adalet.az header logo
  • Bakı 19°C
14 Fevral 2019 12:11
12364
ƏDƏBİYYAT
A- A+

“Bir nəğmədir şeirlərim...” kitabı nəşr edilib

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, şair Fuad Biləsuvarlının "Bir nəğmədir şeirlərim...” kitabı nəşr edilib.

Bu, "Pərvanəm mənim”, "Bəlkə görüşmədik” kitablarından sonra müəllifin oxucularla üçüncü görüşüdür.

"Elm və təhsil” nəşriyyatında çap olunan kitabda şairin son illərdə yazdığı müxtəlif məzmunlu şeirləri toplanıb. "Nəğməli şeirlər” və "Sərbəst misralar” adlı iki bölmədən ibarət kitabın redaktoru və ön sözü müəllifi şair Afaq Şıxlıdır.

"Müəllifdən...” başlığı altında F.Biləsuvarlı özünün poetik dünyası, şeirə, ədəbiyyata olan sevgisindən danışaraq, oxucuları öz dünyasına bir az da yaxınlaşdırır: "Mən necə yazıram?! Bu suala cavab vermək, bəlkə də mənim üçün çox çətindir. Amma "yazmaya bilərəmmi?!” - sualına cavab vermək mənə daha asandır. Hər gün nəsə yazmaq mənim üçün artıq ciddi məsələdir. Çünki yazmaya bilmərəm. Evimin sakit bir guşəsindəki kiçik yazı masasının arxasında özümü daha rahat hiss edirəm. Necə deyərlər, bir mən oluram, bir də düşüncələrim. Və bu düşüncələr ilham pərisinin köməyilə sətirlərə çevrilir. Beləcə, mənim sevilən şeirlərim yaranır... Hər şeir insan ömrünün bir anıdır. Bu anı yaşamasan, duymasan yazdıqlarının adı söz yığını olacaq. Bildiyim bir həqiqət isə budur ki, yazdıqların ürəkdən gəlmirsə, ürəklərə təsir etməyəcək...

Şair Fuad Biləsuvarlının yeni kitabından iki şeir təqdim edirik:


Dəyişməyəcək...

Nə olsun seçilmir güldən o gözəl,
Yaman acıdildi dildən o gözəl.
Salıbdı lap məni əldən o gözəl,
Qurbanı olsam da, dəyişməyəcək.

Çətin ki, insafa gələsi, vallah...
Mənə lazım deyil beləsi, vallah!
Olmaram eşqinin köləsi, vallah,
Heyranı olsam da, dəyişməyəcək.

Vursam da ömrünə, gününə zinət,
Nə fayda, versəm də ən böyük qiymət?
Qursam da könlümdə ona imarət,
Sultanı olsam da, dəyişməyəcək.

Heç yaxşı bitərmi bu işin sonu,
Özü unudursa kim olduğunu?
Bir gün üzsə əgər tənhalıq onu,
Həyanı olsam da, dəyişməyəcək.


Bağışlayıram...

Qəlbimdən qəlbinə çəkdiyim yola,
Hər gün xalı sərib naxışlayıram.
Pulum yox, daş-qaşa gümanım gəlmir,
Mən sənə qəlbimi bağışlayıram.

Gülüm, ad gününə gəldim utancaq,
Çöldən çiçək dərdim mən qucaq-qucaq.
Yəqin ki, hədiyyə istərsən, ancaq
Mən sənə qəlbimi bağışlayıram.

Saxla gözlərinin üstündə onu,
Qoru tər sinənin üstündə onu.
Budur təbrikimin, arzumun sonu,
Mən sənə qəlbimi bağışlayıram!