adalet.az header logo
  • Bakı 6°C
11 Fevral 2019 10:31
26542
MƏDƏNİYYƏT
A- A+

Ramiz Məliklə Ayaz Salayevin teatr davası

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Son zamanlar yaranmış maliyyə problemləri, vergi cərimələri və.s səbəblərdən teatr icarə haqqını ödəməkdə çətinliklər çəkməyə başlayıb. Bu çətinliyin nə qədər davam edəcəyi bilinmir və problemin aradan qalxması üçün müxtəlif çıxış yolları axdarılır. Çıxış yolları tapılmayacağı təqdirdə teatr məkansız qala bilər.

Problemlə bağlı ictimaiyyət, tamaşaçılar, dövlət qurumları da məlumatlandırılıb. Hesab edirik ki, ADO ölkə mədəniyyətində müasir düşüncənin formalaşmasında, modern teatr ənənəsinin yaranması istiqamətində addımlarını davam etdirməlidir. Məkan problemi teatrın hazırda üzərində işlədiyi bir neçə proyektin də ləngiməsinə səbəb ola bilər.

Teatrın rəhbəri Elmin Bədəlov Adalet.aza bunları söyləyib: "ADO Theatre – Collective 6 ildir ki, müxtəlif məkanlarda icarə haqqı ödəyərək müstəqil fəaliyyət göstərir, incəsənətin müxtəlif sahələri ilə məşğuldur. Hazırkı – Mirzəağa Əliyev 245 ünvanı teatrın 6-cı məkanıdır və bu məkanda 2 ildir ki, fəaliyyət göstəririk. Hazırda ADO`nun yaşamağa səbəbləri var..”

Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev sənət adamlarını bu teatra dəstək olmağa səsləyib. O, ADO teatrını əsl sənət nümunəsi hesab edir:

"Mən ADO-nun yaşamasını istəyirəm. Bu teatr yaşamalıdır. Bilirəm ki, teatrın büdcəsi yoxdur. Mən bu teatrı dəstəkləyirəm. Mənim imkanlarım məhdudur. Əgər imkanım olsaydı, ADO-ya kömək edərdim. ADO Azərbaycan cəmiyyətinə çox şey verib. Əsl sənət nümunəsidir”.

Ayaz Salayev qeyd edib ki, ADO Azərbaycan teatrına yaradıcı gənclər gətirir: "Əgər həmin yaradıcı gənclər olmasa, biz doğrudan da itib-batarıq”.

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik isə kinoşünas Ayaz Salayevə əsəbiləşib. Aktyor Ayaz Salayevin ADO teatrının müdafiəsi ilə bağlı dediyi fikirlərlə razılaşmadığını dilə gətirib:

"Budur sənin teatrın? Utan da! Gəncləri hara dəvət edirsən? Bu sənətdir? Cəmiyyəti öz arşınınla ölçmə! İki-üç nəfərin fikri hələ cəmiyyətin fikri deyil! Gedin ağlınıza dua yazdırın!”.