adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Fevral 2019 00:37
13565
ƏDƏBİYYAT
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım

(əvvəli ötən saylarımızda)

Direktor Məryəmin neçə gündən bəri dalğın olduğunu əlbəttə ki, sezirdi, daha necə olmalıydı ki?!
-Bəlkə, siz bir-iki gün dincəlsəniz evdə.
-Yox, nə danışırsınız? Dərsləri buraxa bilmərəm. Sonuncu siniflərdən arxayın deyiləm. Bu il ingilis dilindən çox imtahan verənlər olacaq.
-Mən yerinizə bir müəllim tapmışam. Yəni kömək məqsədiylə. Həm də özü xahiş edib bunu.
-Kimdi ki? Bizim müəllimlərdən deyil?
-Gülzar müəllimə istəyir sizə kömək etsin. Axşam deyirdi Məryəm xanım çox yorğun görünir. Onun əvəzindən dərsləri apara bilərəm.
-Zəhmət çəkməsin. Hələlik özümün gücüm çatır. Əgər lazım olsa, deyərəm. Narahat olmayın. Minnətdarlığımı çatdırın ona. Çox gözəl insandı.
-Çatdıraram.
Şam yeməyini yenicə bitirmişdilər ki, qapı döyüldü. Gələn Həmid kişiydi.
-Ay sizi xoş gördük. Dünəndən narahat idim. Deyirdim, görəsən Məryəm qızımın vəziyyəti necə oldu? İnşallah, yaxşısan?
-Niyə əziyyət çəkirsiniz? Dünən də dincəlməmisiniz. Bu gün barı istirahət edəydiniz.
-Sizi görmək elə mənim üçün dincəlməkdi.
O, gətirdiyi oyuncaqları balacalara verdi. Mərdan maşını görəndə çox sevindi. Bu, ona alınan ilk oyuncaq maşın idi.
Həmid kişi dünəndən ürəyini titrədən sözü soruşmaq istəyirdi. Ancaq cəsarəti çatmırdı. Xeyli oturduqdan sonra ayağa qalxdı.
-Sizə baş çəkməyə gəlmişdim. Dedim, görüm nə xəbər var.
-Çox zəhmət etmisiniz, vallah. İşdən sonra dincəlmək lazımdı sizə.
Həmid kişi şəkil haqqında soruşmaq istəyirdi. Neçə gün idi ki, gecə-gündüz ancaq bu haqda düşünürdü. Bunun bir yolunu arayırdı. Amma necə söz salacaqdı, nə deyəcəkdi?!
-Məryəm qızım, sən atan haqqında heç nə bilmirsən?
-Yox. Nənəm mənə qadağan etmişdi onun barəsində danışmağı. Bir necə dəfə soruşdum. Gördüm özünü pis hiss edir. Ona görə bir daha soruşmadım. Bir də düşünürdüm ki, əgər atam sağ olsaydı, məni axtarardı.
-Bəs, nənən anan haqqında nə deyirdi?
-Heç nə. Ağlayırdı onu soruşanda. Məni dinləmədi. Bir pis adamı sevdi, - deyirdi. O adam da çətin vaxtda onu atıb yoxa çıxdı. Anam valideynlərinin yeganə övladı olub. Onu çox istəyiblər. O da onlardan izinsiz birini sevdiyi üçün valideynlərinin ürəyini yaralayıb. Gərək ki, hərbiçi olub adam. Mənim doğulmağıma bir ay qalmış, birdən-birə onun yoxa çıxması ailəni lap da haldan-təbdən çıxarıb. Bəlkə anam da doğuş üstündə elə bu dərddən ölüb. Çünki həkimlər ürəyinin zəifliyini səbəb göstəriblər. Anamdan da mənə nənəmin sandığından xəlvət götürdüyüm bir şəkil qalıb. Sadəcə bir şəkil. Həmişə onu yanımda gəzdirirəm. Çalışırdım nənəm görməsin. Bir də onun bir bilərziyini nənəm mənə vermişdi. Onu da Fərhada protez düzəltmək üçün ustaya satdıq.
Məryəm yan otağa keçib çantasını axtardı, anasının şəklini gətirib Həmid kişiyə göstərdi. Həmin şəkli!!! Elə həmin anda o qarşısındakı həmsöhbətinin başını oturacağa söykədiyini gördü. Səsi çıxmadı. Bütün şubhələrinin düz olduğunu dəqiqləşdirən Həmid kişinin nəfəsi tutuldu. Bunu görən Məryəm bilmədi neyləsin.
