adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

KÜÇƏLƏRDƏN ZİRVƏYƏ...

BABƏK YUSİFOĞLU
47407 | 2013-04-23 10:35
Tanrı görəsən istedad bəxş edəcəyi insanı necə seçir? Bəs o deyim düzdürmü - İlahi vergi əta etdiyi bəndələrindən əvəzində nəyisə alır? Nədən həmin adamlara həyatda hansısa əskikliklər yaşadır? Əgər bu iddia həqiqətdirsə, görəsən onda istedadla mükafatlandırılmış insanlar bu "əvəz"dən məmnun qalırlarmı? Yaxud, daha sakit,  daha adi həyat yaşamaq arzusunda olurlar?..
Belə suallar çoxdur, lakin mən bunların heç birini doğru kimi cavablandıra bilmərəm. Əslində kimsə bu cür hökmdə buluna bilməz də, yalnız Uca Yaradandan savayı. Çünki hər şeyə qadir, hər şeyi bilən yalnız O-dur. Biz qeyri-adi qəribəliklər qarşısnda eləcə dona, heyrətlənə bilərik...
Bəzən zənginlik içərisində olan bir dahi, kimsəsiz qəbiristanlığa basdırılır. Bir sıra hallarda ən yüksək səviyyəli, xüsusi müəllimlərdən dərs alanlar elmdə heç bir mərtəbəyə yüksələ bilmirlər, amma  elələri də olur ki, kitabı, dəftəri olmadığı halda dühalıq zirvəsini fəth edirlər. Küçədə, kimsəsiz böyüyən insanlar da olur ki, dünya onun  istedadının hüzurunda ayağa durur, qarşısında baş əyir...
Həyatın qaranlıq dibindən gələn, amma sonradan şöhrətinin parıltısı hər kəsin gözlərini qamaşdıran elə həmin qızcığaz kimi.  Bilirsinizmi  kimi deyirəm?..
(əvvəli qəzetin 16 aprel sayında)

Günlərin bir günü...
Əslində hər şey sadə bir təsadüfdən başladı. O, Truayon küçəsində oxuyarkən Yelisey istiqamətində yerləşən  "Jernis" kabaresinin sahibi Lui Leplenin diqqətini özünə çəkdi. Belə işlərdən yaxşı anlayan müsyö Leple ayaq saxlayıb zahirən heç də gözəl olmayan bu gənc qızı dinləyərkən hiss etdi ki, onun  səsində qəribə bir məlahət, ifasında kimsəyə bənzəməyən bir cazibə var. Bu talant cilalanardısa gözəl bir sonuc əldə etmək olardı. Əlbəttə, o öz təxminində yanıla da bilərdi. Amma sınayardısa sonucda dəyərli heç nə itirməyəcəkdi. Ona görə də buna təşəbbüs etməliydi. Və o həmin an özü də bilmirdi ki, bu qərarıyla gələcəkdə fransız musiqisinə, ifa sənətinə misilsiz bir müğənni qazandırır.

