül kimi qızdı. Bir xalası var qonşu kənddə. Onun da deyir, əri əzazilin biridi. Xala qorxusundan yanına apara bilmir.
-Allah köməyi olsun!
-Amin!
Şəfiqə Məryəmin başına gələnləri eşidəndən sonra özünü ələ ala bilmirdi. Necə edəcək indi xalaqızı? Tək başına qaldı bir bölük uşaqla. Fərhadı çox sevir. Bunun ağrısı onu əyəcək yenə övladlarından sonra təsəllisi o idi. Ay Fərhad, ay Fərhad. Nə deyim sənə. Sən ki, belə vəfasız deyildin. Siz ki, bir-birinizi sevirdiniz. Kim girdi aranıza? Yoxsa, o əclaf Nərimanın işidi bunlar? Yaxşı, bəlkə, birisi sənə bir yalan deyəcək. Sən araşdırmadan, axtarmadan durub evindən gedəcəksən? Belə də iş olar? Özün də həkim adamsan. Nə deyəsən buna indi? Hansı adı verəsən? Özü də o boyda təhsil alıb. Ağlı başında biridi. Vallah, heç adamları tanımaq olmur.
Şəfiqə hələ Horadizdə neçə vaxt bundan irəli Fərmana demişdi ki, yaxından-uzaqdan soruşsun. Əlamətlərini versin ki, görən olsa xəbər eləsin. Fərman həyat yoldaşının dediyi kimi də elədi. Ev telefonunu da xırda kəsilmiş kağızlara yazıb əli yetən hər kəsə payladı. İki xalağızı oturub uzun-uzadı olub-keçəni ivirib-çevirdilər. Fərhadın evdən niyə getdiyinin səbəbini yenə də anlaya bilmirdilər. Bütün mülahizələr axırda gəlib Nərimanın üstündə dururdu. Şəfiqə onun kölgəsini qılınclayırdı:
-Onun işidi. O əclafin əlindən gələr bu alçaqlıq. Səni bu əllərimlə öldürərdim Allahdan qorxmasaydım. Kim bilir altda-üstə nə deyib yazıq Fərhada. Gör onun ağlını necə başından alıb ki, adam evini atıb gedib. Cəzanı verəcək Tanrı, görəcəksən. Özünü bu qədər həlak etmə, xalaqızı. Allah böyükdü, tapılar Fərhad. Bir gün ağlı gələr başına, qayıdar evə.
-Sən belə düşünürsən?
-Hə, başqa necə ola bilər? Fərhad kimi adam heç vaxt belə iş tutmaz. Bu ağılasığan deyil. Görünür, başına gələnlər onun beynini bir az pozub. Sakitləşib bir gün qayıdacaq, görərsən.
- Şəfiqə, Fərhad çox qürurludu. Əgər o binamus, alçaq mənə dediklərini ona da deybsə, dərdimizdən ölsə də qayıtmaz. Onu bura nə zülümlə gətirdim. Yadından çıxıb? Yalvardım-yaxardım. Nərimanın ilan dili onu elə zəhərləyib ki, bir də çətin buralara üz tuta.
-Nə deyim, Məryəm. Allah özü sənə kömək olsun!
-Sağ ol, Şəfiqə. Yaxşı ki varsan. Doğma xalam qızı olmasan da, mən səni heç vaxt uzaq bilmədim. Analarımız xalaqızı olsalar da, elə böyüdük, elə bil doğmaca bacıyıq səninlə.
-Doğru deyirsən. Aramızda heç zaman ayrı-seçkilik olmadı.
-Uşaqların necədi?
-Sağ ol, Mədinənin yanında qoymuşam həmişəki kimi. Allah ondan razı olsun! Yaxşı qonşudu, yaxşı insandı. Həmişə bir yerə gedəndə elə onlarda qoyuram uşaqları. Öz balası kimi baxır.
...Fərhadın ağrıları çoxaldığına, gecələr ağrıdan özündən asılı olmayaraq çığır-bağır saldığına görə məntəqədə yaşamağa qərar verdi. Səbəbini də Səməndər kişiyə dedi.
