adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Fevral 2019 00:12
3040
GÜNDƏM
A- A+

SEVİNC BƏXŞ ETMƏYİN QƏLB RAHATLIĞI

Son illər Balakən rayonunun adı hər yerdə rəğbətlə çəkilir. Ölkə rəhbərliyinin xüsusi qayğı və diqqəti nəticəsində rayon bütün istiqamətlər üzrə inkişaf edərək tanınmaz dərəcədə dəyişmişdir. Tikinti-quruculuq və müasirləşmə ilə yanaşı, rayon iqtisadiyyatının aparıcı və ənənəvi sahələrində də ardıcıllaşan dinamizm höküm sürür. Yaşanan hər bir ilin tövhələri insanlara sevinc bəxş etməkdədir. Göstərilən qayğı və diqqətə, eyni zamanda camaata arxalanan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev komandası ilə birlikdə xüsusi bir məsuliyyətlə, nümunəvi işgüzarlıqla çalışmaqdadır.
Quruculuq və müasirləşdirmə tədbirləri, kənd təsərrüfatının ənənəvi və digər sahələrinin daha da genişlənməsi, xidmətin tələblərə uyğun şəkildə yüksəldilməsi, eləcə idmanın, turizmin inkişafında qazanılan uğurlar Balakənin gündəlik həyatı, yaşam tərzidir, sakinlərin qürur mənbəyidir. Əgər bu gün Balakəndə cinayət hadisələrinin, xüsusən ağır cinayətlərin azalması müşahidə olunursa, bu, hüquq mühafizə orqanlarının, təbii ki, əsasən Balakən Rayon Polis Şöbəsinin fədakar fəaliyyətinin nəticəsi olmaqla yanaşı, eyni zamanda dövlət qayğısının və bu qayğı sahəsində həyat tərzinin yüksəlməsinin də əhəmiyyətli rolu vardır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Balakən polisi həqiqətən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışaraq, baş vermiş cinayət hadisələrinin açılması istiqamətində də uğurlu nəticələrə nail olmaqdadır.
Rayon həyatının digər sahələrində qazanılan uğurlardan da xeyli söhbət açmaq mümkündür. Ancaq bu günlərdə Balakəndə 2018-ci ilin yekunlarına həsr edilmiş yığıncaqda bütün bunlara daha geniş yer verilmiş, görülən işlər təhlil edilərək qarşıda duran vəzifələrdən danışılmışdır. Yığıncaqda məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev demişdir:
- Hesabatını verdiyimiz 2018-ci ildə Dövlət və İnvestisiya Proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yüksəlmiş, ümumi məhsul buraxılışı 197,0 milyon manat təşkil etmiş, 2017-cı illə müqayisədə artım 1,2 faiz olmuşdur. Kənd təsərrüfatı məhsulu 73,0 milyon manat, sənaye məhsulu istehsalı 26,5 milyon manat, tikinti işlərinin ümumi həcmi 21,2 milyon manat təşkil etmişdir. 2017-cı illə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 4,9 faiz, sənaye məhsulu istehsalı 3,5 dəfə, tikinti işlərinin həcmi 4,9 faiz artmış, ümumi məhsul buraxılışının rayon əhalisinin hər nəfərinə düşən həcmi 2007,0 manat olmuşdur. 2018-ci ildə kənd təsərrüfatında istehsal olunan məhsulun 50,7 faizi bitkiçilik, 49,3 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
Rayonda 2018-ci ilin məhsulu üçün 15458,2 ha sahədə payızlıq və yazlıq bitkilərin əkilməsi təmin edilmişdir ki, bu da əvvəlki ilin səviyyəsindən 1,1 % çoxdur. Əkinlərin 1716,2 hektarını payızlıq, 11935 hektarını isə yazlıq bitkilər təşkil etmişdir. Yazlıq əkinlərdən 7040 ha qarğıdalı, 2057 ha tərəvəz, 580 ha kartof, 535 ha tütün, 388,0 ha lobya, 335 ha bostan, 10,0 ha soya, 990 ha yonca və digər bitkilərin əkilməsi təmin edilmişdir. Təsərrüfatlarda 4779,1 ton taxıl, 42994 ton qarğıdalı, 823 ton lobya, 25488,0 ton tərəvəz, 5469 ton kartof, 3566,5 ton bostan bitkisi istehsal edilmişdir. Eyni zamanda, oktyabr-dekabr aylarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini ilə bağlı işlər görülmüş və 1673,7 ha sahədə taxıl, o cümlədən 1215 ha buğda, 457,7 ha arpa əkilmişdir.
Ötən dövrdə rayonun ənənəvi kənd təsərrüfatı sahəsi hesab olunan baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılmış, nəticədə 29,8 ton barama istehsal olunaraq "Azəripək" ASC-yə təhvil verilmiş, proqnoza 130,3 % əməl olunmuşdur.
2018-ci ildə 535 ha sahədə (475 ha -Virciniya, 60 hektar digər növ) tütün əkilmiş, 643,0 ton və ya 2017-ci ilə nisbətən 2 dəfə artıq quru tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilmiş, hər hektardan məhsuldarlıq iki dəfə artaraq 12 sentner təşkil etmişdir. Tütün istehsalı sahəsində Sarıbulaq, Katex, Mahamalar, Gərəkli, Xalatala, Talalar və Püştətala kəndlərinin təsərrüfatçılarının əməyi xüsusi qeyd olunmalıdır. Rayon üzrə ən çox tütün Püştətala bələdiyyəsi Şamsu Bayramova (359 ton), Qazma bələdiyyəsi Məmliyev Tahir (287 ton) və Talalar kənd sakini Cumayev İmran (202 ton) tərəfindən istehsal edilmişdir.
Tütün istehsalının 2017-ci ilə nisbətən 2 dəfə artmasına ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən tikilən 60 kameralı tütün qurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərmişdir.
20 nəfərin daimi, 75 nəfərin isə mövsümü işlə təmin olunduğu məntəqə 23.07.2018-ci ildə fəaliyyətə başlamış və mövsüm ərzində 2823 ton yaş tütün qəbul etmiş, emal prosesindən sonra 392 ton quru tütün əldə edilmişdir.
Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər tarixən qərzəkli meyvəçiliyin, o cümlədən fındıqçılığın yaxşı inkişaf etdirildiyi rayonumuzda əhalinin bu sahəyə marağını artırmışdır. Son üç ildə 4278 hektar sahədə, ötən ildə isə 1010 hektar sahədə fındıq bağları salınmış və bağların ümumi sahəsi 9944 hektara çatdırılmışdır. Bağlardan 6,2 min ton fındıq tədarük edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 900 ton və ya 17,0 faiz çoxdur. Cari ildə daha 700 hektar sahədə fındıq pöhrələri əkilməklə yeni salınan bağların sahəsinin 5 min hektara çatdırılması nəzərdə tutulur.
Ötən dövr ərzində əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı suvarma kanallarında 443 min kub metr həcmində təmizləmə işləri aparılmışdır. Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanalları, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul kəndlərinin ərazilərində mövcüd kanallar tam təmizlənərək onların su ötürmə qabiliyyəti yaxşılaşdırılmışdır. Balakən çayda Mahamalar kəndinin sel sularından müdafiəsi üçün qurulmuş daş-beton bəndlərdə 680 kub metr həcmində cari, 241 kub metr həcmində isə əsaslı təmir işləri görülmüşdür.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