adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Fevral 2019 00:52
8752
ƏDƏBİYYAT
A- A+

OqtayRZA

14 fevral - Ümumdünya sevgililər günü

YASƏMƏN AĞACI
ÇİÇƏKLƏYƏNDƏ

Yoluma incilər düzür təbiət,
Sinəm məskənidir kamanın, neyin;
Rənglər dəryasında üzür təbiət,
Sən də bənövşəyi donunu geyin
Yasəmən ağacı çiçəkləyəndə!

Çağırsan, qayıdıb uzaq səfərdən,
Qoyaram arxada dənizi, dağı;
Sənin gözlərində gülən səhərdən
Nur alar eşqimin çəməni bağı
Yasəmən ağacı çiçəkləyəndə!

Qoyma intizarın oduna düşüm,
Dağıt dolayımdan dumanı, çəni;
Demirəm həmişə yadına düşüm,
Hər il xatırlayıb anarsan məni
Yasəmən ağacı çiçəkləyəndə!

Nə vaxt təbəssümün olur qismətim,
Könlüm qanadlanır şənliyə, toya;
Sürüb karvanını köçür həsrətim,
Təzədən gəlirəm sanki dünyaya
Yasəmən ağacı çiçəkləyəndə!


MƏN VƏ SƏN

Mən əzab çəkərək yanıram oda,
Sən isə əhdini salmırsan yada.

Mənim ilk eşqimin əvəzi yoxdur,
Sənin baxışların niyə soyuqdur?

Mənə təbəssümün xoş təsəllidir,
Sənə xasiyyətim çoxdan bəllidir.

Məni düşündürür ancaq birisi,
Səni ovsunlayıb xəyal pərisi.

Məndə gələcəyə ümid hissi var,
Səndə tərəddüdün iniltisi var.

Məndən uzaqlaşma yad adam kimi,
Səndən istəyirəm məhəbbətimi!