-Gövhər xalanı, Bəxtiyarı narahat etmək istəmirəm. Siz müharibə görmüş insansınız. Dəhşətlərin, ağrıların nə olduğunu bilirsiniz. Onlar belə şeylərə alışqan deyillər. Ona görə izin verin, orda yaşayım. Gələcəm hər gün. O qədər mənə yaxşılıq etmisiniz, heç özünüz də bilmirsiniz. Bəlkə də çöllərdə səfillik etməkdən məni qutardınız. Bunun üçün nə qədər minnətdarlıq etsəm, azdı. Zamanımda əlimdən tutdunuz. Yaxşı bilirsiniz insanın ümidini itirdiyi məqamlar olur. Bax, həmin anda bir əlindən tutanın olmasa, məhv olub gedirsən. Siz əlimdən tutdunuz, son ümidimi sönməyə qoymadınız. Nə qədər ömrüm var, yaxşılığınızı unutmaram.
- Heç bir minnətdarlıq-filan eləmək lazım deyil. Amma yadından çıxarma, burda sənin bir evin var. Heç bilmirəm Gövhər sənin köçməyinə nə deyəcək.
-Özüm onunla danışıb halallığını alaram...
Bir aya yaxın idi ki, məntəqədə yaşayırdı. Hər gün Bəxtiyar yemək gətirirdi. Bu, həkimi çox narahat eləyirdi. İstəmirdi zəhmət versin. Belə çıxır ki, tam tərsinə olub. Məntəqəyə köçməklə taleyin qismət elədiyi dost ailəni daha çox əziyyətə salıb. Elə buna görə günlərin birində Səməndər kişiyə dedi:
-Baxın, Səməndər dayı, hər gün gəlib evdə yemək yeyib qayıdaram. Bəxtiyara zəhmət verməyin.
-Bu, başqa məsələ. Bilirsən sən yemək yeməsən, Gövhər bizi evə buraxmaz, yemək verməz. Onsuz da məntəqə uzaq deyil. Gəl yeməyini ye, dön işinə.
-Oldu, dediyiniz kimi eləyəcəm...
Artıq sizin də tanıdığınız qız - Dilarə yenə gəldi. Fərhad onu görəndə Səməndər kişinin dedikləri yadına düşdü. Elə bil acıdı qıza:
-Xoş gəldin, Dilarə. Gəl otur, soyuqdu, sobaya yaxın otur.
Dilarə ürkək hərəkətlə gəlib sobanın yanındakı taburetkada oturdu. Bəxtiyarın qaladığı sobanın istisi həlimlik yaymışdı otağa. Fərhad Dilarəyə diqqətlə baxdı. Doğrudan da, elə bil qız qorxurdu insandan. Bilmədi ona necə nəvaziş göstərə.
-Nədən şikayətin var?
Qız uzun hörüklərini çəkişdirə-çəkişdirə başını aşağı saldı. Fərhad dillənmədi. Gözlədi ki, bəlkə qız söz tapmır dərdin anlatmağa. Özünə gəlib danışar. Bir necə dəqiqə keçdi. Dilarə başını qaldırmadı. Həkim düşündü ki, bəlkə qadın xəstəliyi var. Ona görə utanır. Kömək etmək istədi:
-Eybi yoxdu. Mən həkiməm. Utanma. Nə xəstəliyin varsa de.
-Heç yerim ağrımır.
-Bəs, onda niyə gəlmisən? Budur, ikinci dəfədir...
-...
-Dilarə, bəlkə sənə başqa nəsə lazımdı? Yəni başqa bir kömək demək istəyirəm.
-Hə, lazımdı.
-Nə?
-Evlənin mənimlə.
-...
