adalet.az header logo
  • Bakı 12°C
12 Fevral 2019 00:29
4452
GÜNDƏM
A- A+

XOCALI ŞİKƏSTƏSİ

(roman)

Ulduz Qasım

(əvvəli ötən saylarımızda)

-Allah sizdən razı olsun! Bu dünyada hələ də xeyirxah insanlar yaşayır deməli. Gizlətməyəcəm, sizi ilk görəndən nəsə özümə qarşı bir doğmalıq hiss etdim. Bilmirəm niyə. Biz ki, başqa-başqa adamlarıq. Heç bir qohumluq əlaqəmiz yoxdu.
-Kim bilir? Bəlkə bir soydanıq. Hardansa qohumluğumuz çatır. Axı, mən də qarabağlıyam.
-Doğru deyirsiniz?
-Hə.
-Belə deyin. Hə, xatırladım. Axı demişdiniz ağdamlısınız.
Həmid kişi evin hər tərəfinə diqqətlə nəzər saldı. Otaqda yemək yeməyə düz-əməlli stol belə yoxdu. Ürəyindən keçdi, Məryəm etiraz eləməsəydi, vacib əşyaları aldırardım. Bu uşaqlar necə rahat olur burada? Ərzağı harda saxlayır görən, soyuducu olmadan? Amma indi Fərhadın xəbər-ətərsiz yoxa çıxdığı vaxtda bunları necə desin? Söz ağzından qəfil çıxdı:
-Məryəm qızım, deyirəm sizə sabah bir soyuducu alım. Uşaqların yeməyini yığmağa heç olmasa.
-Nə danışırsınız? Özüm pul toplayıb alacam.
-Bəs deyirdin məni qohum kimi qəbul edirsən? Xətrimə dəyirsən.
Məryəm çaşıb qaldı. Təzə-təzə tanıdığı, yad ikən doğma olan bu adamın ərkyana təklifinə nə desin? Etiraz, yoxsa minnətdarlıq eləsin.
-Məni də bu uşaqların babası bil, qızım. Əgər doğrudan da xətrimə dəymək istəmirsənsə, icazə ver, kömək edim. Bax, söz verirəm. Yavaş-yavaş təmizlik pulundan çıxaram. Sən də razı qalarsan.
Məryəm dinmirdi. Əslində nə deyəcəyini düşünürdü. Həm Həmid kişinin xətrinə dəymək istəmirdi, həm də başqasından nəsə qəbul etmək ona ağır gəlirdi. Bir yana baxanda soyuducuya və bir masaya çox ehtiyacları vardı. Neçə vaxtdı uşaqlar yazını yerdə uzanılı yazırdılar. Həmid kişi, təmizlik pulundan çıxaram deyincə, bir az rahatladı.
-İcazənizlə mən qalxım.
-Bağışlayın, sizə çay-çörək təklif eləmədim. Vallah, lap başımı itirmişəm.
-Bu nə sözdü, qızım. Ac deyiləm. Narahat olma. Gedim, görüm Fərhad barəsində bir şey öyrənə bilirəm...
-Allah köməyiniz olsun!
-Özünü o qədər üzmə. Hər şey düzələr.
Səhərisi gün Həmid kişi orta ölçülü soyuducu və bir dəst stol-stul alıb gətirdi. Məryəm etiraz etsə də, ürəyindən oldu. Uşaqlar rahat olarlar heç olmasa. Dönə-dönə dedi ki, təmizliyin pulunu bir neçə ay almayacaq.
Fərhadın gəlib çıxdığı yer demək olar, gözdən-könüldən iraq bir kənddi. Bir gün sonra Səməndər kişi onu bələdiyyə sədrinin yanına apardı.
-Bax, sədr, adam Xocalıdandı. Yaralanıb, insanları xilas eləyəndə. Ayaqlarını itirib. Gəlib çıxıb buralara. Həkimdi. Özün də dünya görmüş adamsan. Deyirəm, tibb məntəqəsi boşdu. Qərar tutan olmadı orda. Gələn qaçdı. Kimisi də yalançı çıxdı. İcazə versəydin, məntəqəni açar, oturub işləyərdi. Xəstəmizə, ağrıyanımıza baxardı. Nə deyirsən?
