adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Fevral 2019 00:23
6724
GÜNDƏM
A- A+

Prokuror dedi ki, get öldür

Qələmi iti adamlar

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri
(əvvəli ötən saylarımızda)

-Kişi kimi söz ver ki, qonşumu öldürsəm məni tutmayacaqsan.Nağdı kişi artıq əndazədən çıxmışdı.Odur ki,Dedim:
-Nağdı kişi sənə söz verirəm qonşunu öldürsən CM-nin 95-ci maddəsi ilə cinayət işi başlasamda, istintaq zamanı səni həbsə almayacam.Məhkəmədə də 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzası tələb edəcəyəm.Amma sən də gedib qonşunu öldürməsən kişi deyilsən.
Nağdı kişi təəcüblə üzümə baxıb:-"Gedirəm ha!"-deyib otaqdan çıxdı.
-Allah qoluna qüvvət versin!
Nağdı kişi gedəndən təxminən 15 dəqiqə sonra I Katib İbrahim Qurbanov daxili telefonla məni yanına dəvət etdi. DTK-nin yerli şöbəsinin rəisi Yavər Ələkbərov və Nağdı kişi katibin kabinetində idi.İbrahim Qurbanov Nağdı kişi ilə əsəbi halda danışırdı:
-Hamını şərlədin indi də prokurora şər-böhtan atırsan?
İbrahim Musayeviç nə məsələdir?-deyə soruşdum.
Görmürsən yanıma şikayətə gəlib ki,prokuror deyir get adam öldür.Dedim düz deyir. Sizin də yanınızda təkrar edirəm:
-Nağdı kişi, qonşunu öldürməsən kişi deyilsən.Mən səni məhkəməyə həbssiz verəcəyəm.Nağdı kişi:
-Gördün yoldaş katib,gördün,-deyə otaqdan çıxdı.İbrahim Qurbanovu gülmək tutmuşdu.Sonra o nigarançılıqla dedi:
-Birdən gedər əlindən xata çıxar.Yavər Ələkbərov cavabında: -İbrahim müəllim,kişi zorla ayaq üstə durur,onun adam öldürmə halı yoxdur.
Bu hadisədən sonra Nağdı kişi bir daha mənim yanıma gəlmədi və şikayət etmədi.
Qisasçılıq