QEYRİ-ADİ GÜNÜ
XATIRLAYARKƏN...
Editin ömrünə həkk olunacaq həmin gün sonralar xatirətək qələmə alınacaqdı və hər kəs taleyin ona yaşatdığı bu qeyri-adi hadisəyə sevinəcəkdi. İyirmi iki yaşınadək artıq ən müxtəlif acıları, məhrumiyyətləri yaşayan, olduğu çamurun içindən nə vaxtsa qurtulacağını isə ağlının ucundan belə keçməyən gənc qız üçün bu sanki bəmbəyaz bir yuxu idi...
"...Mahnını bitirər-bitirməz yüksək mənsəbli bir şəxsə bənzəyən bir cənabın mənə sarı gəldiyini gördüm. Əslində ona  mahnını oxuyarkən də diqqət eləmişdim. O, qaşlarını çatıb diqqətlə mənə qulaq asırdı.
Bu cənab qarşımda dayananda mən onun nəvaziş və səmimiyyətlə  baxan gözlərindən təsirləndim.
- Nədir, sən dəli olmusan? - deyə o izahatsız-filansız dilləndi. Beləcə səsini zədələyə bilərsən.
Mən cavab vermədim. Yəqin ki, "zədələmək" sözünü anlayırdım, amma bu məni qəti narahat eləmirdi. Çünki başqa, daha vacib qayğılar çox idi. Bu arada o davam etdi:
- Sən doğrudan da axmaqsan... Bunları axı sən anlamalısan...
- Mənə yemək də lazımdı axı...
- Əlbəttə, bala... Amma sən başqa cür də işləyə bilərsən. Belə səsin olduğu halda niyə hər hansı bir kabaredə oxumayasan?
Mən cırıq sviterimə,  miskin yubkama və ayaqlarımın ölçüsünə uyğun olmayan ayaqqabılarıma görə hər hansı bir anqajementə ümid bağlaya bilməyəcəyimi söyləməli olsam da yalnız bu sözlərlə kifayətləndim:
- Ona görə ki, mənim müqaviləm yoxdur. - Sonra kobud və gülüş doğura biləcək şəkildə əlavə etdim. - Əlbəttə, əgər siz onu mənə təklif etsəniz...
- Əgər mən də sənin bu sözlərindən tutmaq istəsəm?..
- Sınayın!.. Görərsiz!..
O istehza ilə gülümsəyib dedi:
- Yaxşı, sınayarıq. Mənim adım Lui Lepledi. "Jernis" kabaresinin sahibiyəm. Bazar ertəsi saat 4-də kabareyə gəl. Orada bütün mahnılarını  oxuyarsan və... biz baxarıq səninlə nə eləmək olar".
Və beləliklə  küçələrdə mahnı oxuyaraq gündəlik çörəkpulusunu qazanan Edit Qassion sonradan onun bütün həyatını dəyişəcək ən qiymətli ilk təklifini  aldı. Amma həmin an o bunların heç birinin fərqində belə deyildi. Hətta görüşə gedəcəyinə qərar belə verməmişdi. Heç həvəsi də yox idi. Amma son anda vədini xatırladı, könülsüz də olsa kabareyə gəldi. Lui Leple onu qarşıladı və Edit kabaredəki pianoçunun müşayiəti ilə bildiyi mahnıları oxumağa girişdi. "Jernis"in sahibi "daha sonra" deyə-deyə qızcığazın repertuarında nəyi varsa dinlədi.

QASSİON
PİAFA ÇEVRİLDİ

Bu müddət ərzində Edit inanmırdı ki, ifasına görə onun bu gözəl kabaredə oxumağına razılıq  verərlər. Amma qarşısındakı adamın göstərdiyi xeyirxahlığın qarşılığını vermək üçün bütün bacarığını sərf edib onun xoşuna gəlmək istəyirdi. "Faust"dan da ifa etməyə çalışdı, lakin Leple ariyaya qulaq asmaqdan vaz keçdi. Yaxınlaşıb şəfqətlə əlini Editin çiyninə qoyub, - "Çox yaxşı, mən inanıram ki, sən şöhrət qazanacaqsan" - dedi. Qız eşitdiyi bu kəlmələrin mahiyyətini tam mənada dərk etməsə də hiss edirdi ki, ömründə bundan böyük ümidverici heç nə eşitməyib.  
O dövrlərdə səhnəyə çıxanların əksəriyyəti populyar səslənən təxəllüslər götürürdülər. Hətta Lui Leple bu haqda da fikirləşdi. Və götür-qordan sonra Editə  "sərçəcik" mənasını verən "Piaf" adını verdi. Elə bu ad ona çox yaraşırdı. Leple bildirdi ki, cümə günü o tamaşaçılar qarşısında debütünü edəcək, Edit Piaf kimi. Və beləcə o, həyəcan, qorxu, ümidlər, ümidsizliklər... içərisində yeni-yani mahnıları oxumaqla müğənniliyə başladı. "Jernis" kabaresinin müştəriləri məhz həmin cümədən başlayaraq yavaş-yavaş dünyanı fəth edəcək həmin səsi dinləməyə  gəlirdilər... "Evsiz qızcığazlar", "Razılıqsız vals", "Özümü kiçik göstərirəm"... kimi mahnılar onun ifasında yeni həyat qazandı. Küçə müğənnisi hər kəsi heyran etməyi bacardı...
Edit Piaf kabaredəki işlərindən narazı ola bilməzdi. Ona görə ki, xoşbəxtlikdən buranın müştərilərinin əksəriyyəti ədəbli, imkanlı, eyni zamanda musiqi diləməyi sevən adamlar idilər. Edit zəhməthaqqı olaraq həftədə 40-50 frank alırdı. Bu onun üçün heç vaxt görmədiyi bir məbləğ idi. Ən nəhayət indi onu yaxını kimi sevən, ona səhnədə özünü aparmağı, səsinə uyğun mahnı  seçməyi, musiqinin müşayiəti ilə oxumağı öyrədən, eləcə  başqa qayğılarını da çəkən Lui Leple kimi himayəçisi  vardı. Yeri gəlmişkən, onu da qeyd edim ki, Luinin xeyirxahlığı, qayğısı Piafı elə təsirləndirmişdi  ki, qız ona "ata" deyə müraciət edirdi.

