adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Fevral 2019 15:23
4663
GÜNDƏM
A- A+

“İrəli” gənclərin hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə təltif olunub

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov gənclərin hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tərəfindən xüsusi plaket və diplomla təltif olunub.

Bununla bağlı "İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov öz fikirlərini bölüşüb.
Sədr qeyd edib ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsinə hər zaman xüsusi diqqət ayrılır. Bu gün səngərdə dayanan gənclər hər an, hər vəziyyətə hazır olduqlarını bizə Aprel hadisələrində göstərdi. Müharibə şəraitində yaşayan bir dövlətin əsgəri belə vətənpərvər olmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ordunun hazır vəziyyətdə olmasını əsas amil sayır və hər zaman da bu vəziyyətə hazırdırlar. Biz bunu onların iş şəraitindən, keçirilən tədbirlərdən və gənclərin hərbi xidmətə təntənəli surətdə yola salınması zamanı müşahidə edirik. Bu gün ölkəmizdə hərbi paradda gördüyümüz yeni texniki bazanın gücləndirilməsi bizdə qürur hissi yaradır. Bu qədər güclü orduya sahib olmaq inkişaf etməkdə olan bir dövlət üçün böyük investisiyadır. Biz inkişaf etmiş dövlətlərin hərbi texniki bazası ilə demək olar ki, eyni rəqabəti aparırıq.

Silahlı Qüvvələrin formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz rolu olduğunu bilirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bu gün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunub.

"İrəli” İctimai Birliyi təkcə ötən il deyil, ayrı-ayrı illərdə gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində, gəncliyin bu istiqamətdə-vətənə, xalqa bağlılığının yüksəldilməsi üçün bir çox tədbirlər və layihələr həyata keçirib. Mən "Marş İrəli” layihəsini, "Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işləri, hər iki valideynini itirmiş Xocalıdan olan 25 uşaqdan bəhs edən "Böyüməyən uşaqlar” filmini, təşkilatın xüsusi günlərini cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə birlikdə keçirməsini qeyd edə bilərəm.

"İrəli” İctimai Birliyi onlara göstərilən yüksək diqqət üçün təşəkkür edir və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ildönümü münasibətilə bütün əməkdaşları təbrik edir.