adalet.az header logo
  • Bakı 13°C
12 Fevral 2019 14:45
22062
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: SƏN DEMƏ, BANANIN DA GENİ DƏYİŞDİRİIİR

Bu gün insanlar sanki odla su arasında qalıb. Yəni onlar bazarlardan, marketlərdən, lap elə yaxınlıqdakı mağazalardan meyvə alarkən çıxılmaz vəziyyətə düşürlər. Bilmirlər ki, aldıqları meyvə təbiidir, yoxsa geni dəyişdirilib. Geni dəyişdirmək də o deməkdir ki, meyvələrin tərkibinə heyvan qanı vurulur və bu da uzun müddət o meyvələri çürüməkdən saxlayır. Yəni baxırsan ki, həmin meyvələrin çox gözəl və səliqəli görünüşü var. Ancaq elə ki, həmin meyvədən bir dişlək götürürsən, hiss edirsən ki, bizim meyvələrin tamını vermir.

Xaricdən ölkəmizə gətirilən əksər meyvələrin və tərəvəz məhsullarının geni dəyişdirilib. Geni dəyişdirilən məhsul alma da ola bilər, armud da ola bilər, banan da ola bilər, xiyar da ola bilər, pomidor da ola bilər. Dünyanın əksər ölkələrində geni dəyişdirilmiş məhsullarla təbii məhsullar bir-birindən asanlıqla seçilir. Çünki hər bir məhsulun üstündə onun kod nömrəsi olur. Və bu kod nömrəsinə də baxanda o dəqiqə alıcı bilir ki, bazarda, mağazada satılan məhsulun geni dəyişdirilib, yoxsa təbiidir.

Onu da qeyd edək ki, dünyanın əksər ölkələri artıq geni dəyişdirilmiş məhsullardan imtina edib. Daha doğrusu, bu məhsulların ölkəyə idxal olunması qadağan olunub. Amma buna baxmayaraq, yenə əksər ölkələrdə geni dəyişdirilmiş məhsullar satışa çıxarılır. Bax, burda bir atalar sözü yadımıza düşür: "Dəyirman bildiyini eləyər, çax-çax baş ağrıdar”.

Və bu çax-çax elə bizim də başımıza deyəsən bəla olub. Əgər belə olmasaydı, bazar-dükanlarımız geni dəyişdirilmiş məhsullarla ağzına qədər dolu olmazdı. Özü də bəzi marketlər geni dəyişdirilmiş mer-meyvələri elə bəh-bəhlə satırlar ki, sanki həmin meyvələri yeyəndən sonra Azərbaycan nağıllarında olduğu kimi, qoca adamlar dönüb cavanlaşacaq.

Hətta satışa çıxarılan bir çox məhsulların üzərində genin dəyişdirilməsi ilə bağlı heç bir məlumat olmur. Bir var məhsulun üzərində yazılsın ki, onun geni dəyişdirilib, biri də var heç bir məlumat qeyd edilməyə. Bax, onda alıcılar qalır çıxılmaz vəziyyətdə. Bilmirlər ki, üzərində heç bir məlumat olmayan xaricdən gətirilmiş məhsulun geni dəyişdirilib, yoxsa yox.

Sən demə, ölkəmizə Amerikadan və Afrikadan gətirilən əksər banan məhsullarının geni dəyişdirilir. Bu barədə Azad İstehlakçılar Birliyi də əhaliyə xəbərdarlıq edib. Axı bu necə olur ki, xaricdən ölkəmizə geni dəyişdirilmiş banan gətirilir və bundan da əlaqədar qurumların xəbəri olmur. Hər bir məhsul öncə sərhəddən keçirilib gətirilərkən gömrük baxışına təqdim olunur. Üstəlik də gömrük postlarında müxtəlif qurumların nümayəndələri və mütəxəssisləri fəaliyyət göstərir. Yəni hər hansı məhsulun tərkibi barədə həmin mütəxəssislər kifayət qədər məlumatlı olurlar. Onların rəyindən və fikirlərindən sonra digər qurumlar bu məhsulların ölkəyə buraxılmasına razılıq verir.

