adalet.az header logo
  • Bakı 7°C
14 Fevral 2019 11:31
25481
ƏDƏBİYYAT
A- A+

Tanınmış yazarlar Elman dayıdan danışdı… - XATİRƏ

Xəbər verdiyimiz kimi, məşhur kitabçı Elman dayı dünyasını dəyişib. Onu ən çox yazarlar tanıyırdı, tez-tez onun İçəri şəhərdəki dükanına baş çəkirdilər.

Adalet.az Elman dayı ilə bağlı yazarlarımızın xatirələrini təqdim edir.






Xalq şairi Fikrət Qoca: "O vaxt mən məşhur jurnallara abunə idim. Evimiz də İçəri şəhərə yaxın olduğunua görə Elman dayının yanına gedir və onunla maraqlı söhbətlər edirdim. Yaxşı tanıyırdım, çox gözəl insan idi. Mən də xeyli xatirələri qaldı.”







Yazıçı Həmid Herisçi: "Qız Qalası Bakının ərazisində ən qədim yerdir. Elman dayının yanına gedənlərin təsəvvüründə müasirliklə, qədimliyin harmoniyası canlanırdı. Onlar sanki qədim Qız Qalasından müasir dünyaya keçid edirdilər. O dükan bu baxımdan çox yaxşı idi. Həm müasir ədəbiyyat, həm də sovet ədəbiyyatı orda bir yerdə cəmləşmişdi. Bu mənzərə adama ləzzət edirdi. Bəlkə də Qız Qalası ədəbiyyata gedən yol idi. Bir tərəfdə də Elman dayının kitab dükanı… O kitab dükanı insanları ilhama gətirir, sevindirirdi. Bunlar daş deyildi, canlı idi. Və bu canlı daşların öz sahibi, qəhrəmanı vardı. Mənə elə gəlir ki, o qəhrəman da Elman dayı idi. Yanına gələnlərə eynəyinin yuxarısından baxır, gülümsünürdü. Və adamların zövqü onu çox maraqlandırırdı. Düşünürəm ki, o kitab satmırdı. Hərdən ağlıma gəlirdi: Elman dayının özü kitab yazır, adamları dişinə vurur, sınaqdan keçirir, öz aləmində onları tanımağa çalışır. Kitab alanda məsləhətlər verirdi ki, bunu alsan daha yaxşı olar. Elman dayı mənim üçün kitab dünyasına gedən bələdçi idi. O kişi kimlər üçünsə ölə bilər, ancaq mənim kimi adamların yaddaşında diridir. Bu həqiqəti bilirəm ki, bir də Elman dayıdan kitab almayacam. Yadıma gəlir, ondan aldığım sonuncu kitab akademik Tarlenin "Napalyon Bonapart” əsəri olub. Elman dayı ilə bu kitab haqda söhbətimiz yadıma düşür. Demişdi ki, bir kitab var, onu yalnız sən anlaya bilərsən. Kitab 1941-ci ildə nəşr edilmişdi. O dövrün ab-havası kitabda öz əksini tapmışdı. Elman dayı kitabı mənə göstərib dedi: "Bu kitabın dəyərini səndən başqa heç kim bilməz.” Bu mənim üçün Elman dayı ilə bağlı son mənzərələr idi.”



Yazar, jurnalist İlham Tumas: "Çoxları onun harda doğuduğunu, ailəsinin kim olduğunu, hətta neçə yaşı olduğunu, hətta soyadını belə bilmirdi. Eləcə, hamımız üçün Elman dayı idi. Elman dayı kitabsevərləein, tələbələrin, yazıçıların, jurnalistlərin, uşaqların, böyüklərin - hamımızın dost idi. Onun vəfatı ilə Azərbaycan kitabsevərləri üçün ciddi bir epoxa getdi, qapandı. O bu dünyada özünə əbədi bir ad qoydu getdi. Nur içində yatsın, ruhani ömrü elə kitabların ömrü qədər olacaq. Bu dünyada sonuncu kitab sıradan çıxana qaədər Elman dayı yaşasın qoy..."






