adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Fevral 2019 00:12
3377
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

3) nəqliyyat vasitəsinin sahibinə və ya sürücüsünə nəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə xüsusi sənəd verməlidirlər;
4) yol-nəqliyyat hadisəsinə dair arayışın təqdim edildiyi hallardan başqa, banın hissələri zədələnmiş nəqliyyat vasitəsini saxlanca qəbul etməməlidirlər;
5) nəqliyyat vasitəsi oğurlandıqda və ya qaçırıldıqda, müvafiq icra hakimiyyəti orqanlarına təcili məlumat verməlidirlər.
V. Nəqliyyat vasitələrinin icazə verilməyən yerlərdə saxlanılması üçün sürücülər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 32. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qaydası
I. Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs, müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə müvafiq arayış verir.
II. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.

Dördüncü fəsil

Nəqliyyat vasitələrini İdarəetmə hüququ

Maddə 33. Nəqliyyat vasitələrini idarəetmə hüququ
I. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.
II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ - 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;
3) "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 18 yaşdan;
4) "BE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan ("B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;
5-1) "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
5-2) "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
6) "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
"B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı bir il idarəetmə təcrübəsinə malik olan şəxslər "BE" kateqoriyasına, "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı üç il idarəetmə təcrübəsinə malik olan şəxslər isə müvafiq olaraq "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququna malikdirlər.
Hərbi qulluqçular "CE", "D" və "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada 19 yaşdan əldə edə bilərlər.
(ardı var)