-Nə deyirəm, ay Səməndər kişi. Sənin ağsaqqal sözün qanundu. Dedin, mən də eşitdim. Gəlsin sabahdan başlasın işə. Açarlar da budu ha, burda.
O, masanın siyirməsini çəkib bir topa açar çıxartdı.
-Elə o vaxtdan burda durur, al.
Səməndər kişi açarları alıb cibinə qoydu.
-Hə, sağ ol, a sədr. Biz gedək.
Çölə çıxandan sonra üzünü oğluna tutdu:
-A bala, a Bəxtiyar, get evə doxturxananı təmizləmək üçün nə lazımdısa, gətir. Dostlarını da yığ, təmizləyin oranı. Səhər doxtur gələndə təmiz olsun.
-Baş üstə, dədə.
Səməndər kişi Fərhada kəndi göstərdi. Buranın qədim yer olduğundan, yaranma tarixindən danışdı.
-Baxma, həkim, belə əldən-ayaqdan uzaqda olsaq da, dolanışığımız pis deyil. Mal-heyvanımız var. Əkin-biçin də öz qaydasında. Yaşayıb görərsən. Bir az qışı soyuq olur. Yönnü yolu-irizi yoxdu. Vaxt gələr, o da düzələr deyirəm. Gəlməyin yaxşı oldu.
Fərhad dinmədi. Başını aşağı saldı. Utandı. Ona bu qədər doğma davranan insanlardan nəyisə gizlətdiyinə görə yenə özünü qınadı: "Gör insanlar mənimlə bir tikə çörəyini bölür, mənsə onlara yalan deyirəm. Sən ki heç zaman yalan danışmazdın. Nə oldu?".
-Keçər bu günlər də. Fikir eləmə, oğul. Hər zülmət gecənin sonu sabahdı. Doğrudu, çox dəhşətlə uzləşmisən. Amma neyləmək olar? Başa gələn çəkilir. Möhkəm ol.
-Kaş qayıdaydıq yerimizə-yurdumuza, Səməndər dayı. Kaş ölümümüz orda olaydı. Yoxsa, başqa yerdə rahatlıq tapmırıq. Çətindi, Səməndər dayı, çox çətindi. Dünya görmüş insansınız, başa düşərsiniz məni.
-Anlayıram, oğul, anlayıram, torpaq güclü olur. Hər zaman adamı çəkir özünə. Harda olsan, necə yaşasan belə çəkir səni. Vətən budu. Səni cağıran, çəkən quvvədi. Cazibəsi böyükdu. Elə bir ikinci böyük quvvə ola bilməz. Fikir eləmə, dua elə. Dua elə ki, geri alınsın torpaqlarımız. Allah dövlətimizi qüvvətli eləsin, əsgərlərimizə, ordumuza güc versin ki, onlar da Qarabağımızı geri qaytarsınlar.
Fərhad qəhərlənmişdi. Səməndər dayının sözləri yarasının qaysağını qoparmışdi. "İlahi, kaş ki, bunların hamısı yuxu olaydı. Oyanaydım, görəydim röya görürmüşəm. Balalarım, Məryəmim yanımdadı. Nə olar, Allahım, nə olub olub, indiyəcən başımıza gələnləri dəhşətli yuxu elə. Bu yuxudan ayılt bizi, əvvəlki günlərimizə, torpağımıza qaytar. Başqa yerdə nəfəs belə ala bilmirəm. Hər şey çətinləşir, başqalaşır. Elə bil qonağam, geri dönəcəyimi gözləyirəm. Özümə yer tapmıram. Dünya mənə dar gəlir, əlim-qolum bağlanır. Düşünəndə ki, qayıtmayacam o yerlərə, az qalır başıma hava gələ.
Səməndər kişi onu fikirdən ayırdı:
-Özünə gəl, a bala. Gecdi, gəl gedək evə. Axşamın sazağı da başlayır. Görək Gövhər xalan yeməyə nə verəcək? Yüz fikir bir borcu ödəmir.
