OBAMA ALLAH DEYiL, ABŞ-dan GƏLƏNLƏR DƏ ALLAHIN BAYISSI OğLANLARI

AQİL ABBAS
25834 | 2009-06-13 05:53
Nə ABŞ-la problemim var, nə də Obamayla. Nə də Avropadakı abışlarla və obamalarla. Sadəcə olaraq bizim dövlətə və bizim millətə yuxarıdan aşağı baxanları, özlərini "Sovet kəndi" qəzetinin müxbirləri kimi aparanları sevmirəm. ABŞ-dan, Avropadan bura gəlib özlərini nə yemiş xoruz kimi çəkənləri görəndə elə bilirəm ermənilər Şuşanı bir daha işğal ediblər.
   
   Məsələ nədi? ABŞ-ın dövlət katibinin müavini Filip Qordon (deyək ki, Metyu Brayzanın bir tayı və ya bir eşi) srağagün Bakıya gəlibmiş. Elə aeroportdaca deyib ki: "Biz Dağlıq Qarabağ problemi də daxil olmaqla regionda təhlükəsizlik məsələlərinə ciddi diqqət yetiririk. Düşünürəm ki, sülh və sabitlik məsələlərində irəliləmək imkanı varg" Nə isə at gəldi, örkən apardı, it gəldi kürü, Sabina Freyzer də bir qulaq-boyun daş-qaş.
   
   Bu Filipin nə deməsi məni o qədər maraqlandırmır. Filiplərin mənasız sözlərini eşitməkdən qulağımız mazol olub. Artıq Məmmədhəsən əminin eşşəyi də bilir ki, ABŞ-dan və Avropadan gələnləri nə Azərbaycan xalqının taleyi, nə bir milyon qaçqının dərdi, nə işğal olunmuş torpaqlar maraqlandırmır. Onları bircə şey maraqlandırır, bizdən nəyi və nə qədər qopara bilmələri. Və qopara da bilirlər. Eybi yox, Stalin demiş, bir gün bizim də küçədə toy-bayram olar.
   
   Hə, məsələ nə idi?
   
   Deməli, Filip gəlib. Qəzetlərin birində oxuyuram: "Əliyev Obamanın elçisi ilə görüşdən yayındı". Və nəticədə Filip Bakıda iki gün əvəzinə cəmi yarım gün kürü yeyəsi olub.
   
   Azərbaycanı belə aşağılamaq lazım deyil. İlham Əliyev artıq regionda söz sahibi olan bir dövlətin prezidentidir. Və dünyanın çox böyük layihələri Azərbaycansız həyata keçirilmir. Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Və İlham Əliyev də dünyanın diqqət mərkəzində olan bir dövlətin prezidentidir. ?zü də bu dövlətin də, özünün də söz sahibi olduğunu da dəfələrlə sübut edib. Heç uzağa getməyək, məlum İstanbul olayı. Nə xanım Klintonun xahişini qəbul etdi, nə də Obamanın.
   
   İndi kim Avropadan, ABŞ-dan durub Bakıya gələcəksə və gələnlər prezidentin səviyyəsində deyilsə, prezident onların hamısını qəbul eləməlidi, bağrına basmalıdı? Kakoy-nibud Filip Qordona bəlkə bir təntənəli - bayraqla, himnlə qəbul da təşkil eləməliydi?! Gəlib, qonaqdı, xoş gəlib, getsin öz səviyyəsində olan adamlarla da görüşsün. Necə ki hansısa bir QHT-nin sədri İlqar Məmmədovla görüşdüyü kimi. Və görün bu QHT rəhbəri Filipə nə deyir? Deyir ki, ABŞ Azərbaycan rəhbərliyinin beynəlxalq aləmdə sivil bir lider kimi qəbul olunmasının qarşısını almalıdır. Filip də deyib ki, gələcək, anbardar Məmmədxan da gələcək. Amma deməyib ki, ay əmioğlu, əgər o sivill lider deyilsə, sən bu ölkədə oturub onun lideri haqqında ağzına gələni necə danışırsan?!
   
   Qəzetdə oxuyuram: "Maraqlıdır ki, Qordonun Azərbaycandan əvvəl səfər etdiyi İrəvanda və Tbilisidə dövlət başçıları onu qəbul ediblər". Hamıya məlumdur ki, Saakaşvili maaşını ABŞ Dövlət Departamentindən alır. Güman ki, Filip Saakaşvilinin maaşını gətiribmiş, ona görə görüşüblər.
   
   Qaldı Sərkisyana. Gürcüstan ABŞ-ın bir ştatı olduğu kimi Ermənistan da Rusiyanın bir əyalətidi. Bir əyalətin rəhbəri də elə Filip səviyyədə bir adamdı.
   
   Yuxarıda bir ""Sovet kəndi"nin müxbirləri" ifadəsi işlətmişdim. Bir zamanlar "Sovet kəndi" qəzetində şöbə müdiri işləmişəm. Onda qəzetin qəzet, jurnalistin jurnalist olduğu vaxtlardı. Gedirdik rayona. Allah-Allah! Kolxoz sədrləri, aqroprom sədrləri, ispalkomlar, katiblər bizi elə qarşılayırdı ki, heç bu dəqiqə Metyu Brayzanı Azərbaycanda elə qarşılamırlar. Burdan oturma, ordan otur, bu tikəni yemə, o tikəni ye və sair və ilaxır. Yola salanda da elə bil təzə bəy yola salırdılar.
   
   Mən əvvəllər də yazmışam, yenə təkrar edirəm. İndi bu ABŞ-dan və Avropadan gələnlər elə bilirlər ki, onlar "Sovet kəndi"nin müxbirləridilər, biz də kolxoz sədrləri, özlərini elə aparırlar.
   
   İndi nə Obama Allahdı, nə də ABŞ-dan gələnlər Allahın bayıssı oğlanları.
   
   Niyə "bacısı" yox, "bayıssı" yazıram? Biz qarabağlılar "bayıssı" deyəndə özümüzə ləzzət eləyir. Dedim heç olmasa bu dilxor vaxtımda bir ləzzət alım.
   
   

TƏQVİM / ARXİV