Fərhadın dili tutuldu elə bil. "İndi necə cavab verəcəm buna? Mən ömrü boyu bu qədər çıxılmaz vəziyyətdə qalmamışdım. Hətta bir həftə meşədə o dəhşətləri yaşadığım zaman. İlahi, sən mənə kömək et! Əslində insan həyatında ən çıxılmaz an budur. Dilinin quruduğu, nitqinin kəsildiyi an. Acizlərin qarşısında acizləşdiyin andı bax bu. Gücün varsa, söz tap, cümlə seç cavab üçün. Elə söz ki, onun qəlbini qırmasın. Fərhad başını qaldırıb Dilarəyə baxdı. O isə yerə baxırdı. Yanaqları allanmışdı. Ağ atlı şahzadə gözləməyin sonu budur. Yersiz qürur belə bir günə gətirib çıxarır qızları. Belə gözəl qız şikəst, orta yaşlı kişiyə evlənmək təklif edir. Niyə? Gör nə qədər müəmmalı suallar çıxır ortaya. Cavab verməkdə çətinlik çəkilən suallar. Bu qədər saf və gözəl bir qızın qəlbini qırmadan bunun mümkün olmadığını necə anlada bilər...
-Yəni mən o qədər çirkinəm, doktor? Evlənmək istəmirsiniz mənimlə. Bilirsiniz, məni çox istəyənlər oldu. Bəzi səbəblərdən qəbul etmədim vaxtında. Düzünü bilmək istəyirsinizsə bəyənmədim çoxunu. Kişi ki mərd və ləyaqətli olmadı, ona ərə getməyin nə əhəmiyyəti var. Bəzən kişilərin öz yoldaşlarıyla necə dolandıqlarını görürərəm. Onları necə alçaltıqlarını eşidirəm, nifrət edirəm elələrinə.
-Dilarə, mənim nəyimlə evlənmək istəyirsən? Məni ki, heç doğru-düzgün tanımırsan.
-Yox, sizi lap gözəl tanıyıram. Səməndər dayı haqqınızda danışıb mənə.
-Hər deyilənlərə inanma.
-Gözüm kor deyil. Baxmayın kəndçiyəm, doktor, mən də insanları seçə bilirəm bir-birindən. Bir də Səməndər dayı heç zaman yalan danışmaz.
-Bunu demək istəmədim, Dilarə. Mən də kəndçiyəm. Sən çox gözəl və ağıllısan. Sağlam birisiylə ailə həyatı qura bilərsən. Gözəl aliən, uşaqların olar.
-Yəqin ki, bu mümkün olmayacaq.
-Niyə belə danışırsan?
-Özümü yaxşı tanıdığım üçün. Bu kənd-kəsəyə şahzadə gəlməyəcək.
-Bir də gördün qarşına elə layiqli bir insan çıxdı gözləmədiyin bir anda.
-Mənim artıq o yaşım deyil.
-Bilmək olmaz bu dünyanın işlərini, Dilarə. Mən şikəst bir insanam. Sənə heç nə verə bilmərəm bu halımla. Başa düş, yalvarıram. Gecələr ağrıdan divara dırmanıram. Sənin bilmədiyin başqa səbəblər də var. Onları isə sənə açıb deyə bilmərəm.
Fərhad istədi desin ki, mən evli bir adamam. Amma susdu.
-Susmayın, doktor, susmayın. Sizdən mənə heç nə lazım deyil. Sadəcə olaraq adınız üstümdə olsun, yetər. Bəzi alçaq kişilər gecələr məni qorxutmasın. Sağ olsun Səməndər dayını. O var deyin, kəndin adamları məni sayırlar. Amma qonşu kənddən bir avara, ona ərə getmədiyimə görə, məndən heyf çıxmaq istəyir. Bir dəfə gecə gəlib qapımı döydü. Açmadım, gizləndim. Bilirəm əl çəkməyəçək. Qüruruna toxunub onu bəyənmədiyim. Bədbəxt, evlidi, yenə abırsızlığından qalmır. Adımın pisə çıxmasından qorxuram. Anlayırsınız məni? Bacı-qardaş kimi yaşayarıq. Sənin işlərini görərəm. Evini təmizləyərəm. Paltarını yuyaram. Təki üstumdə bir ad olsun. Əl çəksinlər yaxamdan.
(ardı var)