Yavaş-yavaş yağan qar yol boyu Fərhada Xocalını xatırladırdı. Oranın qışı çox sərt olur. Ağappaq don geyinir hər yer. Göz qamaşdırırdı çöl-düz. Yazın, yayın minbir rəngli çiçəklərinin, güllərinin yerini başqa bir gözəllik əvəz edirdi. Bəmbəyaz qar başqa bir gözəllik libası geyindirirdi Xocalıya.
Yemək hazır idi. Əllərini yuyub süfrəyə oturdular.
-Səni bilmirəm, oğul, mən yaman bərk acmışam.
Gövhər xala dərin boşqaba dolma çəkib gətirdi. Camış qatığını, yalan olmasın bıçaq kəsmirdi. Fərhad yenə kəndi, ata yurdunu xatırladı. Anasının sağlığını. Rəhmətlik günaşırı camış qatığı çalardı. Hətta Fərhad Bakıda oxuyanda atasıyla şəhərə də göndərərdi.
Yeməkdən sonra söhbətarası, Bəxtiyar doxturxanada (kənddə həkim mətəqəsini belə adlandırırdılar) hər şeyin yerbəyer olduğunu bildirdi. Fərhad gəncliyini, kənddə işə gəldiyi ilk günləri xatırladı. Bunu ev sahibi hiss etdi, gülümsədi.
-Həyəcanlanırsan, doxdur?
-Hə, Səməndər dayı. İlk işə düzəldiyim günləri xatırladım. Elə qorxurdum ki... Düşünürdüm görəsən məndən razı qalacaqlar? Oxuduqlarım mənə nə verib? Hər şeyi öyrənə bilmişəmmi?
-Onda, yaxşı həkimsən. Əgər insan məsuliyyət hiss edirsə, deməli, bir şey bilir. Seçdiyi sənətə sevgisi, hörməti var. Bax, bu yaxşı xasiyyətdi. İnşallah, bizimkilərə kömək edə biləcəksən. Bilirsən, çoxusu imkansızdı. Kənd yeridi. Başqa yerə gedə bilmirlər. Adi xəstəliklərdən əziyyət çəkirlər. Türkəçarəylə müalicə edirlər özlərini. Amma o da bir yerə qədərdi. Səni öyrətmək fikrim yoxdu.
-Hamı razı qalacaq. Elə onların duaları sənə yetər!
... Bəxtiyar xəstələrin, onların böyrüncə gələnələrin ayaq üstə qalmamaları üçün oturacaq da hazırlamışdı. Anasının əldə toxuduğu, kənarları torlu ağ örtüyü oturacaqların üstünə örtmüşdü ki, köhnə taxtalardan hazırlandığı bilinməsin. Fərhad daxilən kövrələrək düşünürdü: mən bunların yaxşılığını necə ödəyəcəm? Bunlar yəqin Gövhər xalanın cehizləridi. Rəhmətlik anamın da qırağı hörməli ağ örtükləri vardı. Məryəm, kaş burda olaydın. Görəydin nə qədər gözəl insanlar var yer üzündə. Sadə və mərhəmətli insanlar. Son loxmasını adamla bölənlər var. Kasıb evlərində nə varsa, ən yaxşısını, ən təzəsini sənə verməyə hazır olan insanlar. Mərhəmətli, qəlbi varli olanlar! Nəriman kimi binamuslar bunların ayağının tozu ola bilməzlər. Kaş burda olaydın. Gözlərinlə görəydin hər şeyi. Biz niyə bu günlərə qaldıq, Məryəm?
Müayinəyə gələn birinci adam Səməndər kişinin özü oldu:
-Niyə zəhmət çəkib bura gəlirsiniz, Səməndər dayı? Evdə müayinə edərdim də, sizi...
-Qoy hamı görsun, kəndin həkimi var artıq. Türkəçarələrdən əl çəksinlər. Gözləri açılsın.