Təəssüf ki, bizdə asanlıqla nəinki geni dəyişdirilmiş bananlar, hətta digər növ meyvələr ölkə bazarına daxil olur. Geni dəyişdirilmiş məhsulların əhali tərəfindən alınıb istifadə edilməsi isə müxtəlif təhlükəli xəstəliklərin, o cümlədən xərçəngin yayılmasına münbit şərait yaradır. Qida Təhlükəsizliyi Agentliyindən bildirilir ki, geni dəyişdirilmiş və dəyişdirilməmiş bananları müəyyənləşdirmək o qədər də çətin deyildi. Sadəcə olaraq, həmin məhsulların üzərində kodlar var. O kodlar göstərir ki, hansı banan təbiidir, hansı bananın geni dəyişdirilib. İndi yazıq alıcı necə aydınlaşdırsın ki, bu kod hansına məxsusdur; geni dəyişdirilən, yosxa geni dəyişdirilməyən!

Bəs onda ölkəmizdə xaricdən gətirilmiş məhsulların keyfiyyətinə zəmanət verən qurumlara nə ehtiyac var? Əgər bu qurumlar öz üzərlərinə düşən missiyanı yerinə getirə bilmirlərsə, insanların həyatı üçün təhlükə törədən və xaricdən gətirilən geni dəyişdirilmiş məhsullara göz yumurlarsa, buna nə ad vermək olar? Sadəcə olaraq, buna belə bir formul vermək olar: laqeydlik, məsuliyyətsizlik və şəxsi marağı hər şeydən üstün tutmaq!

Biz bir şeyi başa düşmürük və başa düşməməyimizi də sizə çatdırmaq istəyirik. Məgər bizim dədə-babalarımız banan yeyiblər? 30-40 il bundan əvvəl ölkəmizə banan gətirilirdi və xoruz yox idi səhər açılmirdi? Bizim mayamız da, qanımız da, həyatımız da yerli məhsullar əsasında formalaşıb. Yəni dədə-babadan biz öz bal kimi şirin mer-meyvələrimizlə dolanmışıq. Azərbaycanın çürük alması, armudu, narı, pomidoru, xiyarı min dəfə xaricdən gətirilən və par-par parıldayan o geni dəyişdirilmiş məhullardan dadlıdır.

Deyirik ki, almanın filan yeri qurdludur, armudun filan yeri çürükdür. Qurd o meyvəyə yaxın durur ki, onun işərisində kimyəvi maddə yoxdur. Geni dəyişdirilmiş meyvələrin də hamısı kimyəvi maddələrlə yetişdirilir və bir də hər meyvənin öz mövsümü var. Yəni müəyyən mövsümdə ürəyin alma, armud istəyir. Yayda qarpız-yemiş yeməyi arzulayırsan, payızda nar, xurma, feyxua, naringi qəlbindən keçir. Qışın ortasında adamın başını kəssən də nə qarpız yemək istəyər, nə də alça arzulayar. Ancaq bunu xəstə, sulu adamlar xoşlayırlar.

Gəlin, tələsməyək! Ən azından ona görə ki, hər bir meyvəni öz mövsümündə yeyəndə daha dadlı olur. Ona görə də nə xaricdən gətirilən geni dəyişdirilmiş meyvələrə meyl eləyək, nə də mağazalarda bu gün kiloqramı 100 manata satılan alçaya maraq göstərək. Bizim öz meyvələrimizin dadını dünyanın heç bir ölkəsində hiss etmək mümkün deyil.

Qardaş Türkiyədə də, gözəl Təbrizdə də meyvə yemişəm. Vallah, onların heç birisi Bəhmənlinin almasının, armudunun, xurmasının, qarpızının, yemişinin dadını verməyib. Ona görə də dəridən-qabıqdan çıxıb bir ətək pul xərcləyərək xarici meyvələri almağa qətiyyən tələsməyin və bu heç verdiyiniz pula da dəyməz!..