Bəzi vətəndaşlar şikayətlərə həssaslıqla yanaşılmasından nəinki şəxsi mənafeləri üçün, hətta qisaçılıq məqsədi ilə istifadə edirdilər. İki hadisə nəql etmək istəyirəm.
1990-cı ildə Cəlilabad RPK-nın büro üzvləri könüllük əsasında təsərrüfatın müxtəlif sahələrinə, mən isə taxılçılıq sahəsinə hamiliyi üzərimə götürmüşdüm. Bir zamanlar Azərbaycanın ukraynası adlanan Cəlilabadda taxılçılığın vəziyyəti ürəkaçan deyildi. 1964-cü ildə kolxozların ləğv edilib, sovxoz təsərrüfatına keçilməsinin üstün cəhətləri olsa da, bir çox sahələrdə, xüsusi ilə, taxılçılıqda geriliyə səbəb olmuşdu. Yığılan məhsulun hamısı dövlətə satıldığından zaman-zaman kəndilinin məhsulun yetişdirilib, qorunub saxlanmasında marağı azalır, buna görə də becərmə işləri vaxtında aparılmır,zəmilər kütləvi şəkildə otarılır və nəticədə məhsuldarlıq az olurdu. Cəlilabadda dəmyə şəraitində əkilən 12.500 hektar taxıl sahəsindən ildə 15-16 min ton məhsul yığılırdı.
Bacarıqlı təsərrüfat rəhbərləri Əhməd Ağayev, Baxış Mustafayev, Möhsüm Kərimov, Cavad Cavadov və Qüdrət İsmayılovla söhbət edərkən aşağıdakılar müəyyən edildi. Həmin dövrdə Cəlilabadda 28.500 hektar üzüm sahəsindən cəmisi 6 min hektarı məhsul verirdi. Ona görə də, yararsız sahələrin qısa müddətdə müəyyən edilib beton dirəklərdən təmizlənib şumlanması və taxıl səpininin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyuldu. Oktyabr ayının axırlarından hər həftənin 1-ci günü bütün təsərrüfat rəhbərləri iş otağıma toplaşır və görülən işlər barədə hesabt verirdilər. Mənim tələbim sərt və qəti idi:
-"Artıq nə qədər istəyirsiniz əkin, lakin ən xırda əskikliyə görə cinayət işi başlayacam."
Axırıncı səpin yanvar ayının əvvəllərində Bakı sovxozunun ərazisində aparılmışdı. Rayon üzrə əvvəlki illərdən az qala 2 dəfə çox, 22.000 hektar sahəyə taxıl səpilmişdi. Həvəsləndirici tədbir ondan ibarət idi ki, yeni qəbul edilmiş "Müəssisələr haqqında SSRİ qanunu"-nun tələbinə uyğun olaraq dövlət satış planından artıq qalan məhsul kənd camaatına, sovxoz fəhlələrinə satıla bilərdi. Bu işlə əlaqədar əhali arasında geniş izahat işi aparılır, yerli qəzetdə materiallar dərc olunurdu. Zəmilərin otarılmasına son qoyulmuşdu. İrəli gedərək bildirirəm ki, son 25 ildə 15-18 min ton taxıl istehsal edən Cəlilabadda 1991-ci ildə 33 min tondan artıq taxıl istehsal olundu.
1991-ci ilin aprel ayının axırlarında Cəlilabad rayon prokurorluğuna MK-yə ünvanlanmış və xüsusi nəzarətə götürülmüş bir ərizə daxil oldu. Əvvəllər sovxozda briqadir, direktor müavini işləmiş Hökmalı adlı yaşlı kişi ərizəsində göstərirdi ki, sovxoz direktoru üzüm sahələrini qanunsuz sökdürüb məhsul yetişəndə satıb pulunu mənimsəmək məqsədi ilə yerinə planda nəzərdə tutulduğundan artıq taxıl əkdirib.
Hökmalı kişini işgüzar, ağsaqqal, təsərrüfatçı kimi tanıdığımdan onu özüm qəbul etmək qərarına gəldim. İş otağıma girərkən qalxıb əl görüşüb oturmaq üçün yer göstərdim. Hökmalı kişi ərizədə yazdıqlarını bir daha təkrar etdi.
Mən sakit tərzdə taxıl əkininə rəhbərlik etməyimi, Cəlilabadda ilk dəfə 20 min hektardan artıq sahəyə taxıl səpilməsini, 30 min tondan artıq məhsul gözlənildiyini, həmin məhsulun yarısının son 25 ildə ilk dəfə kənd əməkçilərinə veriləcəyini deyərək əlavə etdim ki, Hökmalı kişi, mən sizdən görülən işlərə, çəkilən zəhmətə görə ağsaqqal kimi təşəkkür gözlədiyim halda MK-yə şikayətə getməyinizin səbəbini anlamıram. Mənim sözlərim sanki daşa dəyirdi. Hökmalı kişinin gözlərini kin- küdurət örtmüşdü. O, təkidlə şikayətinin dəlillərini təkrarlayaraq, sahələrin yoxlanmasını tələb edirdi. Aramızda belə dialoq baş verdi.
- Hökmalı kişi, artıq əkilən sahədən çoxlu məhsul toplanacaq.Bu məhsulun yarısı kənd camaatına ən ucuz qiymətlə satılacaq.Siz nə təklif edirsiniz? Biz konkret olaraq nə etməliyik?
-Əkin sahələri mənim iştirakımla ölçülməli, aşkar olunan artıq sahələr məhv edilməlidir.
- Necə yəni məhv etmək? Taxıl sünbül bağlayıb axı?
- Nə olsun sünbül bağlayıb! Planda nəzərdə tutulduğundan artıq əkilən sahələr traktorla şumlanıb məhv edilməli, sovxoz direktoru həbsə alınmalıdır.
Onun bu sözləri məni özümdəm çıxartdı. Yadıma 60-cı illərdə məhşur aktyorumuz Səyavuş Aslanın iştirakı ilə göstərilən bir səhnəcik düşdü: "Səyavuşun "Neftçi"-nin azərkeşi olan personajı, əlində komandanın oyunu barədə bülleten nişanlısı ilə sahildə oturduğu yerdə bir avara ona yaxınlaşıb barmağındakı üzüyü, qolundakı saatı, boynundakı qalstuku çıxarıb alır. Sonra nişanlasının əl çantasını alıb, ayaqqabısını çıxartdırsa da, Səyavuşun personajı qorxusundan dillənmir. Avara personajın əlindəki bülleteni alıb "Neftçi" komandasının ünvavnına pis sözlər deyəndə personaj qəzəblənir,avaraya hücum edib aldıqlarını geri qaytarır,özünü də döyüb qovlayır."
İndi Hökmalı kişi də mənim vəzifəmə uyğun olmasa da, min bir əziyyətlə əkib-becərtdirdiyim zəminin məhv edilməsini istəyirdi. Ayağa qalxaraq hirslə dedim:
-Planda nəzərdə tutulduğundan artıq taxılı mən əkdirmişəm. Dur çıx otağdan. Mənim kabinetimdən başqa hara istəsən gedə bilərsən.
Hökmalı kişinin şikayətləri taxıl yığılıb qurtarana, camaata paylanana qədər davam etdi. Partiya biletinin nömrəsini göstərməklə Sov İKP MK-nın Baş katibinə ünvanladığı axırıncı ərizəsi mənzil başına çatmamış kommunist partiyası buraxıldı.
***
1980-cı ildə Masallı rayon Meşə Təsərrüfatı İdarəsinin bir dolay müdirinin ağacları amansızcasına qırıb satması barədə müxtəlif ünvanlardan rayon prokurorluğuna bir neçə vətəndaşın imzası ilə şikayətlər daxil oldu.

(ardı gələn sayımızda)