Ertəsi gün həkim məntəqəsi adamla dolu idi. Fərhad bilmirdi necə çatdırsın yoxlamanı. Bir çətinlik də o idi ki, kənddə aptek yoxdu. Bunu da Səməndər kişi öz öhdəsinə götürdu. Həftədə iki dəfə Bəxtiyar şəhərə gedib həkimin sifariş elədiyi dərmanları alıb gətirirdi. Bir aya yaxındı işə başladığı. Hamının hörmətini qazanmışdı. Çoxlarının ağrıları azalmışdı. Artıq hamı kəndlərində bir bilikli həkimin olduğuna inanırdı. Onlar da həkimi razı salmağa çalışırdılar. Kimisi pendir, kimisi kərə yağı, kimisi toyuq gətirirdi. Fərhadın etirazına baxmayaraq hər şey gətirirdilər. Düzü, həkim artıq heç kimin xətrinə dəymək istəmirdi. Çünki kənd adamları bir başqa olurlar. Gətirdikləri payı qaytarsan, inciyərlər. Səməndər kişinin haqqında da çox şeylər öyrənmişdi. Sən demə, uzun illər kəndin kolxöz sədri bu kişi olub. Rayonda hamı onu tanıyır. Adlı-sanlı adamdı. Yeganə övladı da Bəxtiyardı.
... Məryəm vaxtşırı polis şobəsinə gedir, Fərhaddan bir xəbər olub-olmadığını soruşurdu. Hələ ki ondan heç bir soraq yox idi. Həmid kişinin də axtarışları nəticə vermirdi. Sahib müəllimin dediyinə görə xəstəxanalara belə adam daxil olmayıb. Məryəmin gözünə gecələr yuxu getmirdi. Deməli sağdı. Bəs niyə xəbər eləmir? Bilmir onu axtarcam mən? Nədən evdən qaçır? Səbəbi nədir? Niyə gizlənir? O ki çətinlikdən qaçan deyil. Ciddi bir səbəb olmalıdı. Mütləq nəsə var burda.
Gecə-gündüz içini didib-dağıdan bu suallar onu çox üzürdü. Fikirlərin pəncəsində çabalayan qadın Fərhad itkin düşəndən bəri özünə heç fikir vermirdi. Ağlı-qaralı saçları eyzan dağınıq olurdu. Ayselin qadına yazığı gəlirdi, deyirdi:
-Məryəm ana, niyə saçlarını rəngləmirsən? Çox ağarıb saçların, sığal-tumarını itirib...
-Sən mənə baxıb fikir eləmə. Saçlarımı rəngləsəm, nə dəyişəçək? Dərslərinə fikir ver.
-Axı, sən hələ cavansan, həm də çox gözəlsən.
-Bəyəm elə qocaların saçları ağarır? Elələri var ki, bir gecədə saçları bəmbəyaz olur.
-Doğru deyirsən, Məryəm ana?
-Hə qızım. Məsələn İbrahim Gülşən həzrətlərinin saçları bir anda ağarıb. Eşidəndə ki, həyat yoldaşıyla qızını öldürüblər vəhşicəsinə, həmən anda bəmbəyaz olub saçları hamının gözləri önündə.
-...
İstədi Ayselə desin ki, ay qızım, gör sən nələr düşünürsən? Mən nə haldayam ki, sığal-tumar dərdinə düşəm. Fərhadsız bunlar mənim nəyimə gərəkdi? İki ciyərparəmi itirmişəm. İndi mənim dərdim-sərim sizi ayağa qaldırmaqdı. Gecə-gündüz düşünürəm, sizi necə bir tərəfə çıxaracam. Yeməyinizi-içməyinizi, əyin-başınızı təmin edə biləcəmmi bu çətin günlərdə? Doğru-düzgün tərbiyə verməyi bacaracammı? Boynuma götürdüyüm bu ağır yükü axıra qədər daşımağa gücüm çatacaqmı? Sənin düşündüyünə bir bax. Allah köməyin olsun! Ax, gənclik! Sən nə qədər gözəl, nə qədər əlçatmazsan! Bir anını belə ötürdünsə, gecikirsən. Təkcəcə bircə anını. Artıq çoxdan bizdən yan keçdin. Başımız evə, uşaqlara qarışdı. Düşündük ki, həmişə gənc olacağıq. Heç düşünmədik hər keçən an onu bizdən alıb aparır, uzaqlaşdırır. Bunu ancaq sonra anlayırsan.
(ardı var)