-Həmid müəllim, sizə nə oldu? Sizə dedim axı, işdən sonra dincəlin. Ay Allah, xahiş edirəm, sizə heç nə olmasın. İlahi, mən indi neyləyəcəm. Samir, hardasan? Aysel, qardaşını çağır.
Aysel qonşu otaqda dərs hazırlayan qardaşının dalınca qaçdı. Samir təlaşla otağa girdi.
-Oğlum, kömək elə, yatağa uzadaq. Kişinin dəyəsən ürəyi tutub...
Ana, təlaşlanma. Qoy bir nəbzinə baxım.
Onlar köməkli Həmid kişini yatağa uzatdılar. Samir onun biləyini əlinə aldı. Bacısına döndü:
-Aysel, su gətir. Qorxma, ana, yəqin yorğunluqdandı. Nəbzi pis deyil.
Sonra da bacısının gətirdiyi su ilə onun üzünü sildi.
-Bala, bəlkə həkim çağıraq.
Yavaş-yavaş özünə gələn Həmid müəllim gözünü açdı.
-Lazım deyil, qızım, narahat olma, keçər. Məni bağışlayın. Sizi də qorxutdum...
Söhbəti yayındırmaq üçün dedi:
-Məndə hərdən olur belə hallar. Qocalıq bir şey deyil. Elə deyilmi, gənc oğlan?
-Belə deməyin. Yəqin çox yorulursunuz. Mən sizə deyirəm də işdən sonra da bizi yoxlayırsınız. Qaydımıza qalırsınız, çox sağ olun! Amma görürsünüz, sizə istirahət lazımdı.
Həmid kişi dəqiqləşdirdiyi bu xəbərin sevincini bilmirdi kiminlə paylaşsın. Kimə desin? Necə desin? Ömründə eşitdiyi ən gözəl xəbərin sevincini... Kimə açsın bi sirri? Necə qarşısındakı qadının onun öz doğma qızı olduğunu söyləsin? Necə? Arada o qədər anlaşılmazlıq var ki? Məryəm onu anlaya bilərmi? Heç nənəsi onu bir gün evə buraxıb nə baş verdiyini dinləmədi. Niyə Mələyin doğum gününə bir gün qalmış yoxa çıxdığını belə izah edə bilmədi o zaman. Qızını ölmüş bildi. İndi dünyanın ən gözəl xəbərini birdən-birə necə açıb deyəcəkdi? Allahım, sən işə bir bax! Ağlına gəlməz, yuxusunda görmədiyi bir sevinci yaşayır insan. Amma heç kimin bundan xəbəri yoxdu. Heç kimlə paylaşa bilmir bu müjdəni. İndi hamı onun yorğun olduğu üçün bayıldığını düşünür. Sevincdən bayıldığını bilsələr nə olacaq? Bax, o vaxtı Əfqanıstan müharibəsi olmasaydı, məni ora göndərməsəydilər, hadisələrin, insan taleyinin belə müəmmalı davamı baş verməyəcəkdi. Bəs yaxşı, əgər həqiqəti ortalığa qoymağa gücü çatsa bu məsələyə insanların reaksiyası necə olacaq?
-Bəlkə həkim çağıraq? Görürəm özünüzə gələ bilmirsiniz, - Məryəm Həmid kişinin solğun üzünə baxıb dedi.
-Yox, qızım, budu, həkim, Samir balam. De, ay doktor, yaxşıyam, eləmi?
Samir gülümsədi. Deyəsən Həmid kişinin zarafatı xoşuna gəldi. Qonaq çətinliklə də olsa, ayağa qalxdı. İndi o, doğma qızının yaşadığı yerdən necə ayrılacağını düşünürdü. Gör neçə illərdən sonra, yeganə övladının sağ-salamat olmasını biləndən sonra necə ayrılsın burdan? Yaxşı başa düşürdü, hələ susmaq lazımdı. Məryəmin bütün fikir-zikri Fərhadın axtarışındaydı. Həm də belə bir xəbəri ona yetirmək o qədər asan deyildi. Bunu yüz ölçüb, bir biçmək lazımdı. Bəlkə də heç qızı onu qəbul etməyəcək. Dəyəcək ki, bu uzun illərdə haradaydın? Niyə axtarmırdın? Ata, ana qayğısına ehtiyacım olanda niyə soraqlamırdın? Hamının atası, anası övladlarının saçlarını oxşayanda mənim dodaqlarım yeddi yerdən partlayırdı. Elələrini görəndə başımı aşağı salırdım, o mənzərəyə baxmayım deyə. Valideyn həsrəti insanların qarşısında məni göz yaşlarına qərq etməsin deyə. Övladlar ata-analarıyla sevinclərini böləndə gizlicə ağlayırdım. Ahımı, kədərimi içimə çəkirdim kimsənin görməməsi üçün. Onda haralardayın? Niyə gəlmirdin? Saçlarım sığala, nəvazişə həsrət qocaldı. Yanaqlarımda valideyn istisinin yeri buz bağladı. Elə bir buz ki, onu heç bir günəşin istisi, heç bir baharın nəfəsi, heç bir ocağın odu əridə bilmədi.