YENİ  REPERTUAR,  QORXUNC  YUXU  VƏ...

Bir müddət sonra Lui ona başa saldı ki, başqa müğənnilər kimi onun da özünəməxsus daimi repertuarı olmalıdır. Bəstəkar Jak Burjadan mahnı yazmasını  xahiş etdilər və o,  Edit Piaf üçün bir neçə mahnı bəstələdi: "Tarixsiz söz", "Köhnə əşya alverçisi"...  Və Edit çox keçmədi ki, daha çox  tanınmağa,  haqqında danışılmağa başladı.
Nəhayət 1936-cı il 17 fevralda fransız estradasının ulduzları sayılan Moris Şevalye, Mistanqett, Mari Dyuba ilə "Medrano" sirkində böyük konsertdə çıxış etdi. "Radio-Siti" onun ifasını canlı olaraq efirə verəndən sonra isə çoxları  yaranan əks-sədaya inanmaq istəmədi. Tamaşaçıların radioya gələn zənglərinin ardı-arası kəsilmək bilmirdi. Hamı xahiş edirdi: Edit Piafın mahnıları təkrar səsləndirilsin.  Efirdəki bu ilk addımı ona inanılmaz bir uğur gətirdi. Hətta "Radio-Siti" onunla qısa dövrlü bir əməkdaşlıq müqaviləsi də imzaladı.
Həyat sanki  acı, sərt imtahanlarını Editlə başa çatdırmışdı. Lui Leple ilə görüşdən sonra elə bil hər şey tərsinə dönmüşdü, hər şey qaydasına düşməyə başlamışdı. Hətta arzulaya bilmədiyi hadisələr baş verirdi onunla.  Bir neçə gün öncə Lui Leple ona bildirmişdi ki, üç həftədən sonra onları Kann səfəri gözləyir və Edit oradakı böyük xeyriyyə balında çıxış edəck. Əslində Leplenin məqsədi bu böyük tədbirdə öz tapıntısını  daha da çox tanıtdırmaq idi. Amma...
Həmin ərəfədə Leple  Piafla qanqaraldıcı bir söhbət etdi. Əslində o bunu qızcığaza danışmağı planlaşdırmamışdı. Sadəcə tutqun görünməsinin səbəbini təkidlə soruşan Piafa cavab verməli olmuşdu. Sən demə, hər şey onun gördüyü yuxu ilə  bağlıymış.  "Dünən gecə mərhum anam yuxuma girmişdi. O mənə dedi ki, bilirsən, Lui, vaxt çatıb. Hazırlaş. Tezliklə mən sənin ardınca gələcəyəm".

DƏHŞƏTLƏR  YENİDƏN  HƏYATIN  KANDARINDA

Onda Edit Piaf hətta bu söhbətləri zarafata salmağa, xeyirxah himayəçəsinin fikrini yayındırmağa, bütün bunların yalnız  bir yuxu olduğuna inandırmağa çalışmışdı. Çünki heç özü də buna əhəmiyyət verməmişdi. Lakin...
Piaf cəmi bir həftə sonra - aprelin 6-da həmin qorxunc xəbəri aldı. Lui Leple güllə ilə başından vurularaq öldürülmüşdü. Bu onun üçün əsl dəhşət idi... Yoxsa Piaf faciələrin "yadından" çıxmamışdı, ya bunlar təkcə  Leplenin qismətiydi?..
Görünür heç bu da hamısı deyilmiş. qəsdlə bağlı təhqiqat başlamışdı və istintaq Edit Piafı şübhəlilər qismində görürdü. Onları ən çox şübhələndirən Leplenin Piafa müəyyən qədər pul qoyması ilə bağlı vəsiyyətnaməsi idi. Və belə hesab edilirdi ki, məhz buna görə Lui Leple öldürülə bilər. Edit Piaf işığa çatdığını düşünən bir zamanda qaranlıqla üz-üzə gəlmişdi. Özü də illərlə ən dəhşətli ağrı-acılarla vuruşa-vuruşa yaşadıqdan sonra...  İndi o  həbs edilə bilərdi. Bu zərif vücudlu qadın təkcə türmə həyatı yaşaya biləcəyinə, perspektivini itirəcəyinə... görə sarsılmamışdı. Çünki bunlardan da ağır nədənlər vardı. Axı o, "ata"sı kimi qəbul etdiyi, həyatda yeganə dayaq sandığı, ən nəhayət onu çamurun içərisindən çıxarıb əsl həyata qovuşdurduğu bir insanın ölümündə günühkar sayılmasına necə dözəcəkdi?..

(Ardı qəzetin 30 aprel sayında)

TƏQVİM / ARXİV