Yazar Mirmehdi Ağaoğlu: "Dünən dedim gedib Elman dayıya baş çəkim. Həm kefini soruşaram, həm də müsahibə alaram. Bilənlər-bilir, yayda qəfildən belə bir üzücü xəbər yayılmışdı ki, Qız qalasının yanındakı məşhur kitab dükanının sahibi, Elman dayı vəfat edib. Ancaq nə yaxşı ki, bir qədər sonra xəbərin yalan olduğu üzə çıxdı. Onun haqqında yazılan hüzn dolu statuslar biçildi, yerində "sevinc” gülləri cücərdi. Qız qalasının yanına çatanda gördüm mağazanın şüşələrinə qəzet vərəqləri yapışdırılıb. Yaxınlaşıb qapının dəstəyini çəkdim, açılmadı. Qapının üstündəki şüşəyerinə tor vurulmuşdu. Elə ordanca içəri boylandım, görüm nə məsələdir.

Kiminsə səsi eşidildi: "Təmirə bağlanıb”. Fəhlə geyimində cavan oğlan idi. Davam elədi: "Təmir olunsun, təzədən açılacaq. Kofe də veriləcək”. "Kofe”ni xüsusilə vurğuladı, elə bil rüşvət təklif edirdi. Mən Elman dayını soruşduqda dərhal cavab verdi: "Elman dayı yaxşıdır, bura təmir olunsun, yenidən qayıdacaq işinin başına...” Nədənsə mənə elə gəldi ki, oğlan yalan danışır. Kimsə öyrədib ki, soruşan olsa bu cür cavab ver. İçəridəki kitab rəfləri yığışdırılmış, freskaların bəzi hissəsi qoparılmışdı. Qarşı tərəfdən gün işığı düşürdü, yəqin içəri otağın divarını sökmüşdülər. Belə çıxırdı əsaslı təmir işləri aparılır. Oğlandan daha heç nə soruşmadım. Nə bilirdisə dedi. Təəssüf hissi ilə oradan uzaqlaşdım. Elman dayını doxsanıncı illərin ortalarından tanıyıram. Onda mən hələ məktəbin yuxarı siniflərində oxuyurdum. Yay tətilində atam özü ilə işləməyə aparırdı. Obyekt Qız qalasının arxasında yerləşirdi. "İşləmək” deyəndə daşyonan atamın yanında "gətir-götür” işlərinə baxırdım. Söz vermişdi, ayın axırı maaş da verəcəkdi. Bu mənim ilk maaşım olacaqdı.

Ayın tamamında atam mənə maaş yazdı – 10 şirvan, yəni 20 manat. Maaşı cibimə qoyan kimi elə bil gözlərim açıldı, yan-yörəmdəki dükanları görməyə başladım. Onda ilk dəfə Elman dayının mağazasına girdim. İlahi, bu nə çeşid idi. Azərbaycan, rus, xarici ədəbiyyata aid nə desən burda vardı. Heç görmədiyim kitablar, görüb ala bilmədiyim kitablar... Kitabın biri o vaxtkı pulla, 50-100 manat, ən bahalısı 500 manat idi, yəni bir "Nizami”. O gün Elman dayıdan aldığım kitablar iki zənbilə güclə sığdı (Yerdə qalan pula da evdəkilər üçün tort aldım). O gündən də Elman dayını tanıdım. Qız Qalasının yanında yerləşən xudmani kitab dükanının daimi "sakin”inə çevrildim. Hər dəfə İçərişəhərə gələndə ora baş çəkməmiş getməzdim, heç nə almasam belə. Elman dayı o kitab satıcılarından idi ki, ağır, böhranlı doxsanıncı illərdə kitab mağazaları alıcı yoxluğundan bağlandığı vaxt onun mağazası bağlanmadı. Elman dayı o kitab satıcılarından idi ki, çoxları kitab mağazalarını ləğv edib, onu paltar mağazasına və ya başqa bir mağazaya çevirəndə kitab satmağa davam elədi. Elman dayı o kitab satıcılarından idi ki, başqaları kitabın qiymətini "dəvə”nin belinə qaldıranda o ucuz qiymətə satdı, bəzən imkanın olmadığını görüb hədiyyə də elədi. Sovet dövründə Azərbaycanda çap olunmuş kitabların əksəriyyəti Elman dayının rəflərindən gəlib keçmişdi. İçəri girirdin, nimdaş, hər tərəfə kağız qoxusunun və bir də xəfif yemək ətrinin saçıldığı sakit bir yer idi Elman dayının dükanı. Bu sakitliyə onun yumşaq, alçaq səsi də qarışdığından dükanda həmişə həzin səssizlik hökm sürərdi. Bəzənsə bu səssizlik içəri otaqda quraşdırılmış radiodan gələn Azərbaycan mahnılarına qol qaldırıb rəqs edərdi. Kiməsə qəribə gələ bilər, Bakıda kitab mağazalarının "yarpaq tökümü” başladığı zamanda hamının ümidi bircə Elman dayının mağazasına qalmışdı. Elman dayının mağazası bütün kitabsevərlərin Məkkəsi idi. Kitab aldılar-almadılar tez-tez baş çəkib, oradan güc toplayıb gedərdilər. Bu illər ərzində insanların içindəki kitab sevgisini ölməyə qoymayan Elman dayının fədakarlığı, cəfakeşliyi oldu. Yəqin ki, Elman dayı o kitabxanasız, o kitablarsız yaşaya bilməz. Heç biz də Elman dayını kitabxanasız təsəvvür edə bilmirik. Çox güman elə buna görə kitab mağazası təmirə bağlanar-bağlanmaz Elman dayının ölümü haqqında şayiə də yayıldı. Hazırda Elman dayının kitab dükanı təmirdədir. Bəlkə yenidən kitab mağazası kimi fəaliyyət göstərəcək. Oranı yenə Elman dayı işlədəcəkmi? Bilmirəm. Yaşayıb görərik. Ancaq nə əvvəlki qoxusu qalacaq, nə də havası. Sadəcə qlamur qızların şəkil çəkdirəcəyi bir yer olacaq, o qədər.Belə görünür ki, bir zamanlar kitabsevərlərin sevə-sevə ziyarət etdiyi bir məkan – Elman dayının kitab dükanı – tarixin yaddaşına köçür...Təəssüf... "




