adalet.az header logo
  • Bakı 7°C
13 Fevral 2019 14:57
83329
MÜSAHİBƏ
A- A+

Azərbaycanlılar kitab oxumağı sevirlər... – Elman dayının müsahibəsi

Xəbər verdiyimiz kimi, məşhur kitabçı Elman dayı dünyasını dəyişib. 

Adalet.az Oğuz Ayvazın 2014-cü ildə Elman dayının İçərişəhərdəki kitab dükanından yazdığı reportajı təqdim edir.

İçərişəhərin dar küçələri ilə gedirik. Hava isti və darıxdırıcıdır. Qız qalasının yanında yerləşən bu kitab evinin qapısını açıb içəri daxil oluram. İçəri daxil olan kimi kitab qoxusu, ədəbiyyat, incəsənət abı-havası hiss edilir. Özümü elə bil uşaqlığımda hiss edirəm. Atamla gəldiyim həmin yerin dəyişmədiyini görünücə, daha çox sevindim. Kitab evinin müdiri, 7 peşə sahibinə yiyələnən və mətbuatda tez-tez görünən Elman Mustafayevlə maraqlı söhbətimiz baş tutdu. Bizim kitabsevər, ədəbiyyatçı nəsil, gənc yazarlar, bir sözlə, çox adam onu yaxşı tanıyır...


1967-ci ildən başladım...

İlk olaraq bu sahədə fəaliyətimə "Fəvvarələr meydanı"ndakı iki kitab mağazasında başlamışam. Birincisi, incəsənət, digəri isə tədris-pedaqoji. 1967-ci ildən bu mağazanın müdiri olmuşam -13 il. Şəhərdə ən gur kitab mağazası idi. Çünki dərsliklər, tədris-pedaqoji ədəbiyyatı, hər bir ailəyə lazım olan vəsaitləri burada tapmaq mümkün idi.


Bəzi nüanslar var idi ki...

Sonra 1980-ci ildə Hökumət evinin yanında kitab evi açıldı. Deməli, hündürmərtəbəli binanın birinci-ikinci mərtəbələrini əhatə edirdi.1649 kv. metr sahəsi vardı. Bu kitab evi açılandan kitab həvəskarlarının ən çox gəldiyi yer idi. 5 il o kitab evinin direktoru olmuşam. 1985-ci ildə buradan ayrılmağa məcbur oldum. Bəzi nüanslar var idi. Məni bu işdən uzaqlaşdırmaq istəyirdilər. Belə şeylər mənim xoşuma gəlmirdi.Məni başqa sahələrə yönəltmək istəyirdilər. Özüm ziyali ailəsində göz açmışam. Evdə kitab oxunur və sevilirdi. Könüllü olaraq ərizə yazdım və çətinliklə olsa da çıxdım.


Xarici qonaqların da rəğbətini qazanmış yer

Oradan çıxandan sonra da "Azərinform" kitab evinə məxsus olan məkanda çalışmağa başladım. 1985-ci ildən 97 nömrəli kitab evində işləyirəm. Burada işləməyim nəyə görə mənə xoş gəldi? O dövrdə İçərişəhəri ziyarət etməyə xarici turistlər, ruslar, qonaqlar gəlirdi. Onlarla təmasda olmaq mənə xoş idi. Müxtəlif millətlərin, dövlətlərin nümayəndələri ilə ünsiyyətdə olmaq mənə xoş idi.



Oxucuların zövqü

Bilirsiz, hər oxucunun öz maraq dairəsi var. Məlum məsələdir ki, ən çox satılan bədii kitablar, klassiklər, rus, Azərbaycan klassikası, o cümlədən də müasir yazarların kitablarına maraq çox idi. Deyirəm də, yəni maraq dairəsi var, gənclərin bir qismi detektiv ədəbiyyatı sevir, bir qismi klassik ədəbiyyatı, bir qismi də görürsən tarixi mənbələrlə maraqlanır. Çox sevindirici haldır ki, bugünki gənclər fəlsəfi kitablarla maraqlanırlar. Mən deyərdim ki, son vaxtlar dini kitablara xeyli maraq azalıb. Sovetin vaxtı bundan daha az idi. O vaxt daha çox sovet ideologiyasına xidmət edən kitablar təbliğ olunurdu.


Bəxtiyar Vəhabzadənin "hophopnamə”si var?

Bir dəfə cavan oğlanla, cavan qız gəlmişdilər. Çox dəbli geyimli, qəşəng, gözəl görünürdülər. Qız yaxınlaşıb dedi ki, day-day sizdə Bəxtiyar Vəhabzadənin "Hop-hopnamə"si var? Eşitməməzliyə vurdum. Baxdım oğlanın üzünə ki, qız bəlkə səhv deyib, onun səhvini düzəldə. Gördüm elə ikisi də eyni ağıldadır. Ondan sonra rəhmətlik Bəxtiyar Vəhabzadə gəldi. O da tez-tez bura gedib-gələrdi. Onunla 50 il təmasda olmuşam. Dedim, Bəxtiyar müəllim siz, nə vaxtdan "Hop-hopnamə" yazmısız, xəbərimiz yox? (gülür) Deyəndə "nə əhvalatdı?" Mən bu hadisəni danışdım. Kişi gülməkdən uğunub getdi. Deyir "ay Elman, mən heç istəsəm də "Hop-hopnamə" yaza bilmərəm". Buna oxşar hallar çox olub. Amma gənclərin çoxu belə gənclərdir. Mən onlarla ünsiyyətdə olmaqdan zövq alıram.


