adalet.az header logo
  • Bakı 7°C
14 Fevral 2019 10:08
17590
GÜNDƏM
A- A+

Azərbaycan aliminin velosiped ixtirası nə işə yarayacaq? - SORĞU

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov yeni ixtirası ilə gündəmə gəlib. İxtira da nə olsa yaxşıdır? Velosiped. Özü bu haqda deyir: "Bizim ixtira etdiyimiz yeni velosiped hər iki təkərin dartma qabiliyyətinin olması ilə fərqlənir. Bu, tarixdə bir ilkdir. İdman üçün nəzərdə tutulub. Hər iki təkərin dartma qabiliyyətinin olması hərbi texnikalarda, bəzi avtomobillərdə, o cümlədən motosikletlərdə müşahidə edilir. Məqsədimiz bu velosipedi sərgidə göstərmək və Azərbaycan brendi adı altında istehsalına nail olmaqdır”.

Adalet.az bu ixtira ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.





Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu ixtiranın uğurlu olmadığını qeyd edib: "Velosipedin nəyini icad edəsən ki? Onsuz da icad eləyən eləyib. Azərbaycanın digər vacib məsələri qalıb kənarda, bunlar velosiped düzəldirlər. Məsələn silah istehsal edərdilər ki, Ermənistanı yerlə-yeksan etsin. Yoxsa ki velospied... Bu dünyanın istənilən yerində, istənilən formada var. Bunu icad etməyə nə var ki? Görünür, boşulqdan, bekarçılıqdan oturub velosiped düzəldiblər. Mən bunu uğurlu addım hesab etmirəm.”






Yazıçı Murad Köhnəqala məsələdən agah olmadığını bildirib: "Bilmirəm söhbət nədən gedir. Elə facebook-da oxuyuram ki, velosipedi ironiya eləyirlər, işin içindən xəbərim yoxdu. Həm də alimi mələyin uçma sürətini hesablayan bir "elm ocağı"ndan yaxşı heç nə gözləmirəm.”









Şair Aqşin Yenisey velosipedin ixtira olmadığını və işə yaramayacağını açıqlayıb: "Bilmirəm, bu ixtira hansı zərurətdən doğub. Azərbaycanda bir-iki rayon mərkəzini çıxmaq şərtilə velosiped üçün uyğun relyef yoxdur, ola bilsin, ixrac üçün işə yarayacaq. Ancaq buna ixtira demək də olmaz, bu gün dünyada velosipedlər, avtomobillər və digər texniki vasitələr üzərində yüzlərlə texniki eksperiment aparılır və tətbiq olunur. Köhnə konstruksiyalar müxtəlif şəkildə dəyişdirilir. Sosial şəbəkələr bu cür gündəlik "ixtiralarla” doludur. Həm də dünyada süni zəkaların yarandıığı bir dövrdə, belə deyək, velosipedi yenidən kəşf etmək nə dərəcədə qürurlanası bir haldır ki? Bu cür lahiyələrdənsə, AMEA, məsələn, Salyanın bol günəşli şoran torpaqlarında iki dənə günəş paneli qura bilsə, bu, daha faydalı bir kəşf olar. Ölkənin neftdən asılılığının azalması ilə yanaşı, gələcək nəsillər üçün də bir bünövrə qoymuş olarıq. Ancaq bizim çoxu həci akademik olan AMEA adlı qocalar evimizdə bu mümkün deyil. Xatırladım ki, İton Mask yaşı 30-35 olan mühəndislərlə 2030-cu ilə qədər Marsa, orada yaşayacaq adamlar göndərməyə hazırlaşır.”





Azvizion.az saytının rəhbəri, jurnalist Vüsal Məmmədov deyir ki, velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur: "Ayıbdır axı... Dünyanın az qala bütün dillərində belə bir zərb-məsəl var ki, "velosipedi yenidən ixtira etməyə ehtiyac yoxdur", bizim ailmimiz isə deyir ki, velosiped ixtira etmişik. Belə şeylərə görə bizə və konkret AMEA-ya gülürlər də. Velosipeden hər iki təkəri dartsa yox e, 3 təkər də qoysan, 5 təkər də qoysan, beşi də birdən dartsa, bu, yenə də velosipeddir ki, velosiped və heç bir halda "ixtira" edilə bilməz.”