Yazar Kənan Hacı: "Elman dayı ürəyi kitab üçün çırpınan gənclərin, ədəbiyyat aşiqlərinin dostu idi. Onda hələ bu qədər kitablar nəşr olunmurdu, hansısa kitabı tapmaqda çətinlik çəkəndə üz tutduğumuz yer Elman dayının Qız qalasının böyrünə sığınmış balaca kitab mağazası idi. Gənc yazarların çoxu öz kitabxanasını burdan aldığı kitablarla qurub. Elman dayının söhbətləri ayrı bir aləm idi. Dahi şəxsiyyətlərin əksəriyyəti ilə görüşmüşdü və hər biri haqqında da ayrıca xatirəsi vardı.

Heyif... O da getdi... Qəribsədim. Vəfatından əvvəl o mağazanı da bağladılar. Bir neçə gün əvvəl ordan keçəndə içimi qüssə bürüdü... Bəlkə də Elman dayını elə o xiffət öldürdü..."





Yazar Ayxan Ayvaz: "Elman dayıya bircə ad vermək olardı: kitab adam. Bu şəhərdə kitab deyəndə ilk ağıla düşənlərdən idi. Bizim şəhərin kitabı idi Elman dayı. Hərdən açıb vərəqlədiyimiz, cümlələrini əzbərlədiyimiz kitab. Seymur Baycan deyirdi ki, bu şəhərdən çıxıb getməyimə mane olan bircə şey var: bir daha Elman dayı ilə söhbət edə bilməmək. Tanıdınız yəqin o iri eynəkli Elman dayını. Mənə bəzən Elman dayı Amerika filmlərindəki qocaları xatırladırdı. Təmkinli, sakit, həm də zarafatcıl.

Elektrik, kulinar ixtisasında oxumuşdu. Hələ yeddi ixtisasa yiyələndiyini söyləyirdi. Amma o kitabı seçmişdi. Deyirdi, kitab mağazası əvvəl kafe olub. Elman dayı gərgin mübarizədən sonra oranı kitab mağazasına çevirməyi bacarmışdı.

Azərbaycanın ən tanınmış şair-yazıçıları onun yanına gedib-gəlirdi. O xatirələri Elman dayı həm bizə danışmışdı, həm də kağıza. "Kitab sərrafı" adlı kitabında o xatirələr kağıza köçüb.

Haqqında nə qədər yazılar yazılıb, verilişlər hazırlanıb. Hətta Nyu-York Taymsda belə... Həmişə onun yanına gedib kitab alırdım. Çox ucuz qiymətə. Əvəzində çinədanıma maraqlı əhvalatlar yığıb gedirdim. Öz kitabımı da vermişdim, satılanda çağırırdı, gedib pulun əvəzinə başqa kitablar götürürdüm.

Kitabların Vətəni Elman dayının kitab dükanıydı sanki... Müxtəlif kitab o rəflərdə doğmalaşmışdı bir-birinə, qardaş olmuşdular, bacı olmuşdular, ailəyə çevrilmişdilər. Heyf o kişidən. Kitab ömrü yaşadı və kitab ömrü qədər də əbədi yaddaşımızda qalacaq..."