ÜÇ DƏFƏ ŞÜKÜR EDƏCƏKDİM

ƏBÜLFƏT MƏDƏTOĞLU
81059 | 2013-04-23 10:34
Parlamentin son iclasından sonra jurnalistlərə müsahibə verən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov həmkarlarımıza ATƏT-in Minsk Qrupu ilə bağlı sualını şərh edərkən birmənalı şəkildə vurğuladı ki, "həqiqətən də Minsk Qrupunun fəaliyyəti bizi qane etmir, həmsədrlərin son səfərləri də heç bir yeniliklə yadda qalmadı. Ona görə də cəmiyyətimizdə artıq onların ancaq gəlib-getməklə məşğul olmaları barəsində fikir formalaşmaqdadır".
Doğrudan da artıq uzun illərdi ki, regionu su yoluna çevirən ATƏT-in Minsk Qrupunun həmsədrləri özlərinin uğursuz səfərləri ilə konkret bir nəticə ortaya qoya bilmirlər. Hər gəlişlərində illərlə səsləndirdikləri fikirləri bir balaca əl gəzdirməklə mətbuata təkrar açıqlayan həmsədrlər problemin həlli yolunu tapmaqda aciz olduqlarını artıq real şəkildə nümayiş etdirməyə başlayıblar. Az qala səssiz filmlərdə olduğu kimi, onların hərəkətləri, davranışları adama birmənalı şəkildə az qala qışqıra-qışqıra deyir:
- BİZ BACARMIRIQ! BİZ ERMƏNİLƏRİN DAYISIYIQ, ONLARIN HAVADARIYIQ. ONLARIN İŞĞALÇI OLDUĞUNU BİLSƏK DƏ, ANCAQ BUNU BƏYAN ETMƏYƏCƏYİK. ÇÜNKİ REGİONDA BİZİM MARAQLARIMIZIN TƏMSİLÇİSİ ERMƏNİSTANDIR. BİZ ERMƏNİSTANIN YANINDAYIQ!!!
Bax, bu bəlli gerçəkliyin indi az qala uşağa da aydın olduğu bir vaxtda yenidən ATƏT-in Minsk Qrupu ilə bağlı mövzuya müraciət etməyim sizə qəribə gəlməsin. Belə ki, ABŞ prezidentinin nümayəndəsi, yəni dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə köməkçisinin müavini Tomas Meliya bu günlərdə ölkəmizdə səfərdə oldu. Bütün ölkə mediası, xüsusilə müxalif media köməkçinin müavininin səfərini gen-bol işıqlandırdı. Düzü, mənə qəribə gələn bu oldu ki, bizim media əgər köməkçinin müavininə bu qədər diqqət ayırırsa, deməli köməkçinin özü gələndə qəzetlərimizdə başqa bir mövzu olmayacaq. Ancaq köməkçi mövzusu qəzetlərimizi bəzəyəcək. Nə isə...
Bu başqa bir mövzudu. Ancaq mənim üçün indiki məqamda önəmli olan odur ki, həmin köməkçinin müavini mətbuat konfransında çox açıq bir şəkildə, hətta səsinə bir az da kövrəklik qataraq vurğuladı ki, "ABŞ Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə bağlı vəziyyətdən narahatdır".
Doğrudan da adamın qəlbini ələ alan, hisslərinə toxunan və adama çox doğma gələn bir açıqlamadır. Şəxsən bir qaçqın kimi mən hörmətli Tomas müəllimin bu açıqlamasını eşidəndə ikicə dəfə Allaha şükür elədim. Birincisi ona görə ki, dünya xali deyil, bizim də barəmizdə Tomas müəllim fikirləşir...
İkinci dəfə Allaha ona görə şükür etdim ki, Tomas müəllim Azərbaycanın qaçqın və köçkünlərinin qurbanlıq olduqlarını dilə gətirdi! Bunun özü də çox böyük qiymətdi. O boyda kişi, o boyda ABŞ-ın, o boyda ABŞ-ın dövlət katibinin o boyda köməkçisinin müavini kimi bütün dünyaya bildirdi ki, biz qurbanlığıq. Tay bundan artıq kişi nə desin?! Nə lazımdısa, dedi də!
Amma Tomas müəllim bu çıxışını həmin o qurbanlıq məsələsi ilə bitirsəydi, inanın ki, üçüncü dəfə də Allaha şükür edəcəkdim. Zalım oğlu axırıncı şükrümə imkan vermədi. Gözləmədiyim halda bildirdi ki, "ATƏT Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmasında əsas rolu oynamağa çalışır. Qərar konsensusla qəbul olunmalıdır". Və bunun ardınca Tomas müəllim onu da dedi ki, "ABŞ Minsk prosesinin irəliləməsi üçün maksimum səy göstərir"???
Bəli, bax bu maksimum məsələsi məni üçüncü dəfə şükür etməyimə əngəl törətdi. Ona görə ki, az-çox dəftər-kitab oxumuşam, hətta bir az da internetdən xəbərim var.
Ona görə də tam əminliklə deyə bilərəm ki, ABŞ maksimum məsələsini İraqda, Əfqanıstanda, Misirdə, Liviyada, Suriyada və digər yerlərdə nümayiş etdirib və etdirməkdə də davam etdirir. Bizə gələndə isə onların "maksimum" məsələsi minimum da min dəfə aşağı sürət götürür. Deməli, Tomas müəllimin dediyi maksimumu nəzərə alsaq, onda biz yəqin ki, həmsədrləri  hələ çox qarşılayıb yola salacağıq. Bu bizə lazımdı?!

P.S. Mənə elə gəlir ki, hörmətli vitse-spikerimizin Minsk Qrupu ilə bağlı söylədiyi kəskin mövqe bizə daha gərəklidi.

TƏQVİM / ARXİV