adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Fevral 2019 00:19
4008
GÜNDƏM
A- A+

ABŞ-ın 22 TRİLYON DOLLAR BORCU VAR

Tramp yəqin düşünür ki, bu borc "nə batar, nə də çatar"

ABŞ-ın dövlət borcu 22.01 trilyon dollarlıq rekord səviyyəyə çatdı. Bu məlumatı ABŞ-ın Maliyyə Nazirliyi gündəlik hesabatında yayıb.
CNN telekanalı Maliyyə Nazirliyinin məlumatları ilə razılaşaraq bildirib ki, Donald Trampın prezidentliyinin iki illik dövründə ölkənin dövlət borcu 2 trilyon dollardan çox artıb. Mərkəzi Bankın funksiyasını yerinə yetirən ABŞ Federal ehtiyatlar sisteminin sədri, Cerom Pauell bildirib ki, dövlət borcunun artım tempi Amerika iqtisadiyyatının inkişaf tempini üstələyir.
ABŞ-ın dövlət borcu 2017-ci maliyyə ilinin sonuncu iş günü üçün 20.245 trilyon dollar təşkil edirdisə, 2018-ci ildə isə ilk dəfə 21.516 trilyon dollara çatıb. Belə getsə, bu rəqəmlərin 2020-ci ildə daha da artacağı ehtimal olunur. Çünki hökumətin xərclərinin nəzarət olunmaması fonunda dövlət borcunun sürətli artım tendensiyası davam edir.
Donald Tramp 2016-cı ildə aparılan seçki kampaniyası zamanı ölkənin böyük miqdarda dövlət borcu problemini prezidentlik dövründə həll edəcəyini vəd vermişdi. Respublikaçı artıq dövlət başçısı vəzifəsinə gəldikdən sonra bəyan edib ki, ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarından əldə olunan pul vəsaitləri ölkənin dövlət borcunu ödəmək üçün istifadə ediləcək. Prezident Donald Trampın dövründə ötən il keçirilən və ABŞ dövlət büdcəsinə 1,5 trilyon dollara başa gələn vergi islahatları, həmçinin müdafiə xərclərinin artması nəticəsində dövlət borcu görünməmiş sürətlə artır.
Bir sözlə, Trampın prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 10 faiz çoxalıb.
ABŞ-ın indiki borc problemləri 2007-2008-ci illərdə iqtisadi-maliyyə böhranının nəticəsidir. Hər dəfə belə borclar artdıqca Respublikaçılar və Demokratlar arasında siyasi döyüşlər baş verir. Barak Obamanın səkkiz illik prezidentliyi dövründə də ölkənin borcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatmışdı. Amerikalı iqtisadçılar hesab edirlər ki, 2026-cı ilə qədər bu göstərici 30 trilyon dollaradək artacaq.
Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, ABŞ-ın ən böyük xarici kreditorlarından biri Çindir ki, bu ölkəyə borcu 1,1 trilyon dollardan çoxdur.