adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Fevral 2019 18:33
5755
MƏMLƏKƏT
A- A+

Bu il 56 şəhər və rayonda əmək yarmarkaları keçiriləcək

10 universitetdə aktiv məşğulluq tədbirləri təşkil olunacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu il üçün ölkəmizin şəhər və rayonlarında əmək yarmarkalarının təşkili üçün yerli icra hakimiyyətləri və işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlanıb. Yarmarkaların bu il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.


Nazirlikdən Adalet.az-a bildirilib ki, əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.

Xidmət tərəfindən cari ildə 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də planlaşdırılıb. Bu tədbirlər tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır.