adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Fevral 2019 15:09
124558
GÜNDƏM
A- A+

Kütləvi şəkildə eşq aclığı var... - SORĞU

Bu gün 14 Fevral Sevgililər günüdür. Sevginin günü olmur deyirlər. Ancaq hər gün sevgi də bayram kimi qeyd edilmir.

Adalet.az tanınmış yazarlardan Sevgililər Günü ilə bağlı sorğu keçirdib. İlk Sevgilər Gününü necə xatırlayırsınız?


Yazıçı Səfər Alışarlı: "Sevgililər gününü bayram etmək nədənsə yüzillərlə bizim xalqın yadına düşməyib. Sevgi faciələrinə gen-bol imza atmış xalqımız daim vüsal dəminin həsrətilə yaşayıb. Əvvəllər küçəyə çıxırdın, görürdün ki, kütləvi şəkildə sevgi aclığı var, millət qırılır. Bu gün də təxminən həmin mənzərədir. Bugünü ilk dəfə bayram etməyim, ümumiyyətlə bayram etməyim yadıma gəlmir.


"525-ci qəzet”in baş redkatoru Rəşad Məcid: "Heç xatırlamıram! Sevgililər gününün dəbə minməsi bizim qocalan vaxtımıza düşdü!


Yazıçı Cavi Dan: "Əslində elə bir cavabım yoxdur. Bu gündən bir gün keçəndən sonra xəbər tutmuşdum. Həmin günün özündə isə sevdiyim adamdan küsmüşdüm. İndi yadımda deyil, deyəsən o ərəfədə mənim yox, öz sevdiyi ətiri almışdı deyə. Biz bir gün sonra barışdığımız vaxt Tvdən bildik ki, sevgililər günü varmış və biz o günü ötürmüşük. Gözəl gündür. Təsəvvür edin ki, bir gün boyu bütün yer üzündə əsas işlənən söz SEVGİ olur. Görün nə qədər pozitiv enerji yaranır. İndiki ümumbəşəri xaosun müqabilində buna çox böyük ehtiyac var.


Yazar Rəbiqə Nazimqızı: "Mənim sevgilim-filanım yoxdur, ciddi-ciddi fikirləşəndə heç olmayıb da. Kimdənsə xoşum gəlib, kiməsə bağlanmışam, kimisə sevmişəm, amma uzaqbaşı, sevimli olmuşam, sevgili yox. Sevgililər günü ilə elə bir şəxsi xatirəm yoxdur. Nə vaxtsa əks cinsin nümayəndəsi ilə bunu qeyd elədiyimi xatırlamıram. Görünür, sevgili olmamışam, ya da ənənəvi sevgi göstərilərinə münasibətimi biliblər. Hərçənd, etiraf edirəm, ayı oyuncağına həmişə sevinə bilərəm - rəfiqə də alsa, dost da, özü də ilin bütün günlərində. Yaxşı, ağlınıza yüz versiya gətirməyəsiz deyə, bəribaşdan deyim, mənim sevgili sözündən elə də xoşum gəlmir. Niyəsini bilmirəm, gəlmir, vəssalam... Yılmaz necə deyib? Yaşasın xalqların sevgililiyi... Mən bir az da, ümumiləşdirim, yaşasın insana olan sevgi... Sevgili olmasa da, olar..."