adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Fevral 2019 15:57
120794
AVTOMABİL
A- A+

Bakıda 15-ə yaxın küçə və yolda təmir-bərpa işləri aparılır

Binəqədi rayonu ərazisində yerləşən qəsəbələrin yollarının yenidən qurulması işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, kompleks tədbirlər ilkin mərhələdə Binəqədi rayonunun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin 15-ə yaxın küçəsini və məhəllədaxili yolları əhatə edir.

Belə ki, Binəqədi qəsəbəsində hazırda ümumi uzunluğu 6 km-dən çox olan 4 yolda, Rəsulzadə qəsəbəsində 2.5 km uzunluğa malik 5 küçə və məhlədaxili yollarda təmir-tikinti işləri həyata keçirilir. Biləcəri qəsəbəsində isə indiyədək 8 min kv.m sahədə 4 küçədə, həmçinin 1 May yaşayış massivinin yolunda təmir işləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.

Hazırda Binəqədi qəsəbəsində 1-ci mədən, 2-ci mədən və 3-cü mədən küçələrində, Rəsulzadə qəsəbəsində Zahid Qəmbərov, Aydınbəyov, Mahir Qədimov, Koroğlu və digər küçələrdə, Biləcəri qəsəbəsində isə Aşıq Şəmşir, Qafur Məmmədov, Xəqani, Xudadat bəy Məlikaslanov küçələri və digər yollarında təmir işləri həyata keçirilir. Sadaladalanan küçələr boyu işlər yekunlaşdıqca təmirə ehtiyacı olan digər yollarda da təmir-bərpa işləri həyata keçiriləcək.

Daha sonra yollar və küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd edək ki, Binəqədi rayonunun qəsəbədaxili yollarının abadlaşdırılması layihəsi çərçivəsində bundan öncə Sulutəpə qəsəbəsinin 4 km-lik Ruslan Alahverdiyev küçəsinin və bu küçəyə paralel olan qəsəbədaxili yolun yenidən qurulması işlərinə başlanılmışdı. Yaxın günlərdə isə 28 may qəsəbəsinin yolunun bərpası işlərinə başlanılacaq.