Anar, Aqil Abbas gəlirdilər...

Bizim məşhur yazıçılarımızdan Anar, İlyas Tapdıq, Aqil Abbas daha çox gəlib-gedirdilər. İndi də gələn var, ancaq xeyli azalıb. Gənclərin bəziləri televiziya verlişlərində, mətbuatda məlumat verirlər ki, guya azərbaycanlılar kitab oxumağı sevmirlər. Mən bu fikirlə qətiyyən razı olmuram. Kitabı həmişə seviblər, oxuyublar. İndinin özündə də sevirlər və oxuyurlar. Ancaq, əlbəttə, dövr, zaman dəyişib. O dövrün öz kitab dünyası vardı. İndi amma o imkanlar daha genişdi. Xüsusən indi nə qədər nəşriyyatlar yaranıb. "Qanun" nəşriyyatı çox yaxşı fəaliyyət göstərir. Nə qədər rus, xarici klassiklər tərcümə olunub. Böyük tirajla buraxılır.


İndiki kitablar çox bahadır...

Amma bu gün ədəbiyyatın oxunmasına ən böyük əngəl törədən, başlıca bir səbəb kitabların həddindən artıq baha olmasıdır. Bir nömrəli səbəb budur. Bilirsiz, səbəb bir deyil. Bir sıra səbəbləri var. Əlbəttə, elektronika, internetin sürətlə inkişafı, və s. öz təsirini göstərir, məlum məsələdir. Lakin mən sizə deyim ki, elm, texnika inkişaf edir. Keçəcək 5 il, 10 il. Bu interneti də, kompyuteri də, o birilərini də nəsə başqa bir şey əvəz edəcək. Çünki texnika daim inkişafdadır. Amma kitab minilliklərdən keçib gəlib. Bu gün də öz əhəmiyyətini itirməyib. Qaldı ki, o sadaladığımız vasitələrin kökündə də yenə kitab dayanır. Onlar artıq yeni kitaba əsaslanır.

Qədim Babilistanda ölkədə ən hörmətli adam kitabın üzünü köçürüb yayan mirzələr idi. O vaxt kitab çapı yox idi. Hər şey əlyazma ilə, üzünü köçürtmə ilə yayılırdı. Bu da böyük zəhmət tələb edən işdir. Deməli, o kitabın üzünü köçürüb yayan mirzələrə həm əhali böyük rəğbətlə, məhəbbətlə yanaşırdı, həm də dövlət olaraq müəyyən güzəştlər edirdi. Təəssüf ki,indi o gün yoxdu.


Albert Kamyunu, Hegeli soruşurlar...

Bizim çox gözəl gənclik yetişir. Mən onlarla hər gün təmasda oluram. İstər oğlan, istər qız. O qədər gözəl fikirli gənclərimiz var ki, onlar hətta elə filosoflardan maraqlanırlar ki, mən təəccüb edirəm. Fəlsəfəni mən çox sevirəm. Amma bir o qədər də maraqlanmamışam, yəni gənclik illərimdə. Bu gün gəlib məndən Şopenhaueri soruşurlar, Albert Kamyunu, Hegeli. Bilirsiz, bunlar adi şeylər deyil. (gülür) Bunların təsəvvürü var ki, maraqlanırlar. Öyrənmək istəyirlər.

Kitabın çox oxunması üçün təbliğat məsələləri bizdə çox zəifdir. Televizya, radio, mətbuat. Bilirsiz, əsas təbliğat vasitələri budur. Amma siz indiki verlişlərdə təbliğata baxın. Hər şeyi təbliğ edrilər, kitabdan başqa. Halbuki, kitab burada birinci dayanmalıdır. Mən deyərdim ki, insanlığın varılığı, onun inkişafı kitabdan başlayır. İnsanda təfəkkür yaradan nədir? Kitab oxumaq. Kitab oxumayan adamda təfəkkür ola bilməz. Çox təəssüf ki, bu sahəyə az fikir verilir.


Bir sətir yazmaq üçün 40 səhifə oxuyuram...

Gənc yazarlardan gələnlər olur. Əvvəl daha çox gəlib-gedirdilər. Tez-tez gələnləri də var. Seymur Baycan, Əsəd Qaraqaplan, Mövlud Mövlud, digərləri də gəlirlər. Mənimlə əlaqə saxlayırlar. Özü də onların bir cəhəti mənim xoşuma gəlir ki, onlar yazmaq üçün çox oxuyurlar, kitab alırlar. Çünki yazar həmişə gərək oxusun. Bir dəfə rəhmətlik Bəxtiyar Vəhabzədə söhbətdə qayıtdı dedi ki, "ay Elman, mən bir sətir yazmaq üçün 40 səhifə oxuyuram. Fikir verirsiz, burada böyük hikmət var. Çünki yazan adam bir cümlə yazmaq üçün 40 səhifə oxuyur ki, oradan bir damla götürsün. Təəssüf ki, bəziləri görürsüz, yazırlar, ancaq oxumurlar.

Elman müəllimlə sağollaşarkən mənə öz kitabını hədiyyə etdi. Kitabın adı "Kitab sərrafı" idi.