Bütün bunlara baxmayaraq Həmid kişinin sevincinin həddi-hüdudu yox idi. O, Mələkdən başqa heç bir qadını sevməmişdi. Və ondan başqasıyla da evlənməmişdi. Çünki onun üçün Mələyin yerini verən heç bir qadınla rastlaşmamışdı. Bir də onun ölümü Həmid kişiyə o qədər ağır təsir etmişdi ki, faciənin acısını unuda bilmirdi. Məryəm onun yenə çox halsız olduğunu görüb qayğılandı:
-Mütləq səhər həkimə gedin. Nəsə heç gözümə yaxşı dəymirsiniz.
Həmid müəllim qızınun üzünə baxıb gülümsədi. Ürəyindən keçənləri dilinə gətirə bilmədi:
"Sənin qayğına qurban olum. Necə də anası kimi hamıya canı yanır. Özündən başqa hamını düşünür. Gör mən bu dünyada nələr itirmişəm? Lənətə gəlmiş müharibə! Yer üzünə, insanlığa ölümdən, bədbəxtçilikdən, aclıqdan, səfalətdən başqa heç nə verə bilmirsən! Anaları övladsız, övladları valideynsiz qoymaqdan, görünən və görünməyən göz yaşlarından savayı nə vermisən bəşərə? Məryəm Həmid kişinin dərin sarsıntı keçirdiyini aydınca görürdü, ona elə gəlirdi ki, kişinin həyəcanları onların düşdüyü bu vəziyyətin şahidi olmaqdan, Fərhadın yoxa çıxmağından irəli gəlir. Həmid kişi ayaq üstə zorla dayanırdı.
-Sizin halınız heç yaxşı deyil.
-Narahat olma, qızım. Olur arada belə tutmalar. Tez də keçir. Yaş da öz sözünü deyir. Yaxşıyam indi.
Məryəmin içində şübhə qalmışdı. Kişinin Fərhadla bağlı nəsə bir xəbər bildiyini düşünürdü.
-Yalvarıram sizə, bəlkə Fərhaddan bir xəbər öyrənmisiniz? Doğrusunu deyin. Mənim bu həyatda çəkmədiyim dərdlər qalmayıb. Bunu da çəkərəm. Heç olmasa, doğrusunu bilim. Başına nə gəldiyini öyrənim.
-Yox, a qızım, nə danışırsan. Əgər bir xəbər öyrənsəm, qaça-qaça gəlib deyərəm sənə. Heç könlüm razı olar sənin dərd çəkməyinə?
Qəribəydi, Həmid kişi ona hər dəfə qızım deyə müraciət edirdi. Məryəmsə sanki belə olmalıymış kimi qəbul edirdi bu çağırışı. Demək olar, ürəyindəndi. Sevinirdi ki, atası yaşında birisi onu qızım deyə səsləyir, salamlayır. Ömrü boyu həsrət idi bu kəlməyə...
-Mən gedim, gec oldu...
Əslində getmək istəmirdi. Elə istəyirdi ki, zaman dursun. Saatlar irəliləməsin. Ömrü boyu beləcə otursun. O da mələk simalı qızına tamaşa etsin. Onun gül camalına, əzabdan-əziyyətdən yorulmuş ala gözlərinə göz qırpmadan baxsın. Otən illərin əvəzini çıxarmaq istəyirdi sanki...
Fərhadın şöhrəti günu-gündən artırdı. Onun əlinin möcüzəsiylə neçə-neçə xəstə şəfa tapmışdı. İndi hamı onu gözəl və bilikli bir həkim kimi tanıyırdı. Ancaq yanına gəlib sağlamlığına qovuşanlar, kömək görənlər onun içindəki köməksizliyi, ağrını, iztirabı duya bilmirdilər. Köməksizlərə kömək əli uzadan insan özü köməksizdi, əlacsızdı. Bir gecə yarısı yenə onun ağrıları başlamışdı. Qışqırtıya evdə hamı oyanmışdı. Səməndər kişi müharibəni lənətləyirdi. Heç kim onun otağına girə bilmirdi. Girib neyləyəcəyik?
Uzun sürən dəhşətli ağrıların sonunda Fərhad huşunu itirdi. Səhər onun qalxmadığını görən Səməndər kişi əlacsız qalıb otağına keçdi.
(ardı var)