adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Fevral 2019 00:19
4214
GÜNDƏM
A- A+

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

Sürücülər, sizin üçün!

"Yol hərəkəti haqqında" Qanun

(əvvəli ötən saylarımızda)

2) bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin VI-II hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində.
VII. Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs müvafiq orqana nəqliyyat vasitəsini və aşağıdakı sənədləri təqdim etməlidir:
1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənədi;
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini;
3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının sənədini (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);
4) "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi;
5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsini.
VIII. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir və saz nəqliyyat vasitəsinə texniki baxış talonu verir.
IX. Bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
X. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təminatlı texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 31. Nəqliyyat vasitələrinin saxlanılması
I. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri nəqliyyat vasitələrini duracaqlarda və qarajlarda, habelə yol hərəkəti təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və ictimai təhlükəsizliyin tələblərinə cavab verən yerlərdə saxlamalıdırlar. "Nəqliyyat vasitələrinin duracaqları və qarajlar haqqında" nümunəvi Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
II. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları:
1) yaşayış məntəqələrinin layihələşdirilməsi zamanı nəqliyyat vasitələri duracaqlarının, habelə qarajlarının yollara bitişik ərazilərdə yerləşdirilməsini planlaşdırmalıdırlar;
2) qarajların və ya duracaqların tikintisi üçün torpaq sahələrini bu barədə müraciət etmiş şəxslərin olduqları ərazinin və ya onların yaşadığı binaların yaxınlığında ayırmalıdırlar.
III. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin edirlər. Nəqliyyat vasitələri saxlanca qəbul edildikdən sonra onların müəyyən edilmiş qaydalara uyğun saxlanılmamasına görə duracaqların və dayanacaqların sahibləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
IV. Nəqliyyat vasitələri duracaqlarının, qarajlarının sahibləri:
1) nəqliyyat vasitəsinin sahibindən və ya sürücülərindən nəqliyyat vasitəsinin saxlanılma qaydasına əməl olunmasını tələb etməlidirlər;
2) saxlanılması üçün təqdim olunan nəqliyyat vasitəsinin xarici görünüşünü və komplektliyini, zərurət olduqda isə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, onu idarə edənin sürücülük vəsiqəsini yoxlamalıdırlar və onları hökmən qeydə almalıdırlar;
(ardı var)