adalet.az header logo
  • Bakı 7°C
12 Fevral 2019 15:06
8484
GÜNDƏM
A- A+

Zahid Orucun təyinatına həmkarları nə dedi? - SORĞU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev millət vəkili Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bəs həmkarları Zahid Orucun bu vəzifəyə təyinatını necə qiymətləndirir?


Ümid Partiyasının sədri İqbal Ağazadə qeyd edib ki, "mən prezidentin səlahiyyətlərinə qarışmıram. Bu, prezidentin səlahiyyətidir, Zahid Orucla işləmək istəyirsə, mən ona alternativ birini deyə bilmərəm. Mən olsaydım, Zahid Orucu təyin etməzdim. Bu başqa məsələdir. Mənim komandamda başqa adam olardı. Prezident də bu komanda ilə işləmək istəyir. Zahid Orucun qarşısına hansı məsələ qoyulacaq, onu bilmirəm”.


Millət vəkili Aydın Mirzəzadə açıqlamasında bildirib ki, bu gün müasir siyasi texnologiya ilə işləyən, ictimai rəyi hərtərəfli və ciddi öyrənən tədqiqat mərkəzinə böyük bir ehtiyac vardı. Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ilə ictimai sistemdəki bu boşluğu doldurub: "Həmkarım Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsini çox müsbət qarşılayıram. Zahid Oruc parlamentdə, ictimai həyatda çox fəal bir insandır. Siyasi baxışları, analizləri həmişə dövrün düzgün tədqiqinə və proseslərin izahı ilə bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına yönəlib. Heç bir şübhəm yoxdur ki, Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzində işləri yüksək səviyyədə qura biləcək. Azərbaycanın adına layiq, müasir siyasi texnologiyalarla işləyən bir tədqiqat mərkəzinin fəaliyyətini izləyə biləcəyik”.


Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Zahid bəyə uğurlar arzuladığını vurğulayıb: "Bu sahədə məlumatım olmadığına görə çətinlik çəkirəm. Ancaq Zahid bəy o sahədə fəaliyyət göstərdiyindən xəbərdaram. Çıxışlarında, yazılarında bu məsələlərlə məşğul olduğu görünür. Univesitetdə müəllimdir, deputatdır. Sosial məsələlərlə məşğul olur. Belə hesab edirəm ki, belə bir qurumun yaradılması prezidentin fərmanı ilə müsbət hadisədir. İndiyə qədər bu istiqamətdə işlərin gedib getmədiyini deyə bilmərəm, amma vacib bir məsələdir. Çünki ictimai rəyin öyrənilməsini, problemlərin aradan qaldırılmasıdı, cəmiyyətdən gələn təşəbbüslərin, təkliflərin eşidilməsidi. Dövlətin idarə olunması üçün vacib məslələrdi. Zahid bəy yəqin ki, bu məsələləri düşünübdü. Uğurlar arzulayıram və hesab edirəm ki, nəticəsi müsbət olar. Hər halda problemlərə diqqətlə yanaşan, parlamentdə həm Qarabağ məsələsi ilə bağlı, həm cəmiyyətin problemləri ilə bağlı çıxışları ilə nəzərdə olub. Ona görə də cəmiyyətin problemləri ilə maraqlanan bir adam olduğuna görə inanıram ki, işin öhdəsindən gələcək.”



Millət vəkili Asim Mollazadə də Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsini yüksək qiymətləndirilib: "Bu, çox gözəl bir qərardır, işlərində uğurlar arzulayıram”.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni yaradılmış Sosial Tədqiqatlar Mərkəzi müasir dövrdə çox əhəmiyyətli qurumdur: "Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi isə çox təqdirəlayiqdir. O, dövlətçiliyə, azərbaycançılığa, Vətənə sadiq və hər zaman ədalət hissi yüksək olan bir insandır. Eyni zamanda araşdırmaçı və elmi təfəkkürə malik bir ziyalıdır”.